reklam
Regionxeberlericom.az » Gündəm » Ziya Məmmədovla Zakir Qaralov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

reklam

Ziya Məmmədovla Zakir Qaralov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...













Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tərəfdən keyfiyyətsiz yol çəkilişi, bir yandan da iritonnajlı yük maşınları ucbatından Bakı-Rusiya yolu darmadağın vəziyyətdədir. Yada salaq ki, yolun tikintisinə 2008-ci ildən başlanılıb və 2011-ci ildə istifadəyə verilib. O vaxt Nəqliyyat Nazirliyi bu yolun 30 il davamlı olacağı barədə məlumat yaymışdı. Çünki yol əməlli-başlı xərc aparmışdı, 1 milyard 300 milyon manat pul xərclənmişdi. Ancaq heç bir neçə il çəkmədi ki, beton yolda çökmələr, çatlar əmələ gəlməyə başladı.

RegionXəbərləri.com "Yeni-Müsavat"ın Bakı-Quba yolu ilə bağlı hazırladığı yazını təqdim edir:

Bir neçə gün öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yaydı ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yenidən əsaslı təmir-bərpa işlərinə başlanılır. Təmir-bərpa işləri magistral yolun 88-ci kilometrindən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq: “Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq”.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun hər kilometrini təxminən 4,5 milyon manata çəkdiyi və 30 il qarantiya verildiyini iddia etdiyi Bakı-Quba yolu indi tamamilə yararsız hala düşdüyü üçün sökülür və yenidən qurulur. Hazırda vətəndaşların Bakı-Quba istiqamətində hərəkət etməsi çətinləşib. Yolun bir tərəfi tamamilə bağlanıb, digər zolaqda ikitərəfli hərəkət səbəbindən sürücülər qəza riski altında hərəkət edir. Bu yolda hərəkət 2020-ci ildə də təmir-bərpa işləri səbəbindən məhdudlaşdırılmışdı. 30 illiyə tikilmiş həmin yol, bir neçə ilə dağıldı. Niyə bu fakt hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilmədi? Bu məsələdə əsas Ziya Məmmədovu günahkar sayırlar. Başqa kimlər bu məsələdə günahkardır? Bu yolu həm də “Akkord” şirkəti çəkib. Bəs onun məsuliyyət payı nə qədərdir?

Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu belə şərh verdi: “Bu yola qat-qat çox vəsait xərcləndi. Çünki birinci mərhələdə nə qədər vəsait ayrılmışdısa,  ikinci-üçüncü mərhələdə də yolun tikintisinə milyonlar xərcləndi, böyük pullar xərcləndi. Təbii ki, burada sifarişçi Nəqliyyat Nazirliyi idi. İcraçı ”Akkord" və ya başqa şirkətlər olsun, fərqi yoxdur. Hər bir halda hüquq-mühafizə orqanları bu məsələni araşdırmalı idi. Çünki yol təsərrüfatına görə həm dövlətə, həm də vətəndaşlara milyonlarla manat zərər dəyib. Bu çox böyük məbləğlı dəyən bir zərərdir. Bunu nə iləsə kompensasiya etmək mümkün deyil. Bunun maddi və mənəvi tərəflərini hüquq-mühafizə orqanları araşdırmalı idi və çox ciddi tədbir görməli idi. Çox təəssüf ki, hüquqi cəhətdən hələ də heç bir addım atılmayıb. Halbuki biz son dövrlərdə görürük ki, dövlətə zərər vuranlar aşkarlanır, saxlanır, məsuliyyətə cəlb olunur. Onların vurduğu zərər geri ödənilir. Amma bu məsələ ilə bağlı konkret olaraq hər hansı bir tutarlı bir tədbirin görüldüyünün şahidi olmamışam. Ola bilsin, hansısa formatda tədbirlər görülüb, amma cəmiyyət bunu gözləyir".

E.Muradlının fikrincə, bu məsələyə mütləq hüquqi qiymət verilməlidir: “Çünki dövlətə qarşı burada xəyanət var, yalançı vədlər var. Vətəndaşlar bu yol çəkilənədək nə qədər əziyyət çəkiblər. Yol ilk dəfə çəkiləndə onlarla adam qəzalarda öldü. İndi yenə yol birtərəfli bağlanıb və artıq ağır qəzalar başlayıb. Ötən həftə 3 nəfər dünyasını dəyişdi. Yol çəkiləndən sonra da onun qat-qat artığını, maddi və mənəvi zərərini gördük. Ona görə də dövlətə vurduğu zərəri istər ”Akkord" şirkəti, istər Ziya Məmmədov ödəməlidirlər".  

Hüquqşünas Əkrəm Həsənov də fikirlərini bölüşüb: “Azərbaycanda belə bir ənənə var ki, eyni yollar hər il təmir olunur. Həmin dövlət qurumları da bir-birinin işinə irad bildirmirlər. Əgər cinayət işi başlansa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Yolun keyfiyyətsiz inşasına görə mütləq məsuliyyət olmalıdır. Cinayət işinin başlanması ilə bağlı yolu çəkən dövlət orqanının tabe olduğu daha yuxarı qurum məsələ qaldırmalıdır. Ya da Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxlamalı, faktları Baş Prokurorluğa göndərməlidir. Vətəndaşlar özləri də bu prosesə müdaxilə etməli, bu məsələni dövlət orqanları qarşısında qaldırmalıdırlar. Bu cür halların gələcəkdə baş verməməsi üçün elektron dövlət büdcəsi yaradılmalıdır. Dəfələrlə təkliflə çıxış etmişəm ki, Azərbaycana elektron dövlət büdcəsi lazımdır. Elektron dövlət büdcəsi Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi istisna olmaqla, digər bütün dövlət orqanlarının büdcəsi tam şəffaf olmalıdır, internetdə dərc olunmalıdır və aylıq əsaslarla yenilənməlidir. Adi qələm və kağızdan tutmuş, digər bütün alınan malların siyahısı dərc olunmalıdır. Bizim də ictimaiyyət olaraq onlara nəzarət etmək imkanımız olmalıdır. Bu olmadıqca, yollar da keyfiyyətsiz tikiləcək, korrupsiya cinayətlərinin də qarşısının alınması mümkün olmayacaq”.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.

 




Paylaş:


Müəllif : Tarix:
19-05-2022, 10:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər