reklam
Regionxeberlericom.az » Gündəm » İş adamının əsgər oğlu “avtoş”luq edib: “İlhamə Quliyevanın övladı da Nərimanovda...” - POLKOVNİK

reklam

İş adamının əsgər oğlu “avtoş”luq edib: “İlhamə Quliyevanın övladı da Nərimanovda...” - POLKOVNİK


Bakı yollarında avtomobili təhlükəli şəkildə idarə edən, avtoxuliqanlıq hərəkətlərinə yol verən və bütün bunları videoya çəkərək sosial şəbəkələrdə paylaşan sürücü barəsində müvafiq tədbir görülüb.

Məlum olub ki, bu əməlləri törədən Məlikov Əziz Soltanpaşa oğludur. Üstəlik, onun atası tanınmış iş adamıdır. Ən çox diqqət çəkən odur ki, Əziz Məlikov hazırda əsgərlikdə olmamasına baxmayaraq, adı hərbi xidmətdə gedir. Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb.

Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən olub və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə hərbi qulluqdadır. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. O, hazırda hərbi xidmətdə olduğu üçün iş hərbi məhkəməyə göndərilib.

Bu xəbərin ardından sosial şəbəkə istifadəçilər iddia ediblər ki, imkanlı şəxslərin oğullarının adı hərbi xidmətdə yazılsa da, əslində evlərində olurlar. Dia.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bununla bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, belə məsələlərin kökünü kəsmək üçün kimliyindən asılı olmayaraq cinayəti törədənlər ən sərt şəkildə cəzalandırılmalıdır:

“Faktiki olaraq, bu, cinayət əməlidir. Bu cinayət əməlini törədən və ona şərait yaradanlarla bağlı araşdırma aparmaq, sona qədər getmək lazımdır. Bu məsələdə kimin günahı varsa, məsuliyyətə cəlb olunmalıdır. Ümumiyyətlə, ona kim ixtiyar verib ki, adı hərbi xidmətdə ola-ola burada belə hərəkətlərə yol versin? Xatırlayıram ki, uzun illər bundan əvvəl mərhum sənətkar İlhamə Quliyevanın övladı da Bakının Nəriman Nərimanov rayonu ərazisində belə bir hadisə törətmişdi. Lakin ondan sonra çox sərt addımlar atıldı. İndi yenidən belə qanun pozuntularına yol verilirsə, bunun bədəli də çox ağır olmalıdır. Təbii ki, bunun baş verməsi çox pis haldır. Adı hərbi xidmətdə olan birinin mülki həyatına davam etməsi yolverilməzdir və buna qarşı ən sərt tədbirlər görülməlidir”.

Ekspert belə halların əvvəllər daha çox olduğunu diqqətə çatdırıb:

“Əvvəlki illərdə ezamiyyat və yaxud döyüş bölgəsində olmaq adı ilə belə cəhdlərə çalışanlar olurdu. Yəni çox olmasa da, belə hallara rast gəlinirdi. Artıq əvvəlki illərlə müqayisədə belə halların sıfıra endiyini demək olar. İndi tək-tük hallar varsa da, buna yol verənlər qanun qarşısında cavab verməlidirlər. Əlbəttə ki, belə halın baş verməsi cəmiyyətdə narazılığa səbəb olur. Deməli, hələ də bəzi adamlar öz köhnə, çirkin əməllərinə davam edirlər. Heç kim qanundan üstün ola bilməz. Ümumiyyətlə, kimsə hərbi xidmətdən yayınırsa, onun əvəzinə bir başqası ikiqat yük altına girir. Eyni zamanda, hərbi xidmətdən yayınan adam onunla eyni statusu daşıyan əsgər yoldaşlarına da xəyanət etmiş olur və bu xəyanəti də heç bir halda bağışlamaq olmaz. Ona görə də bu məsələyə çox mənfi yanaşıram. Həmçinin, bu məsələnin sona qədər araşdırılmasını və günahkarların cəzalandırılmasını həm xahiş, həm də tələb edirəm”.




Paylaş:


Müəllif : Tarix:
24-05-2022, 17:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər