reklam
Regionxeberlericom.az » Gündəm » `GÖYLƏR KRALI`NIN YERDƏKİ HÖKMRANLIĞI... - Yer üzü... Göy üzü... HƏPSİ MƏNİMDİR!

reklam

`GÖYLƏR KRALI`NIN YERDƏKİ HÖKMRANLIĞI... - Yer üzü... Göy üzü... HƏPSİ MƏNİMDİR!


















Azərbaycan folklor irsində “Əjdaha” və “Ərəbzəngi” kimi məşhur və doğma obrazlar var. Bilmirəm, indiki nəsil xatırlayar, ya yox, amma 35-40-yaşdan yuxarı nəsil "Bir qalanın sirri" filmində təsvir olunan, suyun qarşısını kəsən əjdaha ilə Azərbaycan folkor irsinin mifik şüuraltısını formalaşdıran unudulmaz "Şah İsmayıl" dastanının personajı olan Ərəbzəngini xatırlamamış olmaz. Hansı ki, dastanda qadın obrazından söhbət gedir və Əjdahadan fərqli olaraq Ərəbzəngiyə xas xarakterik xüsusiyyət - yol kəsmək, bac-xərac qarşılığında gedilən yolu davam etdirməyə izn verməkdir.

Əjdaha ilə Ərəbzəngini xatırlatmağım təsadüfi deyil. Çünki bu məsələ dövrümüzdə daha aktualdır və ölkəmizdə kifayət qədər "Balaca padşahlar" - "Dəli Nəzərəm, belə gəzərəm", yaxud "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə fəaliyyət göstərən, bu prinsipi yaşam fəlsəfəsi halına gətirən "yolkəsənlər" mövcuddur. Söhbətimizin bu günki mövzusu bu qəbildən olan "varlıqlar"dan biri, hətta ən məşhuru, faktiki olaraq bu iki mifik obrazla günümüzlə səsləşən personaj, ölkəmizin neqativ qəhramanlarından olan Cahangir Əsgərovdur. Məhz Cahangir Əsgərovla bulağın başını kəsib insanlara su verməyən əjdaha, yaxud xərac qarşılığında yolu keçməyə icazə verən Ərəbzəngi arasında analogiya aparmaq olar. Sadəcə o zamankı Ərəbzənginin fəaliyyət sahəsi ilə günümüzün “Ərəbzəngi”sinin fəaliyyət məkanı arasında fərq var. O zamankı Ərəbzəngi quru yollarında ağalıq edirdisə, indiki ərəbzəngi -Cahangir Əsgərov hava məkanını tənzimləyir. Belə desək, havada "yad quş uçurtmur". Yalnız AZAL-ın “quşları” Azərbaycan hava məkanında “at oynadır”. Bu baxımdan da, bizim müasirimiz olan Cahangir Əsgərov məhz hava məkanının əjdahasıdır.

Xatırladaq ki, Cahangir Əsgərov 1996-cı ildə Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilib. Elə o gündən də bu qurumun və hava yolu ilə səfər edən vətəndaşların günü qara gəlib. Əsgərov ölkənin bütün sahələrində olduğu kimi, bu sahənin məlum qurumun monopoliyasında qalmasında iradə ortaya qoyaraq, Azərbaycan bazarına xarici şirkətləri buraxmır. Eyni zamanda bazarda avtomatik olaraq rəqabət mühiti yarana bilmədiyi üçün təyyarə biletlərinin də qiymətini AZAL diqtə edir və bu diqtə qiymətlərin fantastik məbləğdə baha olmasına gətirib çıxarıb. Necə deyərlər, Azərbaycanda təyyarə biletlərinin qiyməti "ceyran belinə" qalxıb.

İlk baxışdan belə düşünmək olar ki, xarici aviaşirkətləri ölkə bazarına buraxmamaqla AZAL dövlət büdcəsinə fantastik məbləğdə gəlir qazandırmaq niyyətindədir. Amma AZAL-ın illərdir dövlət büdcəsindən ayrılan dotasiya ilə dolanması, gəlirlə işləməyi bir yana qalsın, "borc içində boğulması" bu təsəvvürün yanlış olduğunu ortaya qoyur. Dövlət şirkətlərinin içində mənfəətsizlik baxımından "ən zəlil gündə" olanı AZAL-dır. Digər tərəfdən, baha qiymətə olsa belə, biletlərin rahat əldə olunması təmin olunsaydı, yenə dərd yarı idi. Bu məqamda sizə şəxsən özümüzün şahid olduğumuz hadisəni misal çəkmək yerinə düşər. Son 3-4 günün söhbətidir. Yaxın qohumumuz toy məclisində iştirak etmək üçün Bakı-Tiflis reysi ilə və əlbəttə ki, AZAL-a məxsus təyyarəyə bilet əldə edərək Gürcüstana getmişdi. Bir neçə gündən sonra Bakıya geri qayıtmaq istədiyini, lakin bunun mümkün olmadığını açıqladı. Aviabiletlərin satışı ilə məşğul şirkətlə əlaqə saxladıqda məlum oldu ki, ən yaxşı halda 15-20 gün sonraya bilet tapmaq mümkündür. Belə ki, aviakassir ilk öncə bizi təəccübləndirərək Tilflis-Bakı reysi üzrə 80 AZN-ə bilet olduğunu, lakin biz ödəniş edənədək - təxminən 5 dəqiqə sonra biletin satıldığını, həmçinin belə ucuz biletlərin elə "loukoster" tipli "Buta ayrveys"in öz işçiləri tərəfindən alındığını bildirdi. Bir müddət sonra aviakassir daha uzun müddətə ayın 19-na 235 AZN dəyərində bilet olduğunu açıqladı. Dedi ki, biletlər məhdud saydadır, az sonra bitəcək, tez almağınız məsləhətdir. Üstəlik, onu da vurğuladı ki, indiki halda Bakı-Tiflis reysinin uçuş tarixində 675 manata yüksəldiyini də nəzərə alsaq, 235 manat heç də baha qiymət deyil…

Göründüyü kimi, AZAL nəinki bazara xarici şirkətləri buraxmır, bu sahədə qiymətlərin ucuzlaşmasına, mühitin liberallaşdırılmasına imkan vermir, üstəlik, ucuz qiymətə satdığı biletləri də başqa alıcılar əldə etməsin deyə "tez özü qapır". Bu arada "Bəyin oğurlanması" filmindən bir fraqment yada düşür. Rəhmətlik Yaşar Nurinin oynadığı rolda rəqqasə qızın "İsrafil əmi, o düzdür ki, sizin dükana monqol dublyonkası gətirmişdilər" sualına İsrafilin "Gətirmişdilər, monqol turistləri də alıb apardılar" cavabını xatırlatmaq lap yerinə düşər. Yəqin "80 AZN-lik biletlərin aqibəti" haqda suala Ərəbzəngi Cahangir də oxşar cavabı verərdi: "AZAL-ın-BUTA AIRWAYS-in biletlərini elə BUTA-nın işçiləri qapdılar". Burada İsrafilin dükanından fərqli olan odur ki, bu hal real yaşanmaqdadır.

Digər tərəfdən, AZAL qiymətləri "ceyran belinə qaldırmaqla" səyahətçiləri kasıb və varlıya bölməkdədir. Belə də demək olar -imtiyazlı və imtiyazsız təbəqə. Başqa sözlə, 26 il ərzində AZAL-la diffuziyaya girmiş, iliklərinə qədər bu şirkəti qanına hopdurmuş, özünü ondan ayrı təsəvvür etməyən Cahangir-AZAL sintezi reysləri bahalaşdırmaqla, inhisarçılıqla demək istəyir ki, qaxılın oturun xarabanızda, başqa ölkələrə, əsas da daha kasıb təbəqənin turzim cənnətii olan Gürcüstana gedib-eləməyin. Pulun varsa başqa ölkəyə səyahətə gedə bilərsən, ölkədən addımını kənara qoya bilərsən, pulun yoxdursa sərhəddən kənara addım da ata bilməzsən. Başqa sözlə, “Ərəbzəngi Cahangir” sözün həqiqi mənasında Azərbaycanı çevirib hava həbsxanasına...

Belə olan halda insanların böyük çoxluğuna ölkədən kənara hava yolu ilə səfər baha başa gəldiyinə görə, əlac qalır ancaq quru yollarının açılmasına. Yəni vəziyyət bunu zəruri edir. "BARANAVİRUS" pandemiyası ilə zərurətə çevrilən quru yollarının bağlanması nəticəsində insanlar hava yolları səfərinə daha çox müraciət etməyə vadar edilsə də, bir çox ölkələr çoxdan quru sərhədlərini açdılar, yalnız Azərbaycandan başqa. Bu problemi işıqlandırarkən niyə məhz Gürcüstanı gündəmə gəitrmək zəruridir. Məlumunuz olduğu kimi, Gürcüstanda 600 minə yaxın soydaşımız yaşayır. Onsuz da millətimiz bölünmüş haldadır. Ümumilikdə soydaşlarımızın əsas hissəsi Güney Azərbaycanda olmaqla, digərləri keçmiş post-sovet məkanına səpələniblər ki, onların böyük əksəriyyəti Gürcüstan vətəndaşıdır. Azərbaycandakı əslən Gürcüstan vətəndaşları olan soydaşlarımızın böyük əksəriyyətinin yaxınları, ailə üzvləri Borçalıdadır. Gürcüstanda valideynləri, qohum-əqrabası yaşayan insanlarımız el-obasının xeyir işlərində və yas mərasimlərində iştirak etmək üçün məcburən vətəndaşı olduqları ölkəyə getməli olurlar ki, bu addım da milli adət-ənənəmiz, dəyərimizdən irəi gəlir. Hansı ki, bu günlərdə ölkə prezidenti İlham Əliyev də çıxışında ənənəvi-milli dəyərlərdən bəhs edərkən onlara sadiq qalmalı olduğumuzu söylədi. Amma hökumət rəhbərliyinin, ən əsası da AZAL-ın "qəddar anti-milli" ticari siyasəti toplumumuzun fərdlərinin bir-biri ilə qohumluq münasibətlərini diri saxlamasına yox, onların qopmasına xidmət edir. İndi buna nə ad verək?!

Bundan başqa, kimsəyə sir deyil ki, Azərbaycandakı əksər nəhəng şirkətlərin Gürcüstanda fəaliyyət göstərən bir sıra törəmə şirkətləri çalışır. Bir çox vətəndaşlarımız var ki, həmin Azərbaycan şirkətləri ilə əlaqədardır. Onlar Azərbaycanla Gürcüstan arasında gediş-gəliş etməli olurlar. AZAL-ın antimilli ticari qərarı həmin insanlara da neqativ təsir göstərir. Son həftələrdə Rusiya da Gürcüstanla quru sərhədlərini açdı, amma bütün ölkələrin quru yolla səfər şərtlərini yumşaltması yalnız Azərbaycana şamil edilmədi. Səbəb odur ki, ölkədə qeyri-effektiv idarəçiliyin, "kiçik padşahlar"ın vətəndaşların vətəndaş hüquq və azadlıqlarını nəzərə almadan at oynatması idarəçilik tərzinin əsas meyarına çevrilib.

Başqa bir nüans. Ölkədə turzimin inkişaf etdirilməli olduğundan ağızdolusu danışılır. Məlumdur ki, turizmin vüsət almasının ilkin addımı ölkəyə gəlişdir ki, bu da aviabiletlərin ucuz olmasını labüd edir. Məsələn, Cənubi Qafqazda bu sahədə Gürcüstan ilk yerdədir. 2021-ci il ərzində Gürcüstanı ziyarət edən turist sayı 1,9 milyon olub. Pandemiyaya qədər isə bu rəqəm 2019-cu ildə 9.3 milyon, bu sahədən gələn gəlir 3,3 milyard dollar idi. Eynilə, Gürcüstan bazarında 40 aviakompaniya çalışır və dünyanın 73 ölkəsindən reyslər həyata keçirilir. Ermənistanda isə "Armenia Airways", "Aircompany Armenia", "FlyOne Armenia", "Fly Arna", "Novair", "Sky Net Airlines", "SkyWay Armenia", "Hayways", "Aeroflot", "S7 Airlines", "Fly Dubai", "Qatar Airways", "Ural Airlines", "Alliance Airlines", "Air France", "Arat-avia", "Air Arabia Hayastan" kimi aviaşirkətlər fəaliyyət göstərir. Bunlardan başqa, Ermənistanda turizm mövsümünün açılışı ilə əlaqədar olaraq mülki sərnişin daşımaçılığını inkişaf etdirmək üçün çalışmalar aparılır. Hətta bu məqsədlə "Armenia Helicopters LLC" adlı qurum da fəaliyyət göstərir.

Sadalananlardan belə nəticə hasil olur ki, Azərbaycan vətəndaşının taleyi oğru ruhlu, tamahkar məmur acgözlüyünün qurbanına çevrilməkdir. Belə getsə SSRİ ilə Almaniya arasında 1941-45-ci il savaşından illər sonra inkişafda uçurum yarandığı kimi, Ermənistanla bizim aramızda da inkişafda uçurum yaranacaq, məhz indiki durumun əksinə olaraq. Səbəb isə oğru ruhlu məmur tamahı, acgözlüyüdür.

Təəssüf ki, “Ərəbzəngi Cahangir”in və onun söykəndiyi himayədarlarının vətəndaşların başına açdığı oyuna "dur" deyən yoxdur. Təbii resurslarına görə Azərbaycandan qat-qat kasıb olan Gürcüstanın, həmçinin 44 günlük müharibədə özünün və himayədarlarının "kürəyini yerə vurduğumuz" Ermənistanla müqayisədə bizim durumumuz heç içaçıcı deyil. Belə görünür ki, Anadolu türklərinin təbirincə desək, dövlət olaraq "7 düvelin üstümüzə gəldiyi" 44 günlük savaşda Ermənistan və himayədarlarına qalib gəldik, amma sərnişinlərin dərisini-pulunu soymaqda uzun illərin təcrübəsinə malik, bu işdə mahir olan Cahangir və himayədarlarına qalib gələ bilmirik.

O da anlaşılandır ki, Azərbaycan İran və Rusiya ilə münasibətlərdə belə həssas siyasət yürüdür və bəzi qaydaları tapdamağa məcburdur. Burada həmin ölkələrdən bizə qarşı törədilə biləcək qəfil təxribatlardan söhbət gedə bilər. Bu səbəbdən, hər iki ölkəylə quru sərhədlərinin açılmaması haradasa başadüşüləndir. Amma eyni davranış tərzini Gürcüstan bizə sərgiləyə bilməz, çünki o ilk növbədə fiziki baxımdan bunu etmək iqtidarında deyil. Azərbaycan imkanlarına görə Gürcüstandan güclüdür. Bunu 44 günlük müharibədə İran, Rusiya və Gürcüstanın bizə münasibətində də gördük. Elə isə gürcüstanlı soydaşlarımıza bu qərəzli münasibəti nəylə izah etmək olar? Buna Cahangir Əsgərov necə haqq qazandıra bilər?

P.S. Əlbəttə, quru sərhədlərin açılmasında əsas məsuliyyət Nazirlər Kabinetinin üzərinə düşür. Amma kimsəyə sirr deyil ki, bu gün Azərbaycanda baş nazir öz vəzifəsini formal olaraq icra edir, Cahangir Əsgərov kimi oliqarxlar onun istənilən qərarını dəyişmək gücündədir. O ki qaldı C.Əsgərovun bu gücü hardan almasında, şübhəsiz, bu sualın cavabı cəmiyyətdə çoxlarına bəllidir… //hurriyyet.az//




Paylaş:


Müəllif : Tarix:
8-06-2022, 11:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər