reklam
Regionxeberlericom.az » Gündəm » Yoxa çıxır, sonra bahalaşır: Şəkər tozunun qiyməti ətrafında oyunbazlıq - Dövlət HARA BAXIR?

reklam

Yoxa çıxır, sonra bahalaşır: Şəkər tozunun qiyməti ətrafında oyunbazlıq - Dövlət HARA BAXIR?


Bakıda ərzaq mağazalarında şəkər tozunun tapılmadığı, bəzilərində isə qiymətinin yenidən bahalaşdığına dair məlumatlar yayılıb. Sosial platformada da ərzaq mağazalarında şəkər tozunun olmadığı, bahalaşmaya görə satışının dayandırıldığı barədə paylaşımlara rast gəlinir.

Binəqədi qəsəbə sakini Nəzakət Muradova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki gün öncə şəkər tozu almaq üçün bir neçə mağazaya getməli olub. Onun sözlərinə görə, qəsəbədə üç mağazadan yalnız birində şəkər tozu satılırmış. Digərləri qiymətin bahalaşacağı səbəbindən topdan satışda şəkər tozunun satışının dayandırıldığını söyləyiblər.

Sputnik Azərbaycan paytaxt mağazalarında şəkər tozunun satışı ilə bağlı vəziyyəti araşdırıb.

Öncə yolumuzu Bayıl qəsəbəsində yerləşən "Oba" marketdən salırıq. Bu marketdə satışda bir neçə adda şəkər tozu satılır. Satıcı bildirdi ki, hələ ki, şəkər tozunun topdan satışında problem yaranmayıb: "Bəzi mağazalarda iki gün öncə şəkər tozu tapılmadığından, ərazidə yaşayan sakinlər bizim mağazamızdan gəlib alırdı. Amma artıq deyəsən problem aradan qalxıb".

Satıcının dediyinə görə, İmişli Şəkər Zavodunun istehsal etdiyi şəkər tozunun qiyməti ötən ayın 20-dən 10 qəpik bahalaşıb. Ondan sonra hələ ki, qiymət artımı baş verməyib: "Şəkər tozunun bir kiloqramı ötən ayın əvvəlində 1 manat 40 qəpik idisə, hazırda 1 manat 50 qəpikdir".

Mağazada şəkər tozunun qiymətinin bahalaşmadığını bildirsələr də, satışda qablaşdırılmış şəkər tozlarının 700 qramı 1 manat 70 qəpiyə təklif olunurdu. Satıcı bildirdi ki, həmin şəkər tozları müxtəlif şirkətlər tərəfindən qablaşdırıldığından, qiyməti də onlar təyin edir.

"Araz" supermarketdə də şəkər tozu satışında qıtlıq müşahidə olunmur. Satıcı hazırda İmişli Şəkər Zavodunun istehsalı olan şəkər tozunun ötən ayla müqayisədə 10 qəpik baha satıldığını, qiymətdə yenidən artım olmadığını söylədi. Lakin etiraf etdi ki, qablaşdırılmış şəkər tozlarının qiymətində artım var. "Riçmond" şəkər tozunun 800 qramının qiyməti 1 manat 65 qəpikdir. "Qidam" 800 qramlıq şəkər tozu 1 manat 69 qəpikdir.

Satışda Ukrayna istehsalı olan şəkər tozlarının qiymətində isə bahalaşma var. 1 kiloqramlıq Ukrayna istehsalı olan "Maestro" şəkər tozu hazırda satışda 2 manat 29 qəpiyə təklif olunur. 5 kiloqramlıq "Maestro" şəkər tozu 9 manat 19 qəpiyə satılır. Satıcı iri çəkidə şəkər tozunun bahalaşdığını bildirib.

Kiçik ərzaq mağazalarında isə şəkər tozunun qiymətində nəzərəçarpacaq artım var. Ölkə istehsalı olan şəkər tozunun qiyməti Yasamal ərazisində yerləşən marketlərdə 1 manat 70 qəpik olub. Satıcı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda çəki ilə satılan şəkər tozuna tələbat artıb. Bu isə bəzi mağazalarda şəkər tozu qıtlığı yaradıb:

"Bizə yaxın günlərdə şəkər tozunun qiymətinin bahalaşaraq 2 manat olacağını bildiriblər. Hələ ki, qiymət 1 manat 70 qəpikdir. Amma meyvə mövsümünə görə şəkər tozunu 10-20 kilo alırlar. Hamı qışa tədarük üçün mürəbbə bişirir. Şəkər tozu demək olar ki, gələn kimi bir günə satılıb qurtarır. Ona görə avqusta qədər yenidən bahalaşacağını deyiblər".

Satıcı ilə söhbət zamanı öyrəndik ki, 50 kiloqramlıq şəkər tozunun bir kisəsi hazırda mağazada 85 manatdır.

Xatırladaq ki, Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti ötən ayın 20-də 75 manatadək bahalaşmışdı. Həmin vaxtadək isə şəkər tozunun 50 kiloqramlıq bir kisəsi 67 manata satılırdı.

Yanvar-may aylarında Azərbaycana 14,4 min ton şəkər tozu ixrac edilib. İxrac edilən şəkər tozunun dəyəri 9,2 milyon dollar olub.

2021-ci ilin müvafiq dövründə dəyəri 16,2 milyon dollar olmaqla 31,6 min ton şəkər tozu ixrac edilib.

Dünyada şəkər tozunun qiymət aprel ayına nisbətən 1,1 faiz azalsa da, illik əsasda 12,6 faiz artıb.

Mart ayında "Azərsun Holdinq" MMC mətbuatda ölkədə şəkər tozu qıtlığının yaranması barədə məlumatlara münasibət bildirmişdi.

Şirkətlər qrupu bəyan edib ki, regionun ən böyük şəkər istehsalı müəssisəsi olan İmişli Şəkər Zavodu ("Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC) tam gücü ilə fəaliyyətini davam etdirir.

"Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq", - deyə Holdinq bəyan edib.




Paylaş:


Müəllif : Tarix:
8-07-2022, 11:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər