reklam
Regionxeberlericom.az » Gündəm » "Bütün ümidlərimi ünvanlı sosial yardıma bağlamışdım..." - Prokurorluğa müraciət olundu

reklam

"Bütün ümidlərimi ünvanlı sosial yardıma bağlamışdım..." - Prokurorluğa müraciət olundu








“Ünvanlı sosial yardım təyin olunandan sonra zəng vurub dedilər, iki ayın pulunu gətir bu başdan ver, biz də rəhbərliyə çatdırmalıyıq. Dedim, yarımçıq sənəd göndərmisiz, 50 manat almısınız, sonradan əlavə tələb olunan sənədləri özüm göndərmişəm. Mən hələ sosial yardım köçməsi üçün kartı avqustun 11-dən sonra alacam, üstəlik də, bu yardımı dövlət təyin edir, iki aylığını sizə niyə bağışlamalıyam? İki gün sonra nə etdilərsə, ünvanlı sosial yardım ləğv olundu”.

Bunu Meydan TV-yə Şəmkir sakini Qorxmaz Məmmədov deyir. Onun sözlərinə görə, bir müddət əvvəl ünvanlı sosial yardım təyin olunması üçün rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib. Mərkəzdən ona ünvanlı sosial yardıma görə müraciət üçün tələb olunan sənədlərin siyahısı verilib. Qorxmaz Məmmədov da sənədləri toplayaraq yenidən mərkəzə üz tutub. Deyir, bu dəfə mərkəzin işçiləri onu yaxınlıqdakı bir ofisə yönləndiriblər. Ofisdə əyləşən Sədrəddin Abbasovla Vüsal Abbasov (ata-oğul) sənədləri elektron qaydada nazirliyə göndəriblər. Xidmət haqqı olaraq ondan 50 manat alıblar. Qorxmaz Məmmədov 14 iş günü gözləyəndən sonra nəticəni öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”inə zəng edib. Ona bildirilib ki, sənədləri yoxlanılır:

“Daha bir neçə gün keçdi, Bakıdan – nazirlikdən gəldilər. Evə baxdılar, yaşayışımla maraqlandılar, digər əmlaklarımın, torpaq sahəmin olub-olmamasıyla bağlı əlavə sənədləri toplayıb göndərməyi tapşırıb getdilər. Mən də tələb olunan arayışları alıb Bakıya göndərdim. Daha bir neçə gün keçdikdən sonra telefonuma mesaj gəldi ki, mənə 1 il müddətinə, aylıq 492 manat olmaqla ünvanlı sosial yardım təyin edilib”.

Ancaq Qorxmaz Məmmədovum sevinci uzun sürməyib. Deməsinə görə, bu xəbəri alandan 3 gün sonra Abbasovlar ona zəng vuraraq əvvəlcə gözaydınlığı veriblər, sonrasa tələb ediblər ki, təyin olunmuş ünvanlı sosial yardımın iki aylıq ödənişini bu başdan onlara çatdırsın:

“Dedilər, bilirsən ki, bu yardım elə-belə təyin olunmur. İki aylığını şirinlik kimi verməlisən ki, aparaq, rəhbərliyə çatdıraq. Daha o rəhbərlik kimdir, onu bilmədim. Dedim, mən hələ o yardımı avqustdan alacam, kart mənə avqustun 11-dən sonra veriləcək. Üstəlik də, dövlətin təyin etdiyi yardımın yarısını sizə niyə verməliyəm? Sənəd göndərmisiniz, buna görə də 50 manat xidmət haqqı almısınız. Dedi, bizə çatmır, rəhbərliyə çatır. Konkret dedim ki, vermirəm. Dedilər, vermirsənsə, yardım da görməyəcəksən”.

Qorxmaz Məmmədovun sözlərinə görə, bir neçə gün sonra yaşadığı ünvana yenə iki nəfər gəlib:

“Dedilər, Bakıdan gəlmişik, ev şəraitinlə tanış olmalıyıq, akt yazmalıyıq. Dedim, ötən ay gəldilər, getdilər, yardım da təyin olundu. Onlardan biri harasa zəng vurdu, dedi, əgər bu ünvan yoxlanılıbsa, bizi bura təkrar niyə yollayıblar? Bu adam nə dedilər, nə demədilərsə, danışığını bitirəndən sonra mənə dedi ki, ağsaqqal, sənin yardımın ləğv olunub. Dedim, necə yəni ləğv olunub? Dedi, bəli, sən sonradan ərizəylə nazirliyə təkrar müraciət etmisən ki, gəlirlərim artıb, ünvanlı sosial yardıma ehtiyacım yoxdur, nazirlik də ərizənə əsasən yardımı ləğv edib”.

Qorxmaz Məmmədovun sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”inə zəng vurub. Oradan da eyni sözü eşidib:

“Məndən soruşdular ki, sənədləri hardan, necə göndərmisən? Dedim, rayonda bir ofisdən elektron qaydada göndəriblər. Dedilər, günah özündədir, gərək o işi özün görəydin. Belə anladım ki, sənədlərimi elektron qaydada göndərən şəxs sonradan mənim adımdan ərizə göndərib, ləğv etdirib”.

Meydan TV müxbiri ünvanlı sosial yardım üçün Qorxmaz Məmmədovun sənədlərini elektron qaydada nazirliyə göndərmiş Vüsal Abbasovla danışıb. Vüsal Abbasov bildirib ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyətiylə məşğul olur. Bu fəaliyyətisə müraciət edən vətəndaşların müxtəlif qurumlara elektron sənədlərin göndərməsindən ibarətdir:

“O adamdan 20 manat xidməthaqqı almışıq. Dedikləri də şər-böhtandır. Əgər onun ünvanlı sosial yardımı ləğv edilibsə, buna görə bizim nə günahımız var? Getsin, aidiyyəti üzrə qurumla aydınlaşdırsın. Ondan xidməthaqqıdan başqa pul istəməmişik”.

Qorxmaz Məmmədov başına gələnlərlə bağlı rayon prokurorluğuna şikayət ərizəsiylə müraciət edib:

“İlyarım idi ki, ünvanlı sosial yardımın təyin olunması üçün çabalayırdım. Özüm ağciyər xəstəliyindən, azyaşlı balam ağır skarliozdan əziyyət çəkir, belində mil daşıyır, indi də boynunda sürətlə əyilmə gedir. Onu Bakıya aparıb təkrar əməliyyat etdirməliyəm. Bütün ümidlərimi ünvanlı sosial yardıma bağlamışdım. Bu da mənə vurduqları zərbə… Mən bu işi belə qoymayacağam, bu, görünməyən özbaşınalıqdır”, – o, Meydan TV-yə deyib.

Meydan TV müxbiri Şəmkir rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəziylə də danışmağa cəhd edib, ancaq qurumdan heç bir cavab ala bilməyib. //Meydan TV//




Paylaş:


Müəllif : Tarix:
28-07-2022, 08:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər