reklam
Regionxeberlericom.az » Gündəm » “Həbslər “kassa”dan yan keçmiş oğurluq vəsaitlərin zəruri ünvana çatması üçündür”

reklam

“Həbslər “kassa”dan yan keçmiş oğurluq vəsaitlərin zəruri ünvana çatması üçündür”


“Dünənki günün az qala baş xəbəri “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun DTX tərəfindən həbs edilməsi oldu. Bəzi media resursları onun fəaliyyəti haqda informasiyaları sanki sensasiya kimi təqdim edirlər, halbuki bu haqda illərlə yazılıb, deyilib”.
Bunu Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Ümumiyyətlə, gömrük sistemində mövcud olan (Diqqət: olmuş yox!) maliyyə fırıldaqları öz miqyasına və yaradıcı metodologiyasına görə hətta ölkəni hörümçək toru kimi bürümüş total korrupsiya sisteminin özünə də meydan oxuya bilər.
Bu haqda çox yazılıb, minlərlə sahibkar onların iyrənc əməlləri barədə danışıb, ona görə də detallara varmaq istəmirəm. Amma üç məqamı bölüşməyi zəruri hesab edirəm. Birinci odur ki, Azərbaycandakı korrupsiya ierarxiyası öncə məhz gömrükdə testdən keçdikdən sonra ölkə miqyasında tətbiq olunub.
İkinci məqam yüz milyonlarla sərvətə sahib olmuş Əbülfəz Məlikovun həyat yolu ilə bağlıdır: “Adam” Bakı vağzalında siqaret satışı ilə başlayaraq sonda, bəlkə də milyarder olub və bu, ancaq Azərbaycanda mümkün ola bilərdi.
Nə siqaret satmaqda, nə də bundan başlayıb milyonçu, hətta milyarder olmaqda heç bir qəbahət yoxdur. Əksinə, bunu bacaran insanlar ancaq alqışlanmalıdır. Azərbaycanda isə milyonlar və milyardlar qazanmaq üçün sistemə daxil ola və onun qaydaları ilə davrana bilmək kifayət edir.
Yəni, hansısa biznes qabiliyyətinə malik olmaq əsla şərt deyil. Oğurluğu, fırıldaqları, dələduzluğu bacarmaq yetər ki, sistemin elementinə çevrilib böyük sərvətlərə çıxış imkanları əldə edəsən. Bəli, bu mənada Azərbaycan böyük imkanlar ölkəsidir: dələduzlar, oğrular, fırıldaqçılar, quldurlar və bu qəbildən olan digər zir-zibil üçün.
Amma faciə təkcə (yalnız) belələrinin uğur qazanmasında deyil, əsl faciə onların cinayətkar fəaliyyəti sayəsində minlərlə qabiliyyətli iş adamının müflis edilməsi, çökdürülməsi, talanması, ölkədən qaçırılması və bütün bunların nəticəsində ölkənin bugünkü duruma düşməsidir.
Üçüncü məqam: bu gün gömrük komitəsində aparılan həbslər vəziyyəti dəyişə biləcəkmi? Xeyr, əlbəttə. Əksinə, daha da pis olacaq. Ona görə ki, bütün bu olaylar (oyunlar) heç də vəziyyəti dəyişmək üçün deyil, illər boyu “kassa”dan yan keçmiş oğurluq vəsaitlərin zəruri ünvana çatması üçündür.
Bunun çox əyani nümunələri də var. Məsələn, Mahmudovun MTN çətəsi ifşa olunanda onların iştirakı ilə çoxsaylı dələduzluq sxemləri də üzə çıxdı. Onlardan biri də rabitə sahəsində olanlar idi və bu haqda mediada yüzlərlə məlumat tapa bilərsiniz. Həbslər oldu, məhkəmələr, cəza müddətinin azaldılması və sonda əfvlər...
Ona görə ki, məqsəd onları dövlətdən oğurluq etdiklərinə görə cəzalandırmaq deyildi, oğurladıqlarını almaq və yaratdıqları oğurluq sxeminə sahiblənmək idi. Belə də oldu. Adamlar isə həqiqətən çox istedadlı imişlər: beynəlxalq zənglərdən gələn qəpiklərin bir hissəsini mənimsəməklə milyonları büdcədən yan keçirə bilmişdilər.
Eynilə Tağı Əhmədovun Bakı Metropolitenində tətbiq etdiyi sxemin oxşarı rabitə sahəsində tətbiq olunmuşdu. Sual olunur ki, bu gün həmin sxemlər işləmir bəs? Bunun cavabını biz hələ xeyli illər sonra biləcəyik. Hələlik isə ehtimal edə bilərik ki, əlbəttə, işləyir, özü də daha böyük acgözlüklə.
Yoxsa “Qaradağsement” maliyyə menecerinin metropoliten rəhbəri vəzifəsində nə işi vardı? Yeri gəlmişkən, Tağı Əhmədovu danışdırıb məsxərə obyektinə çevirən media bu adamın heç bir kilometrliyinə də düşə bilmir. Bir gün eşitsək ki, ölkənin Mərkəzi Bankına sahiblənmiş Paşa Bank komandası bu qurumun valyuta ehtiyatlarının da sonuna çıxıb, təəccüblənməməliyik.
Ölkənin “islahatçı” iqtisadiyyat naziri yoxsullaşdırdıqları xalqa böhrana hazır olmağı tövsiyyə edir, amma soruşan yoxdur ki, ay yaramaz, sən orda falçılıq, “uzaqgörənlik” etmək üçün əyləşmisən, yoxsa iqtisadiyyatını inkaşaf etdirmək? Amma kimin həddi nədir ki, “gənc islahatçı komandaya” belə yersiz suallar versin?!
Burda söhbət əsla kimin daha az, kimin daha çox oğru olmasından getmir: əski (sözün hər iki mənasında) nehrəmli generalların yoxsa “islahatçı” komanda üzvlərinin, çünki mahiyyət eynidir. Mahiyyət isə sistemdədir və onun istənilən şəkildə dəyişməsinə nail olmayınca bir oğrular digərlərini əvəz edəcəklər.
Necə ki, indi Qərb təhsilli ingilisdilli oğrular kəndçi oğruları əvəz edirlər”, - ekspert bildirib.

Qeyd edək ki, ötən gün “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilməsi xəbəri yayılıb.




Paylaş:


Müəllif : Tarix:
8-08-2022, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər