reklam
Regionxeberlericom.az » Gündəm » Övladlarımızı əmanət etdiyimiz müəllimlərin günüdür...

reklam

Övladlarımızı əmanət etdiyimiz müəllimlərin günüdür...

















Dünyada gözəl, ləyaqətli peşələr çoxdur, lakin bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə vardır. Bu da müəllimlikdir.

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında“ adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümümdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.

Müəllim sözü dilimizə ərəbcədən keçmiş mənası elm öyrədən deməkdir. Mahiyyət etibarilə isə müəllim təkcə elm yox, həm də uşaqlara əxlaq, tərbiyə aşılayan şəxsdir. Müəllimlik müqəddəs sənətdir, insanların həyatında özünəməxsus iz buraxır.

Müəllimin fərd üzərində təsiri ana, ata və cəmiyyətin təsirindən qat-qat üstündür. Əslində elə cəmiyyəti də, ata-ananı da müəllim tərbiyə etmişdir. Müəllimin əlində insan ən xam maddələr kimi yoğrulur, işlənir və qüsursuz hala gəlir.

Necə ki, bir heykəltəraş çox əziyyət çəkərək qranit kimi möhkəm olan mərməri, daşları yonaraq ondan gözəl bir sənət əsəri meydana gətirir, eləcə də müəllim də şagirdin çatışmayan cəhətlərini bərpa edərək ondan cəmiyyətə faydalı bir insan ortaya çıxarır. Bəli, adətən, müəllim bir sənətkar kimi zərgər dəqiqliyi ilə insan üzərində işləyərək onu mələklər səviyyəsinə qaldırır.

Ola bilər ki, müəllim bütün tələbələrini istədiyi səviyyəyə çatdıra bilməyə bilər, amma o hər zaman həmin istiqamətdə çalışır.

İnsanın əlindən tutmaq, ona faydalı olmaq ən müqəddəs işdir, bu da günümüzdə ən çox müəllimlər vasitəsilə edilə bilər.

Ən körpə vaxtlarından övladlarımızı onların əlinə əmanət edirik, onların dünyasının, mənəviyyatının şəkillənməsində müəllimlərin rolu əvəzsiz və danılmazdır.

Müəllim əməyinin, zəhmətinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşə malik, nümunəvi əxlaqa sahib insanlar yetişir və onlar da öz növbəsində xalqımıza fayda qazandırır.

Müəllim əməyi çox vaxt bağban əməyi ilə müqayisə olunur. Bağban min bir əziyyətlə becərdiyi ağacın bar-bəhərini görəndə necə sevinirsə, müəllim də öz yetirmələrinin xoş sorağını alanda sevincdən qəlbi dağa dönür.

Hər kəsin taleyində müəllimin önəmli yeri var, çünki əlindən tutub ona ilk əlifbanı öyrədən müəllimdir. O elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.

Xülasə, insanlar müəllimlik sənətini, müəllimi çox yüksək dəyərləndirməli, ona layiq olduğu qiyməti verməlidirlər. Çünki sənətlər, peşələr arasında müəllimliyə bərabər heç bir sənət yoxdur.

Təhsil eksperti, BSU-nun doktorantı, Zəka Kurslarının direktoru Rafiq Məmmədov




Paylaş:


Müəllif : Tarix:
5-10-2022, 09:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər