reklam
Regionxeberlericom.az » Gündəm » Atasının imtina etdiyi nazir oğlu intihar etmək istəyibmiş - “Birdən ayıldım ki, belə addım atmaq lazım deyil”

reklam

Atasının imtina etdiyi nazir oğlu intihar etmək istəyibmiş - “Birdən ayıldım ki, belə addım atmaq lazım deyil”


Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev hakimiyyət əleyhinə açıqlamalar verən oğlu Murad Quliyevlə bağlı bəyanat yayıb.

Sosial şəbəkələrdə və xəbər saytlarında yazılanlara görə, bəyanatında sabiq nazir bildirib ki, ailəsi Muraddan imtina edir və onun siyasi fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur. Müzakirələrdə bildirilir ki, Q. Quliyev bu addımı oğlunun ölkə mediasına verdiyi müsahibəsindən sonra atıb.

Murad Quliyev 5 ildir ki, ABŞ-da yaşayır. Sosial şəbəkələrdən də görünür ki, M. Quliyev hakimiyyət əleyhinə olan sərt fikirlər paylaşır. Elə sonuncu müsahibəsində də o, hakimiyyət əleyhinə çox kəskin fikirlər işlədib. Ehtimal edilir ki, Qüdrət Quliyev də məhz bu fikirlərinə görə belə bir bəyanat yayıb.

Qüdrət Quliyev məlum bəyanatda bildirib: “Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spekulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq zorunda qalmışam. Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətim ilə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram. Muradın, ”keçmiş nazirin oğlunun" təcrübəsizliyindən istifadə edib siyasi dividentlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı bildirir və bu oyunların fərqində olduğumu bəyan edirəm! Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm. Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm".

Atasının bu bəyanatına Murad Quliyevin münasibəti də sərt olub. Sabiq nazir oğlu baş verənlərə görə hakimiyyəti ittiham edib.

Onu da qeyd edək ki, M.Quliyev müsahibəsində özünün keçmişi ilə bağlı bəzi məsələlərə də toxunub. Fikirlərindən belə anlaşılır ki, M. Quliyev maddi baxımından imkansızlıq içərisində böyüyüb. “Atam nazir olsa da, imkanımız yaxşı deyildi. Uşaqlığım nazir balası kimi keçməyib”,- deyən Murad Quliyev vaxtilə intihar etmək istədiyini də dilə gətirib:

“Özümə qəsd etmək istəyirdim. Getdim bulvara, orda bir az dayanıb düşündüm. Birdən ayıldım ki, belə addım atmaq lazım deyil. Və bundan sonra öz məqsədimə çatacağıma dair özümə söz verdim. Məqsədim o idi ki, heç kimin qarşısında əyilməyəcəm. Buna görə də heç kimin qapısını döyməmişəm. Getdim ticarətlə məşğul oldum. Mən məktəbdə oxuyanda Birləşmiş Ərəb Əmirliyinə uçan ilk gənclərdən olmuşam. Xırda ticarətlə məşğul oldum. Maşınımı öz pulumla almışam. Avtomobili alanda gözümdən yaş gəldi”.

5 ildir ABŞ-da yaşan Murad Quliyev reper kimi də özünü sınayıb. O, xalq artisti Aygün Kazımova ilə duet oxuyub. Quliyev Kazımova ilə birgə “Tənha qadın” mahnısını ifa edib.

Onu da qeyd edək ki, tanınmışların oğlundan imtina etməsi tendensiyası son zamanlar geniş yayılıb. Ötən ay Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu da oğlu Rüfət Səfərovdan imtina etmişdi. Bu barədə o, məktub yazaraq sosial şəbəkə vasitəsilə ictimailəşdirmişdi. Sabiroğlu hətta oğluna bildirmişdi ki, məzarı üstünə gəlməsin, cənazəsi altına girməsin. Sonda Eldar Sabiroğlu məktubunu “sənin keçmiş atan” cüməsi ilə tamamlamışdı.

Xatırladaq ki, R.Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqidir. O, rüşvət almaqda təqsirləndirilərək həbs edilmiş, prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmışdı. Səfərov da hakimiyyət əleyhinə çıxışlar edib, müxtəlif ittihamlar irəli sürüb.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
30-07-2019, 09:42
Sikayət   


loading...
Загрузка...