reklam
Regionxeberlericom.az » Gündəm » Vasif Talıbov HƏBS OLUNACAQMI? - GƏLİŞMƏ

reklam

Vasif Talıbov HƏBS OLUNACAQMI? - GƏLİŞMƏ


Ölkə gündəminin mərkəzi mövzusu Naxçıvanda baş verən hadisələrdir. Apardığımız araşdırmalara görə, hazırda Naxçıvan və onun rəhbəri Vasif Talıbovla bağlı məlumatlar, reportaj və videomüzakirələr gündəmdəki digər mövzulardan ən tirajlısıdır. Rusiya-Ukrayna müharibəsinə, Qarabağdakı separatçı ermənilərin davranışlarına, İran-Azərbaycan arasındakı gərginliyə, hətta Ermənistanla bağlı gəlişmələrə dair xəbərlər öz tirajına görə Vasif Talıbovla bağlı istənilən mövzudan geridə qalır.

Azərbaycan mediası Naxçıvan xanı adlanan muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla bağlı bütün növ məlumat və açıqlamaları, iddia və ən ağlasığmaz təxminləri tirajlamaqda, mövzunu infoməkanın eni boyunca yaymaqdadır. Məsələnin maraqlı tərəfi də budur ki, istər Bakıdakı, istərsə də Naxçıvandakı rəsmi qurumlardan Vasif Talıbovun müdafiəsi, yaxud da çoxsaylı iddiaların təkzibi ilə bağlı hər hansı təşəbbüs müşahidə edilmir. Daha bir maraqlı məqam: bu və ya başqa şəkildə hakimiyyətin kontrolu altında olan KİV-lər də Vasif Talıbovun haqqında ən sərt tənqidləri, ittiham və suçlamaları yaymaqda azad görünürlər. İlk dəfə Rusiya-Ukrayna müharibəsində müşahidə olunan ifrat yaradıcılıq azadlığı (o zamana qədər Rusiya və onun lideri Putin tənqid edilmirdi) daha sonra İran-Azərbaycan gərginliyi fonunda davam etdirildi (son 29 ildə İran rəsmi KİV-lərdə və hakimiyyətə yaxın digər informasiya vasitələrində tənqid edilmirdi). İndi isə Azərbaycan mediasında 3-cü azadlıq dalğası hökm sürür: iqtidarda olan və hakim ailənin üzvü sayılan Vasif Talıbov sərbəst və cəzasız şəkildə tənqid edilir, sağa-sola çəkişdirilir, sərt şəkildə tənqid olunur. Bir zamanlar hansısa rayonun icra başçısının tənqidinə belə reaksiya verən rəsmi qurumlar isə susurlar. Bütün bunlar onu göstərir ki, Vasif Talıbovun “qələmi ən yuxarıdan qırılıb” və onun qurtuluşu yoxdur.

Regionxeberlericom.az  bildirir ki, “Yeni Müsavat”a çatan məlumata görə, Vasif Talıbov baş verənlərə qarşı qoyacaq gücdə deyil. Görünən budur ki, onun Bakıda lobbisi çox zəifdir və xüsusən də media sektorunda özünə seqment yarada bilməyib. Onu faktiki olaraq, müdafiə edən yoxdur. Ən zəif müxalifət liderinin də “trollar”ı olduğu halda, dollar milyarderi Vasif Talıbovun heç virtual dəstəkçisi də yoxdur.

Vasif Talıbov mövzusuna dair ən müxtəlif ssenarilər üzrə yayılan məlumatlardan biri də budur ki, o, indiki anda Bakıya gəlməyi təhlükəli sayır. Hətta iddialara görə, ölkə rəhbərliyindən onu Bakıya məsləhətləşmələrə dəvət ediblər. Lakin o, müxtəlif bəhanələrlə bu dəvəti icra etməkdən imtina edib.

Naxçıvanda sərhədsiz hakimiyyətə malik və hələ də iqtidarda olan Vasif Talıbovu nələr gözləyir? Naxçıvanda başlayan məmur həbsləri onu da əhatə edə bilərmi? Nəzərə alaq ki, həbs edilənlər Talıbov klanına yaxındır, o zaman “Naxçıvan xanı”nın gələcəyini necə dəyərləndirmək olar?

Ovqat.com saytının baş redaktoru, siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Vasif Talıbovun gələcəyi onun özünü aparmasından asılıdır: “Prezident İlham Əliyev hələ 2019-cu ildə Azərbaycan Respublikası regionlarının inkişafı haqda danışarkən kadr və struktur islahatlarının da gerçəkləşdiriləcəyini demişdi. Ötən müddətdə digər regonlardan fərqli olaraq Naxçıvanda kadr islahatlarına qarşı Vasif Talıbov tərəfindən sərt təpki göstərilib. Azərbaycandan göndərilən kadrlara aqressivlik göstərilib, işləmələrinə imkan verilməyib. Əlbəttə ki, bu, diqqətdən kənar qalmayıb. Naxçıvanda həngamə də bundan sonra qopub. Bu gün üzə çıxarılan cinayətlərdən sonra Vasif Talıbov orada qalıb işləyə bilməz. Maliyyə naziri həbs olunur, məlum olur ki, 144 milyon manat büdcə vəsaitini ələ keçirib. Gömrük rəsmisi tutulur, məlum olur ki, 132 milyon manat vəsaiti ələ keçirib. Əlbəttə ki, bu məbləğləri həmin vəzifəli şəxslər özbaşına ələ keçirə bilməzdilər. Tutulan vəzifə sahibləri bu qədər pulu kimə ötürüblər? Milyardlarla dollar pul illərlə kimə, kimin cibinə gedib?

Bundan başqa, illərdir ki, Naxçıvanın təbii sərvətləri talan olunur. Sirab suyunun satışı qadağandır. Amma hər gün tonlarla Sirab suyu çıxarılaraq satılır. Bütün bunlar Sirab kəndində yaşayan insanların susuz qalması hesabına baş verir. Naxçıvanda sement zavodu açıblar. Sement zavoduna sementi istehsal etmək üçün zəruri olan xammal Naxçıvan təbiəti hesabına qarşılanır. Böyük bir sement zavodu qurublar və milyardla pul qazaniırlar. Bununla belə, hər il Azərbaycanın dövlət büdcəsindən yarım milyarda yaxın dotasiya alırlar. Bunun qarşılığında isə guya il ərzində Naxçıvan büdcəsinin gəlirlərinin 30 milyon manat olduğunu yazırlar. Üstəlik, Naxçıvanda bütün idarə və təşkilatların adında olan Azərbaycan Respublikası sözünü də çıxarıblar. Faktiki olaraq Naxçıvanda Azərbaycan sözü qadağan edilib. Bütün bunlar Vasif Talibovun beyninin məhsuludur".

Siyasi şərhçi deyib ki, Naxçıvanda vəzifələrdə olan kadrların əksəriyyəti FETÖ-çülərdir: “Vasif Talıbovun kadrlarının əksəriyyəti FETÖ-çüdür və Türkiyədə oxuyublar. Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan türk dövlətlərindən FETÖ-çülərin işdən çıxarılmasını istəyirdi və xüsusda Azərbaycanın da adını çəkdi. Bu təsadüfi deyildi, çünki Naxçıvandakı durumu Türkiyədə də bilirlər”.

Siyasi şərhçi bildirib ki, Vasif Talıbovun separatçılıq etməsinin səbəbi islahatların onun sonunu gətirəcəyini bilməsindən qaynaqlanır: “Azərbaycan iqtisadi sahədə Avropaya inteqrasiya yolunu tutub. Vasif Talıbov isə Naxçıvanın muxtar statusundan istifadə edib müqavimət göstərir, islahatları əngəlləyir. Bununla kadr siyasətini də çıxılmaz duruma salacağını düşünür. Fikir verdinizsə, Vasif Talıbov Naxçıvanda islahatların ilk günü tez-tələsik mərhum Prezident Elçibəyin kəndi olan Kələkiyə getdi, yol açılışında iştirak elədi. Bununla iqtidara mesaj ötürürdü ki, müxalifətə keçə bilər”.

Siyasi şərhçi bildirib ki, Naxçıvanda yoxlamaların Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılması təsadüfi deyil: “Sual oluna bilər ki, iqtisadi sahədə baş verən məsələləri Maliyyə Nazirliyi araşdırmalı olan halda, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvanda nə gəzir? Söhbət ondan gedir ki, bu gün Naxçıvan rəhbərliyində olan Talıbovlar vəzifələrini qorumaq üçün hərəkətə keçiblər. Naxçıvanın muxtar statusundan öz hakimiyyətlərini qorumaq üçün istifadə etməyə çalışırlar. Bu yolda hər cür qanundankənar addım atmağa hazırdırlar. Bunun üçün Naxçıvanda sürətli şəkildə struktur dəyişiklikləri aparılır, bu yaxınlarda Naxçıvanda referendum keçiriləcək. Çünki qanunla Vasif Talıbovun toxunulmazlıq statusu var. Referendum keçiriləndən sonra növbədənkənar seçki təyin ediləcək. Vasif Talıbov erası bu ilin axırına qədər yekunlaşar”.

Siyasi şərhçi bildirib ki, Azərbaycan 14 iqtisadi zonaya bölünüb və həmin zonalar Prezidentin xüsusi nümayəndələri tərəfindən idarə olunur: “Vasif Talıbov Naxçıvanda keçiriləcək seçkidə namizəd ola bilməyəcək. Çünki onun təyin etdiyi kadrlarla bağlı olduqca böyük, milyardlarla ölçülən yeyintilərlə bağlı cinayət işi araşdırılır. Vasif Talıbovun təyin etdiyi kadrlar onun əleyhinə ifadə də verə bilərlər. Bu, tamamilə mümkündür”.

Müsahibimiz bildirib ki, Naxçıvanda aparılan proses Zəngəzur dəhlizi ilə əlaqəlidir: “Naxçıvanda referendum və seçkilər gələn ilin ilk ayına qədər yekunlaşmalıdır və Zəngəzur dəhlizi də fəaliyyətə başlamalıdır. Dəhlizin fəaliyyətinə maneələr o zamana qədər aradan qaldırılacaq”.

H.Oğuz Naxçıvanda aparılan həbslərin Vasif Talıbov və yaxın qohumlarını əhatə edəcəyini də istisna etməyib: “Vasif Talıbov geri addım atmasa və hazırda tutduğu mövqeyi dəyişməsə, onun həbsi qaçılmaz olacaq. Mövqeyini dəyişsə, könüllü şəkildə vəzifəsindən getməyə razı olsa, bu halda yaxasını həbsdən kənar tuta bilər. Amma bu halda da Naxçıvandakı milyardlarla manatın mənimsənilməsinə görə istintaqa cəlb oluna bilər. İstənilən halda, Vasif Talıbovun indiki mövqeyi, ona qarşı qanunun ən sərt üzünün göstərilməsinə yol açıb. Yaxın müddətdə Vasif Talıbov mövzusuna nöqtə qoyulacaq”.




Paylaş:


Müəllif : Tarix:
2-12-2022, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər