reklam
Regionxeberlericom.az » Gündəm » “Anadolu hospital” ətrafında qalmaqal: - Mingəçevir sakinləri pullarını geri istəyir

reklam

“Anadolu hospital” ətrafında qalmaqal: - Mingəçevir sakinləri pullarını geri istəyir














"Şəhərdə müxtəlif özəl klinikalar fəaliyyət göstərir. Amma bu klinikanın açılışında tanınmış müğənnilər iştirak etdilər, sosial şəbəkələrdə səhifələri yaradıldı, reklam edildi. Sonradan klinikada işçi axtarıldığı, işçilərdən depozit yığıldığı deyiləndə hamı inandı. Amma nə maaş verildi, nə də depozit adı ilə yığılan pullar geri qaytarıldı”.

Bunu Meydan TV-yə Mingəçevir sakini Vahid Məmmədov bildirib.

Onun sözlərinə görə, Mingəçevirdə türk əsilli həkim kimi təqdim edilən Alper Mövlud Ceylan tərəfindən "Anadolu hospital” açılıb.

Valideynləri də daxil olmaqla 200-ə yaxın şəxs depozit qoyaraq guya klinikada işə götürülüb.

"Kimi həkim köməkçisi, tibb bacısı, sanitar, mühafizəçi, xadimə, kimi də sürücü kimi işə götürülüb. Müxtəlif rəqəmlər səsləndirilir, biri 2 min, o biri 3 min 500 manat verib. Deyiblər ki, iki il ərzində geri qaytarılacaq. Amma heç kimə maaş verilmir. Hamı yığılıb, pulunun geri qaytarılmasını tələb edir”, - şikayətçi bildirib.

Vahid Məmmədovun sözlərinə görə, işləmək, bir parça çörək qazanmaq üçün kredit götürüb klinika rəhbərliyinə verənlər var: "Məsələn, tanıdığım biri var, bankdan 2500 manat götürərək depozit qoyub, guya xadimə kimi işə götürülüb. Tənha qadındır, üç azyaşlı övladı var. Ayda 300 manat maaş deyiblər, aylardır maaş almırlar. Klinika da işçiləri evə göndərib, deyib ki, maaş verə bilmir, amma yanvarın 6-na kimi problemi həll edəcək. Çoxu polisə şikayət edib. Klinika pulların geri qaytarılması üçün yanvara kimi möhlət istəyib”.






















Şikayətçi onu da bildirib ki, klinika bir neçə həkim dəvət edib, reklamdan sonra xəstə də qəbul ediblər. Buna görə də depozit istəyəndə heç kim şübhələnməyib.

Həkimlər də aldanıldıqlarını gec başa düşüblər: "Hər ay elan edirlər ki, sertifikat almışıq, tort kəsirlər, yallı gedirlər. Guya demək istəyirlər ki, qaçmamışıq, işləyirik. Kredit götürənlərin vəziyyəti daha da çətindir, maaş vermirlər ki, heç olmasa faizləri bağlasınlar. Camaat bir dəfə yığılıb etiraz edib. İndi verilən vədin dolmasını gözləyirlər”.

Səhiyyə Nazirliyindən Meydan TV-yə deyiblər ki, nazirliyə klinika ilə bağlı şikayət daxil olmayıb. Lakin klinikanın lisenziya alıb-almadığını dəqiqləşdirmək mümkün olmayıb.

Yerli mediada Alper Mövlud Ceylanın Türkiyədə cinayətdə ittiham olunması barədə yazılıb. Səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə fikir söyləməsidir. Eyni məzmunlu bu məqalələr klinikanın açılmasından bir neçə gün sonraya təsadüf edir.

Türkiyə vətəndaşı Alper Mövlud Ceylan Meydan TV-yə deyib ki, əsli olmayan bu məlumatlar onunla rəqabət aparan başqa bir klinikanın və hazırda orada işləyən keçmiş icraçı direktorunun sifarişi ilə mediaya ötürülür: "Mən 5 ildir ki, Mingəçevirdə yaşayıram və oturum iznim var. Azərbaycan elə bir zəif dövlətdirmi ki, Türkiyədə cinayət məsuliyyətinə cəlb olunmuş adam burada iş qursun? Şəxsən mən elə düşünmürəm. Bunların arxasında klinikaya təyin etdiyim Kərim Nadirov və onun hazırda çalışdığı, bizi özünə rəqib görən müəssisə durur”.




















İşçilərdən pul alınmasına gəlincə, Alper Mövlud Ceylan deyib ki, polis hazırda şikayətləri araşdırır və onda da xeyli sayda şikayət ərizələri var: "Qanunla mən burada öz adıma heç nə yarada bilmərəm. Ona görə də klinikanı Kərim Nadirov adlı şəxsin adına sənədləşdirdik və o, icraçı direktor oldu. Mənim yeganə səlahiyyətim bu şəxsi vəzifəyə qoymaq və vəzifədən çıxarmaq idi. O da işə götürmək adıyla, depozit kimi bir neçə şəxsdən pul götürüb. Bu məsələnin üstü açılanda mən həmin şəxsi işdən azad etdim”.

Sahibkar hospitalın lisenziya əsasında fəaliyyət göstərdiyini deyir. Lakin söz versə də, lisenziyanın surətini və şikayətçilərin məktublarının surətini bir neçə gün ərzində redaksiyaya təqdim etməyib. Adını çəkdiyi Kərim Nadirovun "Linkedin” sosial şəbəkəsindəki hesabında vəzifəsi tibbi marketoloq kimi yazılıb. O, klinikada işlədiyi müddətdə həmin hesabdan "İşçi alımı başlandı” deyə elan verib və 12 ştat üzrə iş təklif edib. Meydan TV onunla da əlaqə saxlayıb. Kərim Nadirov deyilənləri təkzib edib və işdən ayrılmasının səbəbini maaşını ala bilməməsi ilə əsaslandırıb:

"Mən aprelin 20-də orada işə başlayıb, avqustun 13-də işdən çıxmışam. Boş-boşuna işlədim, maaş ala bilmədim deyə çıxdım. Orada yeyinti etsəydim, aktlaşdırıb məni Əmək Məcəlləsinin 70C bəndi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) ilə işdən çıxarardılar. Bunların heç biri olmayıb. Mən orada işləyəndə işçilərin sayı 113 nəfər idi, indi 300-400 nəfər olub. Davamlı olaraq hamısından pul alınıb”.

























Foto: Meydan TV

Kərim Nadirov "işçilərdən pul alan əsas şəxsin videosunu sizə göndərəcəm. Elə o hospitalın işçiləri bunu sosial şəbəkələrdə yayıblar” dedi və göndərdi. Həmin videoda Alper Mövlud Ceylanın fotosu üzərində yerli mediada əks olunmuş fikirlər yer alıb.

Kərim Nadirov Alper Mövlud Ceylanın imzası və möhürü olan, Zülfiyyə Vəliyeva adlı şəxsdən 1900 manat aldığını təsdiqləyən sənədin surətini də təqdim edib.

Alper Mövlud Ceylan isə həmin şəxsin hazırda hospitalda çalışdığını bildirir: "Zülfiyyə xanım hazırda mənim yanımda çalışır. Görürsüzmü, mən aldığım hər bir depozitə görə imzamı və möhürümü vururam və onu geri ödəyirəm. Şikayəti olan şəxslər isə nə məni görüblər, nə də onlara belə bir sənəd vermişəm”.

Kərim Nadirov onu da deyir ki, hazırda "Regional hospital”da çalışır və bu klinika heç kiminlə rəqabət aparmır: ""Regional hospital” bu zonada ən güclü klinikadır, hər bir şəraiti var. İkinci MRT-ni də gətirdik. Onun birinin qiyməti yarım milyon manatdır. Yəni "Regional hospital” o qədərmi düşüb ki, gedib özünü yataqxana ilə müqayisə eləsin? Deyilənlərin hamısı absurddur”.

Yazı dərcə hazırlanarkən, Alper Mövlud Ceylan Meydan TV əməkdaşını əz vəkilinə yönləndirib. Gülsel adlı vəkil müxbirlə söhbətində işin hazırda yerli polis şöbəsində araşdırıldığını, höspitalın lisenziya əsasında fəaliyyət göstərdiyini deyib.

"Alper bəy depozit yatıran hər bir şəxsə verdiyi sənəddə imza və möhürünü atıb. Bütün sənədlər də araşdırmaya təqdim olunub. Əgər siz klinikanın nüfuzuna xələl gətirən, əleyhinə olan hər hansı bir yazı yazsaz, sizi məhkəməyə verəcəm”, – vəkil vurğulayıb.

Mingəçevir Şəhər Polis Şöbəsindən tədqiqatı yekunlaşmayan işlər barədə məlumat verilmədiyi bildirilib. //Meydan TV//




Paylaş:


Müəllif : Tarix:
6-01-2023, 08:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər