reklam
Regionxeberlericom.az » Gündəm » Vasif Talıbov Milli Məclisdən özü getməsə... - İDDİA

reklam

Vasif Talıbov Milli Məclisdən özü getməsə... - İDDİA














Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarının zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes subyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı. Hər halda, bu barədə yerli mediada gedən məlumatlar təkzib olunmayıb.

Vasif Talıbovun biznes imperiyasına əl qoyulması onunla bağlı baş verənlərin kökündə iqtisadi səbəblərin dayanması barədə mülahizələrə səbəb oldu. Lakin keçmiş sədrlə bağlı atılan müəyyən addımlar prosesin heç də iqtisadi səbəblərdən qaynaqlanmadığı barədə ehtimalları artırıb.

Oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən çıxarılması, ona yaxın kadrların ard-arda vəzifələrini itirməsi, yaxın vaxtlarda keçmiş sədrin (eləcə də Ali Məclis üzvü olan oğlunun) deputat mandatını da itirəcəyi barədə məlumatlar “xan”ın mərkəzi hakimiyyətin yürütdüyü siyasətə zidd kurs tutması barədə hələlik pıçıltı ilə səsləndirilən iddiaların əsassız olmadığı qənaətini möhkəmləndirib. Vasif Talıbovla bağlı atılacağı gözlənilən addımlar da onun siyasi səbəblərdən neytrallaşdığı qənaətində olan arqumentləri gücləndirib.

Vasif Talıbov Naxçıvan Ali Məclisinin ali kürsüsündəki vəzifəsini itirsə də, o, 1 saylı Şərur-Sədərək seçki dairəsini Azərbaycan Milli Məclisində təmsil edən deputat mandatı ilə vidalaşmayıb. İndiyədək Milli Məclisin iclaslarında istisna hallarda iştirak edən Talıbovun parlamentdə aktiv fəaliyyətə qayıdacağı gözlənilmir. Milli Məclisin daxili Nizamnaməsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilərdi. İndiki vəziyyətdə Vasif Talıbovu hansısa komitəyə üzv etməlidirlər. Konstitusiyanın 89-cu maddəsi əsasında, Vasif Talıbovun deputatlıq mandatından imtina etmək hüququ var və böyük ehtimalla o, bu hüququndan istifadə edəcək.

Keçmiş sədrlə bağlı növbəti addımlara gəlincə, “Qaynarinfo”nun özəl mənbələrə istinadən yaydığı məlumatda iddia olunur ki, ona verilmiş ordenlər və fəxri adlar-təltiflər də geri alına bilər. Məlumat üçün deyək ki, Vasif Talıbov 2010-cu ildə “Şöhrət”, 2020-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib. Hər iki orden Azərbaycanda yüksək mükafat sayılır. Vasif Talıbov “Şöhrət” ordenini Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında göstərdiyi xidmətlərə, “Şərəf” ordenini isə Azərbaycanda dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə alıb. Lakin qeyd edək ki, qanuna görə fəxri adlar və dövlət təltifləri ancaq məhkəmə qərarı ilə alına bilər. Cəza növlərindən biri də fəxri adlardan və dövlət təltiflərindən məhrum edilmədir. Bu, məhkəmənin səlahiyyətinə aiddir. Odur ki, əgər Naxçıvan Ali Məclisinin sabiq sədrinə verilmiş təltiflərdən hər hansı biri və ya hamısının geri alınması barədə hətta siyasi qərar olsa belə, məsələ yenə də sonda məhkəmə yolu ilə həll olunmalıdır. Ekspertlər isə məsələnin təltiflərin geri alınacağına qədər böyüdülməyəcəyi qənaətindədirlər.

Bu barədə fikirlərini “Yeni Müsavat”la bölüşən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirdi ki, Vasif Talıbov özünə və Milli Məclisə hörmət əlaməti olaraq deputat mandatından imtina etməli idi: “Lakin Vasif Talıbov hələ də bunu etməyib. Gözləməməlidir ki, onun mandatının alınması məsələsi qoyulsun. O, Azərbaycan Milli Məclisini heç zaman saymayıb, iclaslarına bir-iki dəfə istisna olmaqla heç zaman qatılmayıb. Milli Məclisə saymazyanalığını indi də nümayiş etdirir. Vasif Talıbov on minlərlə naxçıvanlını evindən-eşiyindən didərgin salaraq Türkiyənin, Rusiyanın, Ukraynanın küçələrində bir tikə çörək tapmaq üçün əzablar çəkməyə məcbur qoymuş insandır. Naxçıvan əhalisi, o cümlədən 1 saylı Şərur-Sədərək seçki dairəsinin seçiciləri onun deputatlığından yarımayıblar. Naxçıvanlılara ən böyük pisliyi məhz Vasif Talıbov edib. Qəddar bir rejim quraraq insanları zor, qorxu, təhdid altında saxlayıb. Saysız-hesabsız sahibkarın əmlakını dağıdıb, etiraz edəni, döydürüb, təhqir etdirib, Naxçıvandan didərgin salıb. Tarixə nəzər yetirsək, yad işğalçılar belə Naxçıvana Vasif Talıbov qədər ziyan vurmayıb. Belə bir adamın millət vəkili kimi qalması doğru deyil və bir sadə naxçıvanlı tapmaq olmaz ki, Talıbovun deputat kimi qalmasını istəsin. Hansı haqla Talıbovu Milli Məclisin komitə üzvü etməlidirlər? Bu adamı biz Milli Məclisin iclaslarında belə görməmişik. Parlamentin nizamnaməsi var, əgər iclaslara üzrsüz səbəbdən iştirak etməyəcəksə, onun mandatını ləğv edə bilərlər.

Vasif Talıbovun dövlət təltiflərinin geri alınması üçün məhkəməyə müraciət ediləcəyinə isə inanmıram. Fikrimcə, məsələnin deputat mandatının alınması ilə yekunlaşması ehtimalı realdır. Təltiflərin alınmasına gedilməyəcək".




Paylaş:


Müəllif : Tarix:
8-02-2023, 08:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər