reklam
Regionxeberlericom.az » Gündəm » Özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi qələmə verən şəxslər Zərdab rayon sakinlərinə qarşı 71000 manatlıq dələduzluq ediblər -ŞİKAYƏT

reklam

Özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi qələmə verən şəxslər Zərdab rayon sakinlərinə qarşı 71000 manatlıq dələduzluq ediblər -ŞİKAYƏT

 
Zərdabın Dəliquşçu kəndinin 10 sakini aldadıldığını deyir. regionxeberlericom.az bildirir ki, özünü Fövqəladə Hallar Nazirliyinin işçisi kimi təqdim edən Orxan Əhmədovun onlardan övladlarını işə düzəltmək adı ilə 71 min manat aldığını söyləyirlər.

“Fövqəladə Hallar Nazirliyi bizim bölgədə yeni iş yeri və işçi elanı vermişdi. Biz də mayın 28-də övladlarımızı da götürüb Bakıya, nazirliyə getdik. Görüş aldıq, elə qapının ağzında sıramızı gözləyirdik ki, bu zaman binadan 2 nəfər çıxıb bizə yaxınlaşdı. Onlar Orxan Əhmədov və Arif adlı şəxslər idilər. Bizdən niyə gəldiyimizi soruşdular. Biz də izah etdik ki, bəs övladlarımızı işə düzəltməyə gətirmişik. Sonra burada adamımızın olub-olmadığını xəbər aldılar. Yox, dedik, elana görə gəldiyimizi söylədik. Bizi çay süfrəsinə dəvət etdilər, dedilər, bu işlər adamsız, tanışsız olmur,” – deyir Elmar Orucov

Şikayətçilər bildirirlər ki, bundan sonra Orxan Əhmədov və Arif onları çay içməyə aparıb və bu zaman onlara kömək edəcəklərini söyləyiblər. İşə düzələcək şəxslərin boylarına və çəkilərinə görə qiymət müəyyənləşdiriblər:

“Biz deyəndə ki, dövlət qulluğuna girmək pulla deyil axı, bizə bildirdilər ki, belə şeylər pulsuz olmur. Nə isə, kiminə 8, kiminə 10 min manat dedilər. Biz də gəldik rayona. Kreditə, borca-xərcə girib, deyilən pulu topladıq. 10 valideyn ümumilikdə 71 min manat pulu toplayıb apardıq Bakıya. Əlbəəl verdik Orxan Əhmədova. Bizə orda dedi ki, gedin, 10 günə uşaqların əmri veriləcək. 10 gün sonra 1 ay, 1 ay da oldu 3 ay. Nəhayət, aldadıldığımızın fərqinə vardıq. İndi qalmışıq küçələrdə. Əlimizlə verdiyimiz pulun arxasınca təpik döyürük, xeyri yoxdur”, – şikayətçilərdən Fikrət Əliyevin sözləridir.

Şikayətçilər bundan sonra Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Nazirlikdən Orxan Əhmədov və Arif adlı əmədaşlarının olmadığını söyləyiblər. Ancaq həmin insanların mayın 28-də nazirliyin binasına necə girdiyini, həmin gün oraya nə ilə bağlı gəldiklərini söyləyən olmayıb.

“Öyrənmək istəyirəm, FHN-in qapısında mühafizəçi olur, ya yox? Mülki şəxslər ora istədikləri vaxt girib-çıxa bilirmi? Bu, necə olur? O adamlar nazirlikdən çıxıblar. Üstəlik, sənədləri FHN-ə verəndə də prosesdə iştirak ediblər. Necə olur ki, indi deyirlər, həmin şəxslərin FHN-lə əlaqəsi yoxdur? Zəhmət çəkib kameraları açsınlar”, – Babakişi Teymurovun sözləridir.

B.Teymurov əlavə edir ki, aldadılan şəxslərin heç biri həmin pulu asan qazanmayıb. Çoxu borc-xərc edib:

“Nədir ki, övladları işlə təmin edilsin. İndi hansı dövrdür ki, bir adam gəlib, bu qədər insanı aldadır, özü kef edir, bu insanlar qalır pis durumda? O pulların hamısı qəpik-qəpik yığılıb, bu gün borc içində üzürük. Üstəlik, bütün aidiyyatı qurumlara müraciətlər ünvanlamışıq. Bir nəticəsi yoxdur”.


Paylaş:


Müəllif : Tarix:
9-08-2019, 14:51
Sikayət   


loading...
Загрузка...