reklam
Regionxeberlericom.az » Gündəm » “Polkovnik-leytenantın ölümündən 3 ay keçsə də, onu vuran hələ də tutulmayıb” - NARAZILIQ VAR!

reklam

“Polkovnik-leytenantın ölümündən 3 ay keçsə də, onu vuran hələ də tutulmayıb” - NARAZILIQ VAR!
















Ötən ilin 19 noyabr tarixində İsmayıllı şəhərində baş vermiş yol qəzası nəticəsində həyatını itirən ehtiyatda olan hərbçi, polkovnik-leytenant Mərdan Əhmədovun ailəsi aparılan istintaqdan narazıdır.

RegionXəbərləricom.az bildirir ki, “Qafqazinfo”ya müraciət edən mərhumun hüquqi varisi, həyat yoldaşı Ülkər Əhmədova 44 yaşlı ərini maşınla vurub öldürməkdə təqsirli bilinən sürücü Arif Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işin qəsdən uzadıldığını iddia edib.

O, A.Mirzəyev barəsindəki işə İsmayıllı Rayon Prokurorluğu tərəfindən düzgün qiymətin verilmədiyini deyib: “İstintaq orqanı haqlı olaraq maksimal sürət həddi 50 km/saat müəyyən edilmiş yolda hadisə baş verən zaman sürücü Mirzəyev Arif Afiq oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin sürətinin 110-120 km/saat olmasına dair nəticəyə gəlib. Arif Mirzəyevin baş vermiş hadisənin qarşısını almağa texniki cəhətdən imkanının olduğu müəyyən edildiyindən hadisəni törətmiş Arif Mirzəyev istintaq orqanı tərəfindən 04 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bundan sonra cinayət işinin istintaqının yekunlaşması elan olunub və iş materialları ilə tanış olmuşuq”.

Şikayətçi bildirib ki, prokurorluq daha sonra cinayət işinin materiallarını yenidən istintaqa qaytarıb: “Sonradan İsmayıllı rayon prokuroru Tural Yusifov təqsirləndirilən şəxsin hadisə zamanı hərəkət sürətinin 110-120 km/saat deyil, 70-80-km/saat olmasına dair ifadəsini və bununla bağlı etrirazını əsas götürərək cinayət işini əlavə istintaq hərəkətlərinin aparılması və təqsirləndirilən şəxsin ifadəsinə uyğun ekspertizanın təyin edilməsi məqsədilə yenidən əlavə istintaqa qaytarıb. Cinayət işinin materiallarında olan 19.11.2022 ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokolda, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin sürətinin yüksək (110-120 km/saat) olduğu, piyadanı vurduqdan sonra dayanmadan və yavaşlamadan vurulmuş piyada kapotun üstündə olmaqla eyni sürətlə hərəkət etdiyi və piyadanın vurulma yerindən asfaltın üzərinə düşdüyü yer arasındakı məsafənin 36 metr olduğu qeyd olunur”.

Ü.Əhmədova əlavə edib ki, hadisədən sonra qəzanın baş verdiyi yerə baxış protokolunun tərtib olunmasında prokuror Tural Yusifov şəxsən iştirak edib: “Onun müəyyən etdiyi və imzaladığı sənədlə müəyyən edilən hallara, sonradan təqsirləndirilən şəxsin əsassız, nəticə etibarı ilə ittihamın mahiyyətinə (əməlin tövsifinə) təsiri olmayacaq bir etirazına əsasən cinayət işini əlavə istintaqa qaytarması və təqsirləndirilən şəxsin dediklərinə əsasən yenidən ekspertiza təyin edilməsi barədə göstəriş verməsi hansı məntiqə və marağa uyğundur? İsmayıllı rayon prokurorunun özünün şəxsən aşkar edərək rəsmiləşdirilməsində iştirak etdiyi faktlara inamını itirib, yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli etirazına əsasən əsassız yerə istintaqı uzatmağa vadar edən nədir?”

Mərhum hərbçinin xanımı ərini maşınla vurub öldürən şəxsin hadisənin baş verdiyi tarixdən sonra saxlanılmamasını və şübhəli şəxs qismində tutulmamasını da qeyd edib: “Mirzəyev Arif Afiq oğlunun qohumları, Arifdən şikayətçi olmamağım üçün mənə müxtəlif üsullarla təzyiq göstəriblər. Lakin mən yekun olaraq həyat yoldaşımın qanını, iki azyaşlı övladımın haqqını bağışlamadığımı, şikayətçi olduğumu və təqsirləndirilən şəxsin həbs olunmasını tələb etdiyimi istintaqın yekununda bildirdikdən sonra, bütün bu oyunlar başladı. Artıq məndə çox böyük şübhə var ki, təqsirləndirilən şəxs Arif Mirzəyev himayə olunur. Hadisənin üzərindən 3 ay müddət keçməsinə baxmayaraq, təqsirləndirilən şəxs bir gün də olsun tutulmayıb və azadlıqda qalması, eyni zamanda məsuliyyətdən yayınması üçün cinayət işinin istintaqını uzatmaqla ona şərait yaradırlar. Hətta bizdə olan məlumata görə, təqsirləndirilən şəxs 2023-cü ilin mayında ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə gözlənilən amnistiya aktının qəbuluna qədər istintaqın uzadılacağına və məsuliyyətdən yayındırılacağına təminat alıb”.

Ü.Əhmədova əlavə edib ki, baş verənlərlə bağlı Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb və istintaqın ədalətli şəkildə aparılmasını xahiş edib.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, qeyd edilən cinayət işi üzrə ibtidai istintaq davam etdirilir: “Zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra müvafiq qərarın qəbul edilməsi təmin ediləcək”.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü mərhum Mərdan Əhmədov Daxili Qoşunların ehtiyatda olan xüsusi təyinatlı polkovnik-leytenantı olaraq xidmət müddətində Azərbaycan Prezidenti adından qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı ilə təltif olunub.




Paylaş:


Müəllif : Tarix:
23-02-2023, 11:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər