reklam
Regionxeberlericom.az » Gündəm » “Polad Bülbüloğlu geri çağırılır” xəbəri - Rusiyada dördüncü səfirimizin adı...

reklam

“Polad Bülbüloğlu geri çağırılır” xəbəri - Rusiyada dördüncü səfirimizin adı...















Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu geri çağırılacaq. “Yeni Müsavat” Gununsesi.info-ya istinadən xəbər verir ki, qərar yaxın zamanlarda veriləcək. Onun geri çağırılması yaş həddi ilə bağlı olsa da ancaq Moskvadakı səfirlikdə maliyyə pozuntularının üzə çıxması bunu xüsusi zəruri edib.

Saytın məlumatına görə, maliyyə qurumlarının apardığı yoxlamada ciddi mənimsəmələr və digər qanunsuzluqlar üzə çıxıb. Rusiyadakı səfirliyimiz Polad Bülbüloğlunun geri çağırılması ilə bağlı dərc olunan bu xəbərə münasibət bildirib. Səfirlikdən bildirilib ki, maliyyə pozuntuları ilə bağlı iddianın heç bir əsası yoxdur və yalnız daha çox oxucu cəlb etmək məqsədi daşıyır. “Səfirlərin təyinatı məsələsi dövlət başçısının səlahiyyətindədir. Nəyi, necə və nə vaxt edəcəyini prezidentimiz hamıdan yaxşı bilir”, - deyə, səfirlikdən Haqqın.az-a bildirilib.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-cı ildən bu postu tutur. Onun 78 yaşı var. P.Bülbüloğlunun əvəzlənəcəyi haqda bundan əvvəl də xəbərlər yayılmışdı. Obyektiv ekspertlər hesab edir ki, P.Bülbüloğlu uğurlu səfir olub. O, Rusiyanı yaxşı tanıyır və Rusiya da ona hörməti olan ölkədir. Ancaq sözsüz ki, ömürlük, əbədi vəzifə olmur. Üstəlik, yaş öz sözünü deyir. Bülbüloğlunun yerinə Moskvaya göndəriləcək şəxslə bağlı müxtəlif iddialar var. Məsələn, yazıçı Kamal Abdulla, spiker Sahibə Qafarova və digər iddialar var. Onu da bildirək ki, müstəqillikdən üzü bəri Azərbaycanın Rusiyada cəmi üç səfiri olub. Elçibəy iqtidarı dövründə bu vəzifəni Hikmət Hacızadə icra edib. 1993-cü ildən 2005-ci ilədək Ramiz Rzayev səfir olub. 2006-cı ildən isə P.Bülbüloğlu bu vəzifədədir.

Polad Bülbüloğlunun bir ölkədə bu qədər uzun müddət səfirlik edə bilməsinin yeganə səbəbi onun Rusiyada çox məşhur olması, tanınması, geniş əlaqələrə malik olması və sıravi ruslar tərəfindən belə çox sevilməsidir. P.Bülbüloğlu sovet vaxtından Rusiyada həddən artıq dinlənilən və qəbul edilən bir sənətçidir. Onun Rusiya efir məkanlarındakı çıxışları zamanı da aparıcıların ona xüsusi sayğı və hörmətlə yanaşdığının dəfələrlə şahidi olmuşuq.

Bugünlərdə Ukraynadakı səfir Elmira Axundovanın da vəzifəsindən geri çağırılması ilə bağlı məlumatlar yayılmışdı. E.Axundova 2020-ci ilin martında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib. O da bildirilirdi ki, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbəri artıq təsdiqlənib. Lakin Prezident sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu, aqriman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub. XİN-dən isə bu barədə hər hansı məlumatları olmadığı deyilmişdi. Maraqlıdır, P.Bülbüloğlunu bundan sonra kim əvəz edə bilər, Moskvadakı səfir necə biri olmalıdır? Çünki Rusiya ilə əlaqələrimizin spesifik xüsusiyyətləri və xarakteri var. Moskvaya elə bir səfir getməlidir ki, həm Rusiya dövləti qəbul etsin, hörməti olsun, həm orada yaşayan azərbaycanlılar içərisində nüfuz sahibi kimi rəğbət qazansın. Eləcə də Bakı-Moskva əlaqələrində müsbət rol oynasın...

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan diplomatiyası üçün çox vacib bir mövzudur. “Polad Bülbüloğludan sonra o mövqedə dayanan adam peşəkar diplomat olmalıdır. Diplomatiyada siyasətçi və diplomat bir-birini tamamlayan amillərdir. Siyasət diplomatiyanın bir hissəsidir, amma diplomatiya bir çox dəyərləri özündə ehtiva edir. Ona görə Rusiyadakı səfirimiz güclü adam olmalıdır. Yəni ikitərəfli münasibətlərin tarixini bilən, postsovet və Avrasiya proseslərini, tendensiyaları izləyən biri olmalıdır. Çünki Rusiya-Azərbaycan münasibətləri bir ayda formalaşmır”, - deyə T.Abbasov qeyd etdi.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin gedişində yeni konfiqurasiyalar meydana çıxır, çağırışlar olunur: “Dostlarımız Rusiya ilə əlaqələrin pozulmamasına çalışır, amma bədxahlar gərginlik olması üçün dəridən-qabıqdan çıxırlar. O baxımdan, Polad müəllimin ciddi üstünlükləri var idi. İlk növbədə böyük idarəetmə məktəbi keçib, o cümlədən özünün şəxsi keyfiyyətləri var. İkitərəfli əlaqələrdə hər hansı gərginlik olanda prosesləri yumşalda bilir, cavabını verir, bir sözlə, "quşu gözündən vurur". Eyni zamanda cənab Prezident ona etimad göstərib. Amma sözsüz ki, hər şeyi əvvəli kimi sonu da var. Burada yorğunluq da əsas rol oynayır. Odur ki, onun xələfi peşəkar diplomat olmalıdır, Rusiya dövləti və cəmiyyətində qəbul edilməlidir. Misal üçün, Rusiyanın Ermənistanda olan Sergey Kopırkinin manevrlərinə baxıram, çox güclü diplomatdır, məharətlə davranır. Ermənistan kimi mürəkkəb yerdə ustalıqla fəaliyyət göstərir. O baxımdan Polad müəllim də belə bir məktəbin nümayəndəsidir və Rusiya-Azərbaycan münasibətlərində yaşanmış enişli-yoxuşlu məqamlara baxmayaraq, onun səfir fəaliyyəti uğurlu olub. Amma bundan sonra nisbətən cavan bir səfir olmalıdır. Sadəcə, ad çəkmək düzgün deyil, bu məsələ prezidentin səlahiyyətindədir".




Paylaş:


Müəllif : Tarix:
12-04-2023, 12:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər