reklam
Regionxeberlericom.az » Gündəm » DÖNƏRXANALARDAN ƏTİ BU İKİ ŞİRKƏTDƏN ALMAQ TƏLƏB OLUNUR? - “AQTA sahibkarları hər hansı şirkətə yönləndirə bilməz”

reklam

DÖNƏRXANALARDAN ƏTİ BU İKİ ŞİRKƏTDƏN ALMAQ TƏLƏB OLUNUR? - “AQTA sahibkarları hər hansı şirkətə yönləndirə bilməz”













“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları dönər satılan obyektlərdə reydlər apararaq, sahibkarlara xəbərdarlıq edirlər. Tələbləri isə budur ki, sahibkar dönər hazırlanarkən istifadə olunan ət məhsulunu mütləq şəkildə “Halal Pak” və “AzBanvit” şirkətlərindən almalıdır. Bunu guya mənşəyi məlum olmayan ətlərin bazara daxil olmasının qarşısını almaq məqsədi ilə etdiklərini deyirlər. Əks halda 900 və 5000 manat cərimə, növbəti dəfə eyni hal təkrarlanarsa cinayət məsuliyyətinə cəlb olunacağımızla bağlı bizi hədələyirlər”.

Bunları “AzPolitika.info”-ya müraciətində dönər biznesi sahəsində çalışan bir qrup sahibkar bildirib.

Onlar daha yaxşı və öz reseptləri əsasında hazırlanan ət məhsulunu satmaq istəsələr də, buna icazə verilmədiyini deyirlər. Sahibkarlar mövcud vəziyyətin inhisarçılığa səbəb olduğunu və bunun biznes fəaliyyətlərinə mənfi təsir etdiyini bidirirlər.

Məlumat üçün qeyd edək ki, 2012-ci ildə ölkədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 106 nömrəli əmri ilə dönərin hazırlanma standartları müəyyən edilib. Elə həmin ilin oktyabr ayından başlayaraq qərar tətbiq edilməyə başlanılıb. Həmin vaxt dönərxanaları ətlə təmin edən 3 şirkət müəyyən olunmuşdu. Onlar - “Azbanvit”, “Elba MMC” və “Çudo Peçka” müəssisələri idi.

Bir müddət sonra “Elba MMC” və “Çudo Peçka” şirkətləri bu sahədəki fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar. 20 aprel 2018-ci il tarixdə isə Prezidentin qərarı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Bundan sonra dönər sahəsinə nəzarət Qida Təhlükəsizliyi Agentliyinə keçib.

Bu mövzuyla bağlı AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, qurum tərəfindən dönərxanalarda planlı və plandankənar yoxlamalar aparılır:“Bu yoxlamalar Ədliyyə Nazilriyindən çıxarış və ya “Qaynar xətt”ə ünvanlanan şikayət əsasında keçirilir. Biz vaxtaşırı bu yoxlamalarla bağlı qurumun rəsmi saytında məlumat dərc edirik”.

İ. Kərimov qeyd olunan faktların araşdırılmalı olduğunu bildirib:“Bu məsələ araşdırılmalıdır. Dönərxanalarda xəbərdarlıq və ya tövsiyyə xarakterli belə məlumatlar verilə bilməz. Əgər bu faktlar öz təsdiqini taparsa, biz bununla bağlı ən sərt tədbirləri görəcəyik. Bu cür halla qarşılaşan sahibkarlar “1003 - Qaynar xətti”nə zəng vuraraq, şikayətlərini bildirməlidirlər”.

Qeyd edək ki, “AzBanvit”-in rəsmi səhifəsində qeyd olunur ki, şirkət 1996-cı ildən Azərbaycanda “Banvit” markasının nümayəndəsi kimi fəaliyyətə başlayıb. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti "AzProtein Foods Group” kimi “AzBanvit” markası adı altında dana əti istehsalı ilə məşğul olur. Fermaya 6 aylıq ikən gətirilən buzovların kəsim yaşına qədər burada yetişdirildiyi qeyd olunur.

“Halal Pak” şirkəti ilə bağlı isə internet resurslarında heç bir məlumata rast gəlmədik.

İqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, AQTA məhsul alımıyla bağlı sahibkarları hər hansı bir şirkətə yönləndirə bilməz:“AQTA yalnız ətin sertifikatının olub-olmaması ilə bağlı sahibkardan sənəd tələb edə bilər. Bu qida sənayesində normal bir haldır. Çünki alınan məhsul standartlara uyğun olmalıdır. Bu standartlara əməl olunmayan zaman bazara mənşəyi məlum olmayan ət məhsulları daxil ola bilir”.

Ekspert qeyd edir ki, Azərbaycanda həmin standartlara uyğun fəaliyyət göstərən cəmi iki şirkətin olması düşündürücüdür:“Ölkədə bu standartlara uyğun olan cəmi iki şirkət varmı, yoxmu? Bu, bilinmir. Əgər digər şirkətlər standartlara uyğun fəaliyyət göstərə bilirsə və AQTA onlardan deyil də, məhz bu şirkətlərdən ət almağı tələb edirsə, bu, qanun pozuntusudur. Hesab edirəm ki, ət satıcıları da işlərini AQTA-nın tələblərinə uyğun qurmalıdırlar”.

Məlumat üçün qeyd edək ki, hazırda təkcə paytaxt Bakıda 15 mindən artıq dönərxana fəaliyyət göstərir. Bu dönərxanaların böyük əkəsriyyətində AQTA tərəfindən verilən təhlükəsizlik sertifikatına rast gəlmək mümkündür. Sual olunur ki, əgər AQTA müsəssisədə satılan məhsulun təhlükəsizliyinə dair sertifikat verirsə, onda ikinci dəfə “təhlükəsizlik” adı altında sahibkarları niyə bu iki şirkətə yönləndirməyə çalışır?

Sözsüz ki, bu cür tələblər ölkədə sahibkarlıq və azad rəqabət mühitinə ciddi şəkildə mənfi təsir göstərmək, sahibkarları dövlətdən narazı salmaqdan başqa heç bir işə yaramır…




Paylaş:


Müəllif : Tarix:
22-07-2023, 09:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər