reklam
Regionxeberlericom.az » Gündəm » Prezidentin açılışını etdiyini hospital 2 ildir təhvil alınmır – Naxçıvan sərgüşətləri – I Hissə

reklam

Prezidentin açılışını etdiyini hospital 2 ildir təhvil alınmır – Naxçıvan sərgüşətləri – I Hissə













Naxçıvanın 7 "xaruqəsi" haqqında esse
Məni Naxçıvana aparan “dua”
Hər dəfə Naxçıvandan mənə telefon açıb Vasif Talıbovun atasına rəhmət oxuyanların “dua”larını eşidəndə özümü söyülmüş kimi hiss edirdim. Çünki bu diyarın insanlarının təsəvvürünə görə, Vasif Talıbov xanədanının yıxılışının əsl səbəbkarı mənim Facebookdakı paylaşımlarım olub. Sözsüz ki, bu qənaət kökündən yanlış idi. Vasif Talıbov Naxçıvandakı mübahisəli fəaliyyətinin qurbanı olmuşdu, sadəcə həmin dövrlərdə mən də adətim üzrə onu tənqid edirdim. Bu cür yanlış düşüncələrə qapılan və Vasif xanın xiffətini çəkən insanların dualarını mənim üzümə oxumalarını, yumşaq desək, şəxsimə ünvanlanmış qarğış kimi alqılayır və bundan xeyli mütəəssir olurdum. Və 30 ilə yaxın Naxçıvan camaatına zülm etmiş bir insanın birdən-birə aranan qənimət birinə çevrilməsinin sirrinə vaqif olmaq, bunun səbəbini araşdırmaq mənim ən böyük istəyim halına gəlmişdi. Allah belə bir fürsəti, nəhayət, öz sevimli bəndəsinə nəsib etdi. Naxçıvandan gələn “buyur, gəl, vəziyyəti yerində obyektiv araşdır” təklifini böyük məmnuniyyətlə qəbul etdim.

Naxçıvan səfərimizin ilk günündə bu diyarda fəaliyyət göstərən bir sıra müəssisələrə baş çəkdik. Məqsədimiz Vasif Talıbovun atasına rəhmət oxunuşunun altında yatan hikməti anlamaq və ictimaiyyətə çatdırmaqdı. Hələlik onu deyə bilərəm ki, səfərimiz çərçivəsində cavabını axtardığım bir çox sualların ipuclarını yaxalamaq imkanım oldu və təəssüratlarımı ayrıntılı şəkildə sizinlə paylaşacağam.

Etiraf edim ki, Naxçıvan rəhbərliyi bizim sərbəst fəaliyyətimizə nəinki mane olmadı, hətta bəzi məqamlarda texniki dəstəyini belə əsirgəmədi. Hiss onurdu ki, Vasif Talıbovun atasına rəhmət oxunmasının sirrinin çözülməsində onlar da mənim qədər maraqlı idilər.
Aşsüzən – hospital

Bizə hətta hərbi obyekt sayılan Naxçıvan hərbi hospitalının içərisinə girib otaqlarını bir-bir “təftiş” etmək imkanı yaradıldı. Baxmayaraq ki, “təftiş”imizin sonunda Naxçıvan rəhbərliyinin “ricası” da qarşımıza ciddi şərt kimi qoyuldu: “mümkün qədər bu müəssisənin hərbi obyekt olduğunu nəzərə alıb gördükləri nöqsanlara korrektəli yanaşsınlar. Dost var, düşmən var, hər eybimizi faş etmək “qaş düzəldərkən göz çıxarmaq” effekti də verə bilər”.

Təbii ki, bu narahatlığın haqlı əsasları vardı və onunla razılaşmamaq mümkün deyildi. Üstəlik, biz Naxçıvandaydıq və bu diyara ta qədimdən “gülüm Naxçıvan” deyiblər. Qışda Sibir qədər soyuq, yayda cəhənnəm quyularından biri sayılan qəbir qədər isti olan bu diyarda təbəssümlü gülüşlərin anidən buzlu qəzəblə əvəzlənməməsi ehtimalı da yox deyildi. Odur ki, Naxçıvan rəhbərliyinin incə xahişini eyni nəzakətlə qəbul etdik.

Naxçıvan rəhbərliyinin xətrinə, təkcə Azərbaycanın yox, eləcə də Cənubi Qafqazın ən böyük hərbi hospitalı olan bu müəssisə barədə çox danışmaq fikrim yoxdur, sadəcə onu demək istəyirəm ki, 2 il əvvəl Prezident İlham Əliyev tərəfindən böyük təmtəraqla açılan bu müəssisə indiyədək təhvil alınmayıb. Baxmayaraq ki, müəssisədə sıdırğı iş gedir və bəzi əsgərlər orada müalicə olunurlar.

Hospitalın kordiologiya şöbəsində təsadüfən qarşılaşdığım 3 əsgərdən onlara necə baxıldığı ilə maraqlandım. Gileylənmədilər, əksinə, həkimlərin onlarla xoş rəftarından, hospitalın şəraitindən ağız dolusu danışdılar. Biz isə ətrafa göz gəzdirdikcə bu “möhtəşəm” xəstəxanın divarlarında xeyli sayda “yamaq”lar görürdük. “Yamaq”ların səbəbləri ilə maraqlandıq. Məlum oldu ki, hospitalın indiyədək təhvil verilməməsi elə bu “yamaq”ların altında gizlidir. Zira bu “yamaq”lar divarlarda əmələ gələn çatları tutmaq üçün vurulmuşdu. Çatların fundamental səbəblərdən, yoxsa adi şkatur nöqsanından qaynaqlanıb-qaynaqlanmadığı isə bilinmir. Məhz bu səbəbdən də Naxçıvanın yeni rəhbərliyi hospitalı təhvil götürmür, podratçı şirkətdən (Emin Uçarın “Arkoz” şirkətindən) nöqsanları aradan qaldırılması tələb olunur. Podratçı şirkət isə “əlavə iş” müqabilində əlavə də ödənişlər istəyir. Beləcə, sifarişçi ilə podratçı arasında bitib tükənməyən mübahisələr Prezident İlham Əliyevin 2 il əvvəl böyük təmtəraqla açılışını etdiyi və yəqin ki, 10 milyonlarla manata başa gələn bu hərbi müəssisənin taleyini havadan asılı vəziyyətdə qoyur.

Hospitalın bundan əlavə, başqa problemləri də var. Məsələn, hospitalın divarları, tualetinin tavanı, döşəməsi su buraxır. Müəssisəyə baş çəkdiyimiz gün, bilmirəm, xoşbəxtlikdənmi, ya bədbəxtçilikdənmi, Naxçıvana yağış yağırdı və biz sözügedən iddiaların canlı şahidi olduq. Xüsusilə hospitalın “-1-ci mərtəbə” adlanan zirzəmisində bir çox otaqlar deşilmiş çən kimi su buraxırdı. Zirzəmi deyib keçməyin, müəssisənin kordiologiya, morq və digər önəmli şöbələri bu mərtəbədə yerləşirdi. Maraqlı idi ki, tibb müəssisəsinin morqunda havalandırma sistemi belə düzgün qurulmamış, Bakıdan gələn yoxlama komissiyası ona istifadəyə yararsız rəyi vermişdi.

Diqqətimi çəkən digər xüsus zirzəmi qatında yerləşən iki otaqda pəncərələrin olmaması idi. Həmin pəncərəsiz otaqlardan biri də tibb bacılarına məxsus idi. Tibb bacılarından pəncərəsiz otaqda işləməyin necə olduğunu soruşdum. “Xan” xofu hələ də canlarından çıxmayan tibb bacıları nəzakətlə mənə müsahibə verə bilməyəcəklərini bildirdilər. Yerli rəhbərliyin xahişini nəzərə alıb mən də onların üstünə çox getmədim. Necə olsa, mən çıxıb gedəcəkdim, bu zəhmətkeş xanımlar isə Naxçıvanda qalacaqdılar və yeri gələndə onları heç kim yerli məmurların qəzəbindən xilas edə bilməyəcəkdi.

Hospitalın döşəmələri kafeldən imiş

Tualetin sızması barədə iddiaları yoxlamaq üçün zirzəmidəki və 1-ci mərtəbədəki tualetlərə baxmaq istədim. Qapıları bağlı idi. Belə anladım ki, müəssisənin rəhbərliyi çox istifadə olunmasın deyə onları bağlı saxlayırdı. İsrarlı xahişimdən sonra 1-ci mərtəbənin tualetini açdılar. İçəri girəndə tualetin tavanındakı örtüyün tamamilə çökdüyünün şahidi oldum. Müəssisənin hərbi formalı mütəxəssisi iti addımlarla özünü bizə yetirdi və çöküşün səbəbinə belə aydınlıq gətirdi:

-Zirzəmi qatı, 1-ci, 2-cı və 3-cü mərtəbənin tualetinin döşəməsinə metlax əvəzinə kafel vurulub, ona görə də bu materiallar su saxlamır və sızmalar nəticəsində tavanın örtüyü çöküb.

-Bəs digər mərtəbələrdə vəziyyət necədir?

-Yuxarı mərtəbələrdə döşəməyə əslində metlax vurulub, amma onlar da su saxlamır.

Bir sözlə, “Qul xətasız olmaz, ağa kərəmsiz” atalar sözünə inandığımdan və Naxçıvan rəhbərliyinin nəcib kərəminə sığınaraq deyərdim ki, Naxçıvanda Prezident İlham Əliyevin 2 il əvvəl böyük təmtəraqla açdığı hərbi hospital əslində tibb müəssisəsi yox, nəhəng aşsüzən imiş. Naxçıvanın yeni rəhbərliyi isə “ağa kərəminə” malik olmadığından hospitalı təhvil götürmək istəmir.
Naxçıvanın 2-ci “xaruqəsi” - Səs-küydən əsim-əsim əsən və yeriyən məktəb

Yeri gəlmişkən, Naxçıvanda “Vasif Talıbovun atasına rəhmət oxunuşunun, haqqında danışdığımız sifarişçi – podratçı çəkişməsinə də birbaşa dəxli var. Belə mübahisə predmetlərindən biri Naxçıvanın Çənlibel məhəlləsində yerləşən 14 saylı məktəbdir. 1404 şagirdin təhsil aldığı bu məktəb Naxçıvanın ən iri təhsil ocaqlarındandır. Məktəb 2007-ci ildə inşa olunub. Bu təhsil ocağı da hərbi hospital kimi “Arkoz” (əvvəlki “Gəmiqaya”) inşaat şirkəti tərəfindən tikilib və təhvil verilib. Üzərindən az keçməmiş məktəb binasının məktəbli uşaqların səs-küyündən “lərzəyə gələrək titrədiyi” məlum olub. Vasif Talıbovun dövründə “xan” həzrətlərinin xofu uşaq səs-küyünü basdığından məktəbin əsim-əsim əsməsinə göz yumulub. Əlbəttə ki, bu “təmkinli” davranış səbəbsiz olmayıb. Axı, “Arkoz” şirkəti vaxtilə “xanzadə” Rza əfəndi ilə türkiyəli iş adamı Emin Uçarın ortaq müəssisəsi idi. Naxçıvanda kimin həddi nə idi, “xanzadə”lərin himayəsində olan tikinti şirkətinin məktəb əvəzinə nəhəng yellənəcək inşa etməsinə “mız qoya”? Məhz bu səbəbdən də məktəbə “mız qoyuluşu” da “xan” həzrətlərinin istefaya göndərilməsindən sonraya təsadüf edir. Yeni hökumət faktiki qəzalı vəziyyətdə olan məktəbin qüsurlarının aradan qaldırılmasına qərar verib. Nöqsanların müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan FHN-nə müraciət edilib. FHN-nin araşdırması zamanı bir çox qüsurlar ortaya çıxıb. Nazirliyin yanında fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi rəyə inansaq, məktəb Naxçıvanın seysmik tələbatına cavab vermir:


“"AzDTN 2.3-1" normativ sənədin tələblərinə görə Naxçıvan Muxtar Respublikası 9 ballıq seysmik rayonuna aiddir.

Müayinə nəticələri əsasında qeyd etmək olar ki, binanın yükdaşıyan konstruksiyaları

"AzDTN 2.3-1 seysmik rayonlarında tikinti normativ sənədlərin tələblərinə cavab vermir”.

Məktəb direktoru ilə söhbətimiz (Bu linkdə)





Məktəbin istifadəyə yararsızlığı binanın arxa tərəfindəki pilləkəndə də özünü açıq şəkildə büruzə verirdi. Pilləkənin 16 il ərzində 3-4 sm. çökməsi, hardasa 10 sm. qabağa “sıçraması” hər halından bəlli idi. Pilləkənin qabağa və aşağıya hərəkət prosesi divarlarda da iz buraxmışdı. Yəni Naxçıvanın “7 xaruqə”sindən biri hesab etdiyimiz 14 saylı məktəb təkcə şagirdlərin səsindən lərzəyə gəlmir, həm də irəli-geri yeriməyi də bacarırmış. Məktəb binasının bu “nümunəvi məharəti”nin sirrinin nədən qaynaqlandığını soruşduğumuz podratçı şirkətin tikinti şöbəsinin rəhbəri Asəf Məmmədov isə burada qeyri-adi heç nə görmədi. Onun sözlərinə görə, Naxçıvanın yer quruluşu elədir ki, burada çökmələr və türklər demiş “yan cizmələr” baş verə bilər. Üstəlik, bütün bu hərəkətlər pilləkəndə baş verdiyindən ciddiyə almağa ehtiyac yoxdur. Əsas odur ki, məktəb binası hələ də öz yerindədir və o, “sağlam təməllər” üzərində inşa olunub. Mühəndis olmadığımızdan Asəf müəllimlə mübahisəyə girmədik və bunu işin ərbablarının öhdəsinə buraxdıq.

Ardı II hissədə
Heydər Oğuz,
Ovqat.com




Paylaş:


Müəllif : Tarix:
19-12-2023, 08:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər