reklam
Regionxeberlericom.az » Gündəm » MÜDAFİƏ NAZİRLİYİNDƏN OĞURLANAN 100 MİLYON NECƏ BÖLÜŞDÜRÜLÜB? - "Pul bölgüsü belə olub..."

reklam

MÜDAFİƏ NAZİRLİYİNDƏN OĞURLANAN 100 MİLYON NECƏ BÖLÜŞDÜRÜLÜB? - "Pul bölgüsü belə olub..."

















Fevralın 2-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərilərinin cinayət işi üzrə proses davam etdiriləcək. Hakim qarşısına Nizami Məmmədovla yanaşı Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.

Musavat.com xəbər verir ki, müttəhimlər dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq zamanı cinayət işi üzrə ümumilikdə dövlətə 143 milyon manat ziyan vurulduğu müəyyən olunub. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclaslarda şahidlər müdafiə xərclərinin necə mənimsənildiyinə dair bir-birində ilginc ifadələr verirlər. Göründüyü kimi istintaq dövründə müttəhimlər oğurladıqları 140 milyon manatın 40 milyonunu geri qaytarıblar. Bu günə qədər keçirilən məhkəmə araşdırmalarında 100 milyon manatın taleyi isə hələ ki, məlum olmayıb.

Yoxlayıblar, pul alıblar, aldıqları pullardan onları yoxlayanlara da veriblər

Sonuncu (yanvarın 26-da)iclasda hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Anar Məmmədov ifadəsində deyib ki, təqsirləndirilən Cəlal Kazımov rəisi olub. Onun sözlərinə görə, 2 hərbi hissədə maliyyə xidməti rəisi vəzifəsində çalışıb: “Hərbi hissədə yoxlama aparılıb, əlavə şişirdilmiş vəsaitlər müəyyən edilib. Həmin vasitələri də özümüzə götürmüşük. Sonradan yoxlamaya gələnlərə həmin vəsaitlərin bir hissəsini vermişik”.

Pullar kimə çatıb?

Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib və həmin yoxlamaların nəticəsi ilə razılaşıb. Onun işlədiyi birinci hərbi hissədə aparılan yoxlama zamanı 391 min 961 manat, digər hərbi hissədə isə 50 min manat ziyan müəyyən edilib. Şahid bildirib ki, həmin məbləğin 161 min manatı onun tərəfindən mənimsənilib: “Qalan vəsait isə müxtəlif vaxtlarda yoxlamaya gələn Həsən Paşayev və Kərəm müəllimə verilib. Bundan əlavə isə yoxlamaya gələn Cəlal Kazımova da pullar vermişəm. Mənim birinci xidmət etdiyim hərbi hissədə Cəlal müəllimə tabe olmuşam. Bu səbəbdən yoxlamaların çoxunu da onun özü aparıb. Cəlal müəllim mənim rəisim olub, nə deyib, onu da etmişəm. Onların həmin pulları kimlərə çatdırdığın bilməmişəm”.

“Yoxlama idarəsinin rəisi Namiq Poladovun yaxın adamı idi”

Cəlal Kazımov keçmiş işçisini yalan danışmaqda ittiham edib: “Bu, bizim qoyduğumuz qayda ilə işləməyib. Heç kimə də bir qəpik pul verməyib. Daxili Qoşunlardan gəlmişdi, orada gizir idi, bizdə zabit oldu. Bu hərbi hissədə olan qadınların adına pulları vurub, sonra onlardan hansısa yolla alırdı. Bununla bağlı məsələləri birbaşa rəisim olan Rafael Xələfova məruzə etmişəm. Məndən qabaq heç kim bunun işini yoxlamayıb. Çünki nazirlikdə yoxlama idarəsinin rəisi Namiq Poladovun yaxın adamı idi. İşində çatışmazlıqları aşkar edib, izahatını almışdım. Pulları da vermirdi. Axırda bağını satıb verəcəyini bildirdi. Sonradan nazirlikdə aləm bir-birinə dəydi. Dedilər onunla nə işin var? Birbaşa nazirin bacanağı Elxan İbrahimova çıxmışdı. Bütün məsələləri birbaşa Nizami müəllimə dedim”.

Nizami Məmmədov deyib ki, məsələlərdən xəbərdar olub: “Tapşırıq verdim ki, heç kim ondan pul almasın, nə də artıq maliyyə sifarişi qəbul etməsin. Həm də ona ciddi nəzarət edilməsi ilə bağlı tapşırıq verdim. Bir müddət sonra həmin hərbi hissədən çıxartdım, başqa balaca hərbi hissəyə göndərdim. Anar Məmmədovda olan artıq pulun dövlət büdcəsinə qaytarılmasını tələb etdim və pul dövlət büdcəsinə qaytarıldı. İndi burada mənə məlum olur ki, digər hərbi hissədə də əməllərini davam etdirib”.

Pulu qaytar!

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahidə dövlətə vurulmuş ziyanı ödəməyi təklif edib. Deyib ki, şahid Anar Məmmədov tərəfindən vurulmuş ziyanla bağlı burada olan digər təqsirləndirilən şəxslərə ümumi ittiham verilib. Vəkil deyib ki, vurulmuş ziyanı tərəflərin ödəməsi ümumi işin xeyrinə ola bilər.

Bu məsələ ilə bağlı prosesdə sədrlik edən hakim Fikrət Əliyev də şahidə qısa arayış verib: “Bütün görülən işlər vahid cinayət işində birləşdirilib. Ziyanın ödənilməsi işin hallarına müsbət təsir göstərir. Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə ziyan ödənildiyi halda istintaq tərəfindən cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilir. Lakin dəymiş ziyanın ödəməyən şəxsin barəsində həbs qətimkan tədbiri seçilir. Şahidlərlə bağlı vurulmuş ziyan üzrə ayrıca icraatda iş gedir. Bu səbəbdən hazırda istintaqı aparılan işlər hazırkı cinayət işi üzrə aparılan araşdırmalarla əlaqəlidir. Sizə məsləhət görürəm ki, ziyanı ödəyəsiz. Yoxsa barənizdə tədbir görülə bilər. İndi ziyanı ödəmək öz işinizdir. Amma mən yumşaq şəkildə problemin həlli yolunu sizə izah etdim”.

Pul bölgüsü belə olub: 65 faizini yoxlamaya gələnlərə vermişəm, 35 faizini özünə götürmüşəm

Şahid qismində ifadə verən Emin Əhmədov qanunsuzluğa yol verildiyini, nəticədə dövlətə ziyan dəyib: “Bizə qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib. Sonradan yoxlamalar aparılıb. Artıq qalan vəsaitin 65 faizini yoxlamaya gələnlərə vermişəm, 35 faizini özünə götürmüşəm. Ümumilikdə tərəfimdən dövlətə dəyən ziyan 108 min manatdır. Bunun da 30 min manatını ödəmişəm. Qalan pulu da ödəyəcəyəm”.




Paylaş:


Müəllif : Tarix:
1-02-2024, 18:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər