reklam
Regionxeberlericom.az » Gündəm » Talıbovun baş naziri həbsə gedir - Özü ilə kimləri “içəri” aparacaq?

reklam

Talıbovun baş naziri həbsə gedir - Özü ilə kimləri “içəri” aparacaq?
















5 gün əvvəl vəzifəsindən azad edilən Naxçıvanın sabiq baş naziri Səbuhi Məmmədovun istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar var.

Bu haqda Musavat.com-u bilgiləndirən mənbənin sözlərinə görə, Səbuhi Məmmədov sabiq Ali Məclis sədri Vasif Talıbov və digərilərinin işi üzrə dindirilib. 

Səbuhi Məmmədovun adı Naxçıvanda dövlət büdcəsindən əsassız xərcləmələr və mənimsəmələrdə keçirdi. İddialara görə, illərdir muxtar respublikanın bank və maliyyə sektoruna, dolayı yolla, iqtisadiyyatına nəzarət edən Səbuhi Məmmədov baş nazir olduğu ötən 4 ildə onun sərəncamları ilə dövlət büdcəsindən vəsaitlər əsassız olaraq Naxçıvanın İnkişaf Fonduna yönəldilib, silinib və mənimsənilib. Naxçıvanın keçmiş maliyyə naziri Rəfail Əliyev, Tikinti və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov, Gömrük komitəsinin keçmiş maliyyə rəisi Mənsur Əsgərov da məhz Səbuhi Məmmədovun tabeçiliyində olan sahələrdən mənimsəmələrə görə həbsdədirlər. Səbuhi Məmmədov Naxçıvan MR Nazirlər Kabinetində özünə yaxın şəxslərdən ibarət komanda toplayıb. Mediada o da bildirilirdi ki, Naxçıvanda keçmiş Ali Məclis sədri Vasif Talıbova bağlı köhnə komandası yeni rəhbərliyə qarşı addımlar atıb. Görünür, yeni baş nazir indi həm də S.Məmmədovun kadrlarını “təmizləməlidir” ki, normal işləmək imkan olsun. O da mümkündür ki, sabiq baş nazirə müvafiq orqanların da xeyli sualları olsun. Vasif Talıbovun əsas kadrlarından biri olan Səbuhi Məmmədov Naxçıvanda Talıbov erası bitəndən sonra da vəzifədə saxlanılmışdı.

Onun faktiki ev dustağı olan Vasif Talıbovla münasibətlərinin davam etdiyi, hətta tez-tez “xan”ın sığındığı imarətdə peyda olması xəbərləri də var. Məlumdur ki, Vasif Talıbov vəzifədən uzaqlaşdırılandan sonra onun əmlakları, varidatı siyahılaşdırılıb, “milliləşdirilməsi” üçün ardıcıl addımlar atılır. Kimsəyə sirr deyil ki, Talıbov 30 ilə yaxın “xan”lığı dövründə olduqca böyük, inanılmaz dərəcədə geniş, az qala sərhədsiz sərvət toplaya bilib və asanlıqla həmin varidatla vidalaşmaq fikrindən uzaqdır. Buna görə də vaxtilə özünün təyin etdiyi, bu gün vəzifələrdə olan kadrlar üzərində gizli müqavimət göstərir. Naxçıvanda tikinti-quruculuq işlərinə ayrılan pulları ələ keçirmək üçün özünə yaxın kadrlar üzərindən planlar gerçəkləşdirməyə çalışır. Təbii ki, bu gedişat diqqətdən kənar qalmır, ötən müddətdə Naxçıvanda yaşanan süni gərginliklərin arxasında Vasif Talıbovun silueti daha aydın görünməyə başlayıb. Odur ki, Naxçıvanda Vasif Talıbovun korupsiya və rüşvət mexanizminin vintcikləri olan kadrlarının tədricən vəzifədən uzaqlaşdırılması kursu bir qədər də sürətlənib. Səbuhi Məmmədovun Vasif Talıbovun sədrliyi zamanında böyük maliyyə axınlarının başında dayandığı və payi-mal olunmasında müstəsna rolu olub. Qeyd edək ki, hazırda Naxçıvan məhkəmələrində Vasif Talıbov və onun komandasına daxil olan vəzifəli şəxslərə qarşı 30-a yaxın iddia var. Cavabdehlər sırasında Rza Talıbovla yanaşı Səbuhi Məmmədov da var. Talıbovlara qarşı iddiaları Naxçıvandan olan, vaxtilə Vasif Talıbovun göstərişi ilə biznesləri, əmlakları əllərindən alınan, özləri Naxçıvandan didərgin salınan iş adamları qaldırıb. Vasif Talıbov Ali Məclis sədri olduğu dönəmdə vəzifəsindən sui-istifadə edərək iş adamlarının sənədli-sübutlu əmlaklarını - istehsal müəssisələrini, bazalarını, bazarlarını, restoranlarını, mağazalarını qanunsuz olaraq əllərindən alıb. Həmin əmlakların dağıdılması üçün icra başçılarına göstərişlər verib.

İcra başçıları da göstərişin qanunsuz olduğunu bilə-bilə əmlakları buldozerin qabağına verib yerlə bir ediblər. Hətta elə sahibkarlar var ki, onların əmlakı dağıdılandan sonra Vasif Talıbovun göstərişi ilə onlardan xarabazara çevrilmiş əmlaklarının qalıqlarının daşınması haqqı da tələb olunub, alınıb. İş adamlarına deyiblər ki, əmlakının dağıdılması zamanı əmələ gələn qalaq-qalaq zibilin daşınması üçün pul ödəməlidir. Vasif Talıbovun təqiblərinə tuş gəlməmək üçün sahibkarlar qanunsuz olaraq dağıdılmış əmlaklarına görə icra başçılarına 100-200 min dollar zibil daşıma haqqı da ödəməli olublar. Bundan başqa, iddia olunur ki, Vasif Talıbov sahibkarların əmlaklarını dağıdandan sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sahibkarlıq obyektlərinə dair arxivini də məhv etdirib. O zaman bu addım sahibkarların əllərində olan, dağıdılmış əmlaklarına dair sənədlərin kötüksüz, saxta olmasını ortaya qoymaq üçün atılıb. Vurğulanır ki, bu gün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində Vasif Talıbov və şəriklərinə məxsus şirkətlərə daxil obyektlərin sənədlərindən savayı hər hansı bir iş adamına məxsus obyektin sənədinin kötüyü yoxdur. Qeyd edək ki, Talıbovların və onlara yaxın kadrların Naxçıvanda həyata keçirdikləri tikinti işləri, tender layihələri bir müddətdir dövlət tərəfindən ciddi araşdırılır. Bu səbəbdən Naxçıvanda keçmiş hakimiyyətə bağlı olan şirkətlərin tikinti işləri dayandırılmışdı. Amma bu da muxtar respublikada işsizliyin artmasına səbəb olmuşdu. Talıbovların, onların şəriklərinin sabotaja bərabər addımları da diqqətdən kənar qalmayıb.

Yaxınlarda Talıbovların yeni və daha əhatəli bir dalğanın ağuşuna tuş gələcəkləri ehtimalı da böyükdür. O da qeyd olunur ki, Səbuhi Məmmədov dindirmələrin nəticəsindən asılı olaraq həbs oluna bilər.

Səbuhi Məmmədov aprelin 25-də Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsindən azad olunub. Bu barədə müvafiq qərar Naxçıvan Ali Məclisinin sessiyasında qəbul edilib. Səbuhi Məmmədov 2020-ci ilin mayında Ali Məclisin o zamankı sədri Vasif Talıbov tərəfindən baş nazir təyin olunmuşdu. O, bu təyinatadək Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini - maliyyə naziri vəzifəsində çalışıb. Səbuhi Məmmədov 1969-cu ildə Şərur rayonunda anadan olub. Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb. O, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, KapitalBank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib. 2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb. 6 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, 2018-ci il noyabrın 30-dan Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini - Maliyyə naziri vəzifəsinə təyin edilib. 





Paylaş:


Müəllif : Tarix:
29-04-2024, 12:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər