reklam
Regionxeberlericom.az » Hadisə » Ucarda Göygöz Kosa peyda olub – Bu kənd susuz qalıb - PROBLEM

reklam

Ucarda Göygöz Kosa peyda olub – Bu kənd susuz qalıb - PROBLEM

Ucar rayonunun Müsüslü kəndinin sakinləri suvarma suyu ilə bağlı çətinliklərlə üzləşirlər.

Bu barədə rayonun bir qrup sakininin Lent.az -a ünvanladığı müraciətdə bildirilib.

1998-ci ildə dövlətdən kəndin əhalisinə 578 hektar torpaq sahəsinin pay olaraq verildiyini qeyd edən sakinlər ərazinin Aran bölgəsində yerləşməsi səbəbindən torpaqların suvarılmasına ehtiyacın çox olduğunu bildiriblər: “Pay torpağının 10 faizini suvara bilirik. Qalan əkin sahələri dəmyə becərildiyindən məhsuldarlıq aşağı olur. Əkin sahələrinin suvarılmamasına səbəb kəndimizə gələn beton su arxının qonşu Pirkənd kəndinin ərazisindən keçməsidir. Beton arxa gələn su pirkəndlilərə məxsus əkin sahələrinin suvarılmasında istifadə edilir. Odur ki, bizim kənddə su qıtlığı yaranır. Yay aylarında kəndin aşağı hissəsinə su gəlib çatmır. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Ağsu-Küllü su kəmərindən kəndimizə bulaq çəkib. Kəndin uzunluğu səkkiz kilometr olduğu halda, cəmisi altı bulaq qoyulduğundan bu bulaqdan əhalinin 1,5 kilometr sahədə yaşayan hissəsi istifadə edə bilir. “Otuz ev” deyilən əraziyə bir bulaq da qoyulmayıb. Sizdən xahiş edirik ki, Pirkənd kəndi ərazisindən keçən beton arxa paralel aşağı hissədən Müsüslü kəndinə əlavə arx çəkilməsinə köməklik edəsiniz. Əgər Pirkəndə gələn su arxı bizə gələn su arxından ayrılarsa, kəndin su çətinliyi aradan qalxar”.

Məsələ ilə bağlı Ucar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Müşviq Məmmədovla əlaqə saxladıq. Onun sözlərinə görə, Mingəçevir su anbarında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən hazırda yalnız Ucar rayonunda deyil, Yuxarı Şirvan kanalından qidalanan bütün rayonlarda suvarma problemi yaranıb: “Ucar rayonunun bir neçə kəndi Yuxarı Şirvan kanalından qidalanır ki, Müsüslü kəndi də oraya aiddir. Hazırda bütün kəndlərə suvarma suyu növbəli verilir. Bu gün əsas məqsəd əhaliyə məişətdə işlədəcəkləri, mal-qaranın istifadə edilməsinə suyun verilməsidir. “30 evlər” deyilən yer də daxil olmaqla suvarmada növbəlilik qaydasına əməl olunmalıdır. Yuxarı Şirvan kanalında olan vəziyyətlə əlaqədar həmin sahənin 10 faizi suvarılırsa, bu yaxşı göstəricidir. Qeyd olunan torpaq sahəsi yalnız payızlıq əkin üçün nəzərdə tutulmayıb. Hazırda rayon ərazisində taxıl əkini gedir. Hamı eyni vaxtda əkir və eyni vaxtda suvarmaq istəyir. Növbəni gözləmək istəmirlər”.

Yeni kanalın çəkilməsi məsələsinə gəlincə, M.Məmmədov bildirib ki, bu məsələ onların səlahiyyətlərində deyil: “Yeni kanalın çəkilməsinə nə qədər zərurət olduğunu aydınlaşdırmalıyıq. Bunu layihəçilər, mütəxəssislər müəyyənləşdirməlidir. Həmin ərazilərdə torpağın nə qədərinin suvarılan, nə qədərinin örüş sahəsi olduğunu və s. müəyyənləşdirmədən bu barədə məlumat verə bilmirik. Bu məsələ hərtərəfli araşdırıldıqdan sonra yeni kanalın çəkilib-çəkilməməsinə ehtiyac olması ilə bağllı təklif verə bilərik. Yəni məsələnin iqtisadi-texniki əsaslandırılmasını verməliyik”.

O qeyd edib ki, əsaslı dəyişikliklər növbəti illərin əsasalı təmir planında nəzərdə tutula bilər.

Problemin mövcud həllinə gəldikdə, qurum rəisi bildirib ki, əvvəlcə vətəndaşlarla əlaqə saxlanacaq, problemin qısa zamanlı həlli üçün kömək olunacaq: “Suvarmanın növbə ilə həyata keçirməsinin təmin olunmasına şərait yaradılacaq.

Bu dəqiqə ən böyük istəyimiz budur ki, yağış-qar olsun və çaylarda suyun səviyyəsi normallşasın, insanları su ilə təmin edə bilək. Hazırda başqa istiqamətdən suyu həmin “30 evlər” deyən əraziyə istiqamətləndirmişik. Yeni kanalın çəkilməsindən də vacib olan Yuxarı Şirvan kanalında suyun miqdarının artırılmasıdır. Şirvan kanalında kifayət qədər su olsa, belə olmaz. 80 kubluq kanalda hazırda cəmi 16 kub su var. Bu qədər suyu da 11 rayon arasında (Aran rayonları) böləndə hər rayona 2,5-3 kub su düşür. Bu problem də təbii ki, artıq neçə ildir qışın quraqlıq keçməsi, yağış və qarın az yağması ilə bağlıdır. Hazırda noyabr ayıdır. Ucar rayonunda 20 dərəcədən yuxarı istilik var”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, məsələ araşdırılacaq: “Həmin əraziyə hansı səbəbdən bulaqların qoyulmadığı, yaşanan çətinliklərin aradan qaldırılması üçün qurumun səlahiyyətində olan məsələlərlə bağlı addımlar atılacaq”.


Paylaş:


Müəllif : Tarix:
14-11-2019, 11:52
Sikayət   


loading...
Загрузка...