reklam
Regionxeberlericom.az » Hadisə » Müğənni cinayət təqibinə görə kompensasiya tələb edir

reklam

Müğənni cinayət təqibinə görə kompensasiya tələb edir


Firdovsi Mahmudov deyir ki, hüquq-mühafizə orqanlarının və məhkəmələrin əsassız qərarlarına görə həm özü, həm də yaxınları əzab-əziyyət çəkməli olub. Onun sözlərinə görə, iki il ərzində keçirdiyi əsəb və sarsıntıdan iflic olub, bədəninin bir tərəfi də işləmir, həyat yoldaşı da başqa ağır xəstəliyə tutulub. Bütün bunlara görə də dövlətdən kompensasiya tələb edir.
Ağdam sakini olan F.Mahmudovun 55 yaşı var, 3 övlad atasıdır. Dediyinə görə, 2017-ci ildə cinayət təqibinə məruz qalmamışdan öncə toylarda müğənnilik etməklə ailəsini dolandırırdı. VÖEN-i də vardı, qazancından vergi də ödəyirdi. Amma 2017-ci ilin yanvarında haqqında cinayət işi başlanandan sonra özünün də, ailəsinin də həyatı darmadağın olub.

31 manatlıq kompensasiya tələbi qaldırıb
F.Mahmudov həmkəndlisi Teyyub Nəcəfova xəsarət yetirməkdə suçlanaraq haqqında CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsiylə cinayət işi başlanıb. O, həbs edilməyib, barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Ağdam Rayon Məhkəməsi 2017-ci ilin avqustunda onu bu maddə ilə təqsirli bilib, aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla, 6 ay islah işləri cəzası kəsib. Günahsız olduğunu deyən F.Mahmudov şikayət versə də, xeyri olmayıb. Gəncə Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə fərqli nəticəyə gəlib, qərarı ləğv edərək işi yenidən araşdırmaqdan ötrü apellyasiya instansiyasına qaytarıb. Bu dəfə Gəncə Apellyasiya Məhkəməsi F.Mahmudovun xeyrinə qərar verib – onun haqqında bəraət hökmü çıxarıb.
Onda da prokurorluq narazı qalıb və bu qərardan Ali Məhkəməyə protest verib. Ancaq Ali Məhkəmə 2019-cu ildə bəraət hökmünü qüvvədə saxlamaqla bu məsələyə son nöqtəni qoyub.

Təxminən bir ildir ki, F.Mahmudov qanunsuz cinayət təqibinə məruz qalmasına görə kompensasiya tələbiylə məhkəmə yollarındadır. O, Maliyyə Nazirliyinə qarşı 31 min manat kompensasiya tələbiylə iddia qaldırıb. Deyir ki, bunun 20 min manatı mənəvi zərərin əvəzi; 6 min manatı əsəbdən səhhətində yaranmış problemlər üzündən fərdi işlə məşğul ola bilməməsi və nəticədə itirdiyi qazanc; 5 min manatı da özünün və həyat yoldaşının sağlamlığının bərpasına çəkdikləri xərcdir.
6 min manat kompensasiya kəsilsə də...
Ağdam Rayon Məhkəməsi onun iddiasını qismən təmin edib – mənəvi ziyana görə Maliyyə Nazirliyinin F.Mahmudova 6 min manat kompensasiya ödəməsi haqda qərar çıxarılıb. Amma Maliyyə Nazirliyi bu qərara etiraz edib və apellyasiya şikayəti verib. Nümayəndəsi də məhkəmədə deyib ki, Maliyyə Nazirliyi F.Mahmudovun hüquqlarını pozmayıb, bu üzdən də ona kompensasiya ödəmək öhdəliyi qanunsuzdur. Onun sözlərinə görə, Maliyyə Nazirliyi özü də dövlət büdcəsindən maliyyələşir, hesabındakı vəsait də bu qurumun saxlanması üçün nəzərdə tutulub.
Nümayəndənin fikrincə, mənəvi ziyanın məbləği də şişirdilib.
F.Mahmudov isə deyir ki, dövlət orqanlarının qanunsuz addımına görə özü və ailəsi ziyan çəkib, ona dəymiş ziyanı da dövlət ödəməlidir: "Mən müğənni kimi, müxtəlif bölgələrdə el şənliklərində çıxış edirdim. Amma haqqımda başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçiləndən sonra rayon ərazisini tərk edə bilmirdim. Tamamilə qazancdan məhrum olmuşdum".
Gəncə Apellyasiya Məhkəməsi martda Maliyyə Nazirliyinin şikayətini qismən təmin edib – F.Mahmudova ödəniləsi kompensasiyanın məbləğini 3000 manata endirib.


Paylaş:


Müəllif : Tarix:
8-04-2020, 10:57
Sikayət   


loading...
Загрузка...