reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda gənc qız ərini atıb sevgilisinə qaçdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

reklam

Azərbaycanda gənc qız ərini atıb sevgilisinə qaçdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI



Bu ilin yanvar ayının 9-da saat 16 radələrində Ağstafa rayonunun Sadıxlı kəndində Taleh Süleymanovun öldürülməsi ilə nəticələnən qətl hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Mustafayev Ramil Məmmədhəsən oğlu barəsində Cinayət Məcəlləsinin 120.2.4 (120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesində bəzi faktlar üzə çıxıb.

Məlum olub ki, qətlə yetirilən Taleh Süleymanov hadisəni törədən Ramilin bcısı ilə qeyri-rəsmi nikahda yaşayırmış. Belə ki, 2013-cü ildə Bakı bulvarında Taleh Ramilin bacısı İradəyə (şərti adlı) yaxınlaşıb və onlar tanış olublar. Həmin vaxt gənc qız qohumu ilə Məmmədlə (şərti adlı) sözlü olub. Lakin sözlüsünün əsgərlikdə olması və Talehi bəyənməsi səbəbindən o, yeni tanış olduğu oğlanla münasibət qurmağa başlayıb. Ailədəki söz-söhbətlər və nəhayət qətl hadisəsinin təməli də həmin vaxt qoyulub.

Qətlə yetirilən şəxsin qardaşı ifadəsində bildirib ki, ailəlikcə Türkiyənin Bursa şəhərində yaşayıblar. Bir müddət əvvəl sənədlərindəki problem və Yeni il bayramını qardaşı Talehlə keçirmək üçün Türkiyədən Azərbaycana qayıdıb: “29 dekabr 2020-ci il tarixdən kəndə qayıtdıqdan sonra qardaşım Taleh və qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı İradə Mustafazadə ilə birlikdə ata yurdunda qalmışıq. Taleh təsərrüfatla məşğul olurdu, 20-30 yeşik arısı vardı və bal satırdı. Taleh xaraktercə sakit və təmiz adam idi, Bakı şəhər sakini İradə Mustafazadə ilə 2013-cü ildə tanış olmuşdu. Qardaşım 2012-ci il oktyabr ayında hərbi xidmətdən qayıtmışdı, işlə əlaqədar Bakı şəhərinə gedib-gəlirdi. Təxminən 2013-cü ildə kənddə olarkən Taleh mənə Bakı şəhərindən zəng edib bir nəfəri sevdiyini, həmin qızın razılığı ilə götürüb qatarla kəndə gəldiyini bildirdi. Ertəsi gün Talehi və həmin qızı qarşılayıb evə gətirdim. Atamı və anam da evdə idi. İradə özü də könüllü gəldiyini dedi, buna görə qızın ailəsinə zəng edib bu barədə məlumat verdik. Həmin gün axşam qızın atası Məmmədrahim və xalası bizə gəldi və İradəni geri qaytarmaq istədilər. İradə isə könüllü gəldiyini, heç yerə getməyəcəyini bildirdi. Onlar qızı apara bilmədikləri üçün həmin gün çıxıb getdilər, ertəsi gün yenə qayıtdılar. Həmin gün qızı razı salıb maşına mindirib aparmaq istədikdə, İradə maşından düşüb qaçdı və Talehlə harasa getdilər. Həmin gün Məmmədrahimgil polislə gəlsə də, qız könüllü gəldiyini desə də, atasıgil onu Bakıya qaytardılar. Bundan bir neçə ay sonra, təxminən 2013-cü ilin noyabr-dekabr aylarında Talehlə mən Bakı şəhərində işlədiyimiz vaxt İradə yenə telefonda Talehlə danışıb razılığa gəldilər və birgə qaçmağı qərarlaşdırdılar.Mən Talehlə İradəni Bakı şəhərindən Ağstafa rayon Sadıqlı kəndinə taksi ilə yola saldım. Bir neçə ay sonra kənddə toy keçirildi, ancaq qızın ailəsi onun sənədlərini vermədiyi üçün rəsmi nikaha girə bilmədilər. Toydan bir neçə ay sonra qızın ailəsi sənədlərini götürmək, Bakıdan qeydiyyatdan çıxarmaq adı ilə İradəni apardılar, lakin geri qaytarmadılar. Bundan sonra qızın ailəsi ilə bizim ailə arasında ədavət yaşandı. 2014-cü ildə İradə yenə Sadıqlıya qayıtmaq istədiyinə görə onun qardaşı Ramillə Taleh arasında söhbət oldu. Mən də həmin vaxt orada idim, Ramil həmin vaxtı İradə adında bacısının olmadığını, onu sildiyini dedi. Sonradan İradə yenə kəndə gəldi, söz-söhbət davam etdi. Bu müddətdə İradə Bakı şəhərində olarkən 2-3 il başqa şəxslə rəsmi nikaha daxil edilib və evli olduğu müddətdə də qaçıb kəndə gəlib. 2017- ci ildən Türkiyə Respublikasında olmuşam, orada olduğum müddətdə dolanmaları üçün Talehgilə ayda 100-200 dollar pul göndərmişik. 2020-ci il ərzində İradə Talehlə birgə kənddə olub, yalnız həmin ilin Qurban bayramı ərəfəsində atası gəlib qızını aparıb, həmin vaxtı qayıtmağına icazə verəcəyini desə də, sonradan buraxmayıb, İradənin özü yenə qaçıb kəndə gəlib. Mən Türkiyədə olarkən İradənin qardaşı Ramillə telefonda danışmışam, qardaşım Talehlə Ramilin bacısının artıq bir yerdə yaşadıqlarını, onlara köməklik etməli olduğumuzu dedim. Ramil isə İradə ilə Talehin birlikdə yaşamalarını istəmədiyini, buna imkan verməyəcəyini dedi. 2021-ci il yanvar ayının 9-da o, Ağstafa rayon Muğanlı kəndində xalamgildə olmuşam, bir neçə dəfə telefonla Talehlə danışmışam, təxminən saat 15 radələrində Taleh mənə zəng edərək qayınatası Məmmədrahimin qonaq gəldiyini, evə qayıdarkən ərzaq almağımı dedi. Mən Məmmədrahimin kiminlə gəldiyini soruşduqda, Taleh tək gəldiyini dedi. Əvvəllər ailəsi qızı kənddən aparmağa gələndə Ramil gəldiyi vaxtlarda söz-söhbət olduğu üçün o gələcəyi təqdirdə problem olacağını güman etdim. Xalamoğlu ilə birlikdə yaşadığımız evə gələndə yolda əmim oğlu zəng edib Talehi vurduqlarını dedi. Əmim oğlunun zarafat etdiyini düşündüm, daha sonra əmim Qara telefonu götürüb Talehi qayınatası Məmmədrahimgilin həqiqətən vurduqlarını, təcili gəlməyimi dedi. Bundan sonra dərhal polisə zəng edib hadisə barədə məlumat verdim”.

İstintaq materiallarından məlum olur ki, İradə Mustafazadə ailəsinin təkidi ilə Bakıya qaytarıldıqdan sonra köhnə nişanlısı Məmmədlə rəsmi nikaha daxil edilib və 2 qızı dünyaya gəlib. Lakin o, yenə də sevdiyi oğlanın yanına qaçıb.

Bundan başqa hadisə baş verən vaxt ölkədə sərt karantin tətbi edildiyindən Məmmədrəhim Mustafayev Ağsu yolu ilə Ağstafaya gedib və icazə vərəqindən istifadə edib. Həmin vaxt avtomobilin arxa oturacağında oturan və özü ilə silah götürən Ramil isə karantin postundan gizlənərək keçib. Ağstafaya ünvana çatdıqdan sonra evə birinci M.Mustafayev daxil olub.

Məhkəmədə ifadə verən Ramil Mustafayev olayı belə nəql edib: “Qanuni formada “Barak” və “Movoric” markalı silahım var. Ağstafaya gedəndə silahımı da götürmüşdüm. Bacım evli olsa da, Taleh onu qəbul edib birgə yaşayırdı, buna görə onlara çox acıqlı idim. Hadisə vaxtı “Movoric” markalı silahı və maşında olan patronları götürdüm. Atam evə girəndə mən maında çöldə gözləyirdim. Bir qədər sonra həyətdə Talehin atamla yüksək səslə danışdığını görüb, hər iki darağı patronla doldurdum, bir darağa 9, digərinə isə 5 patron qoydum. 9 patron doldurduğum darağı silaha taxıb maşının içərisində silahı atəşə hazır vəziyyətə gətirib maşından düşdüm, məqsədim Talehi və bütün bu söhbətlərə səbəb olmuş bacım İradəni öldürmək, mübahisəyə son qoymaq idi. Həyətə girəndə atam həyətin ortasında Talehlə üzbəüz durub danışırdı, İradə də onların yaxınlığında idi. Mənim gəlməyini əvvəlcə Taleh və bacım gördü, atama oradan çəkilməyini deyib, silahı ilk öncə Talehə tuşladım”.

Ramilin ona silah tutşadığını görən taleh donub qalıb və əsəblərinə hakim ola bilməyən şəxs ona bir neçə dəfə atəş açıb. Qardaşının onu da güllələyəcəyini görən qız qaçıb evə girib. Ramil Mustafayev ifadəsinə belə davam edib: “İradənni arxasıyca içəri keçmək istəsəm də, atam qapının önündə dayanıb məni içəri buraxmadı. “Çəkil atacam” desəm də, evin qapısından çəkilmədi, buna görə əsəbləşib hadisə vaxtı ətrafda olan hürən itə ard-arda bir neçə atəş açdım. Atam daha sonra hirsimin soyuduğunu görüb bacımı içəridən çölə çıxardı. Qayıdıb maşına minərək sükan arxasına əyləşdim, atamla bacım arxada əyləşdi. Maşını sürüb dəmiryolu keçidinə çatana yaxın polislər bizi saxladı və təslim oldum”.

Hadisə nəticəsində Taleh Süleymanov aldığı xəsarətlərdən vəfat edib.

Məhkəmə Ramil Mustafayevin 18 il azadlıqdan məhrum edilməsi cəzasına məhkum edilməsinə hökm edib.


Paylaş:


Müəllif : Tarix:
30-09-2021, 13:47
Sikayət   


loading...
Загрузка...