reklam
Regionxeberlericom.az » Hadisə » Gecə klubunda partlayışa görə ittiham olunanlara hökm oxundu

reklam

Gecə klubunda partlayışa görə ittiham olunanlara hökm oxundu















“Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, ittiham üzrə verilmiş maddələrlə təqsirli bilinərək Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il azadlıqdan məhrum edilib.

Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ruslan Məmmədova sınaq müddəti seçilməklə şərti cəza verilib.

Hakim Faiq Qəniyev bildirib ki, təqsirləndirilən Orxan Səfərli tərəfindən dəymiş ziyan tam ödənilib. Hökmdə, həmçinin Orxan Səfərli və Ruslan Məmmədovun himayəsində azyaşlı övladları olması nəzərə alınıb.

Qeyd edək ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İttiham olunan şəxslər barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan iş üzrə təqsirləndirilən Ruslan Məmmədov ev dustaqlığına buraxılıb.

Cinayət işi üzrə 52 nəfər zərərçəkmiş qismində tanınıb.




Paylaş:


Müəllif : Tarix:
6-10-2022, 19:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər