reklam
Regionxeberlericom.az » Hadisə » “Dedi ki, atan sağ olanda ona xəyanət etmişəm” – Ana və bacısını öldürən şəxs danışdı

reklam

“Dedi ki, atan sağ olanda ona xəyanət etmişəm” – Ana və bacısını öldürən şəxs danışdı

Bakıda anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadənini qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə Murad Niftizadə ifadə verib.

O bildirib ki, bacısı Elgünün fotosunu İnstaqramda görüb və onunla danışmaq üçün yaşadığı ünvana gedib: “Anamın yaşadığı ünvanı tanımırdım. Bu səbəbdən zəng etdim, ondan ünvanı öyrəndim. Həmin ünvana yollandım. Binanın həyatində məni Fatma qarşıladı. Onunla birlikdə yuxarı, yaşadıqları mənzilə qalxdım. Həmin vaxt Elgün evdə yox idi. Fatma dedi ki, Elgün işdədir. Fatma məndən nə üçün gəldiyimi soruşdu. Ona Elgünlə söhbətim olduğunu dedim. Bacımı onun yanından aparmaq niyyətində olduğumu da söylədim. Bu zaman Fatma məni söydü və evdən çıxmağımı tələb etdi. Mən isə heç yerə getmədim. Bir az sonra Elgün gəldi. Bacıma dedim ki, səni aparmağa gəlmişəm. Dedim ki, səni bu həyatdan çıxaracam, gəl, mənimlə yaşamaq istəmirsənsə, digər bacımla yaşa, bu həyatı tərk elə. Bacım isə getmək istəmədi. Bir neçə dəfə ona israrla mənimlə getməsini söylədim. Bu vaxt bacıma atasız böyüməyimizi xatırlatdım, başqa kimsəmizin olmadığını söylədim. Onu mənimlə getməsi üçün yola gətirmək istədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra bacısı mağazaya getmək üçün evdən çıxıb. Murad Niftizadə bildirib ki, bu vaxt anası Elgünün onun bacısı olmadığını deyib: “Fatma dedi ki, atan sağ olanda ona xəyanət etmişəm. Elgün də atadan bir qardaş-bacı deyilsiz, Elgünün atası başqa kişidir. Bu zaman başım dumanlandı. Bundan sonra Fatma məni bıçaqla vurmaq istədi. Onun əlindən bıçağı aldım, onu vurdum. Fatmaya neçə bıçaq vurduğum yadımda qalmayıb. Həmin vaxt Elgün içəri girdi. Elgün qışqırmaq istədi. Onu da bıçaqla vurdum”.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bacısını öldürdüyü üçün özünü təqsirli bildiyini deyib.

Prokuror təqsirləndirilən şəxsin ifadəsində anasının adı ilə müraciət etməsini diqqətə çatdırıb və ondan bunun səbəbini soruşub. O, ifadəsində Fatma Həmzəyevanın adının çəkərək danışmasını belə izah edib: “O, bizə analaq etməyib. Buna görə də ona ana demirəm, adını çəkirəm. Uşaqlıqdan belə demişəm. O, bizi hərəkətləri ilə analıqdan məhrum edib”.

Təqsirləndirilən şəxs deyib ki, digər bacısı Gülşənlə münasibətləri həmişə yaxşı olub: “Elgünlə də münasibətlərimiz yaxşı idi. Biz kənddə olanda Fatma ora gəldi və Elgünü oğurlayaraq apardı. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsə də, araşdırma aparılmadı. Elgününün 18 yaşı tamam olduğu üçün polisdə şikayətimiz araşdırılmadı”.

O əlavə edib ki, hadisədən əvvəl bacısı Elgünün kafedə çəkilmiş şəkilini sosial şəbəkədə paylaşdığını görüb: “Elgün həmin fotoda oğlanla birlikdə idi. Mən heç vaxt Elgünün işlədiyi kafedə olmamışam. Bu səbəbdən ona demişdim ki, həmin fotonu paylaşmasın. Söylədim ki, ayıbdır, belə fotoları paylaşma, kənddə görürlər. Amma o bu iradımı qəbul etmədi”.

Daha sonra suallara cavab verən təqsirləndirilən şəxsin sözlərinə görə, anası Fatma orada olmasaydı, bu hadisə baş verməzdi. O deyib ki, məqsədi bacısını bu çirkab həyatdan xilas etmək olub: “Bacımı bu həyatdan çıxararaq özümüzə tərəf çəkmək istədim. Onu təmiz həyata qaytarmaq istəmişdim. Amma bacım mənimlə razılaşmadı. Əgər bacım mənimlə getsəydi, bu hadisə də baş verməzdi. Bu hadisənin baş verməsində əsas günahkar Fatmadır”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar uşaq olan zaman anaları başqa kişiyə qoşularaq qaçıb: “Həmin kişi də kənddə ailəli idi. Bir müddət onlar Bakıda birlikdə yaşadılar. Sonradan həmin kişi Fatmanı da atdı. Eşitdiyimə görə, bundan sonra Fatma kafelərdə qalıb”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Gülşən Niftizadə bildirib ki, təqsirləndirilən şəxs onun qardaşı, Fatma anası, Elgün isə bacısıdır. O, ibtidai istinraq zamanı verdiyi ifadəsinin təsdiqləyib. Gülşən Niftizadə baş verən hadisəyə görə anasını ittiham edib: “Fatma yaxşı ana olsaydı, bu gün biz burada olmazdıq. Elgünü onun yanından aralamaq istəyirdik. Dəfələrlə ona demişəm ki, Fatmanın yanından aralan, öz evimizə qayıt. Amma Elgün mənə qulaq asmadı. O, həyat tərzini dəyişmişdi. Yüngül həyat tərzi yaşayırdı. Sosial şəbəkələrdə açıq-saçıq fotolar paylaşırdı. Hələ 2017-ci ildə iradımı bildirdikdəın sonra Elgün profilini bağlamışdı”.

Gülşən Niftizadə bildirib ki, Murad Elgünü geri qaytarmaq istədiyini deyib. O bildirib ki, Muradın qətli törətmək planı olmayıb.

Daha sonra hakim Gülşən Niftizadədən iş üzrə adı keçən qardaşı Cavid Niftizadəni soruşub. Gülşən Niftizadə deyib ki, hazırda qardaşı Qazaxıstandadır, sənədləri qaydasında olmadığı üçün Azərbaycana gələ bilmir.

Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib.

M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

Teleqraf.com




Paylaş:


Müəllif : Tarix:
31-10-2022, 11:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər