reklam
Regionxeberlericom.az » Hadisə » Yasamalda küçəni bölüşə bilməyən qonşular arasında problem

reklam

Yasamalda küçəni bölüşə bilməyən qonşular arasında problem


Yasamal rayonu, R. Tağıyev küçəsində yaşayan sakinlər mülkiyyət hüquqlarının pozulduğunu düşünürlər.

Bu barədə “Qafqazinfo”ya həmin küçədə yaşayan bir qrup sakin müraciət edib. 

Onların iddiasına görə, R. Tağıyev 67 ünvanında yaşayan qonşuları küçəni zəbt edib, avtomobillərini onların giriş qapılarının qarşısında park etməklə gediş-gəlişlərini çətinləşdirir: “Qonşularımız Arif Əfəndi və Qorxmaz Əfəndiyev ümumi istifadədə olan torpaq sahəsini və məhəlləarası gediş-gəliş yolunu zəbt ediblər. Öz həyətyanı sahələrinin darvazasını 65 saylı evin qarşısına doğru açıb, faktiki olaraq mülkiyətdə olmayan torpaqdan şəxsi istifadələri üçün istifadə edirlər. Bundan başqa, öz torpaq sahəsində tikinti işlərinin aparılması üçün tikinti materiallarını yolumuzun üstünə boşaldırlar. Öz evimizə rahat gedə bilmirik, mülkiyyətimizdən sərbəst istifadə etmək hüququmuzu məhdudlaşdırıblar”.

Şikayətçi Aydın Nağıyev deyir ki, qonşu ilə razılığa gəlməyə çalışsa da, mümkün olmayıb: “Mənim evimin pilləkəni küçəyə idi, amma onu söküb evin içəri hissəsinə keçirmişəm ki, yol geniş olsun, əvəzində həmin hissədə güllər əkmişəm. Amma qonşu imkan vermir ki, yoldan rahat istifadə edək. Həyətinin arxa tərəfindən qapı açıb, avtomobilini gətirib qapımızın ağzında saxlayır. Bu hərəkətlərinə görə məhkəməyə müraciət etmişik. Məhkəmə də bizim xeyrimizə qətnamə çıxarıb, amma icra olunmur. İndi də mən şikayət etmişəm deyə avtomobili mənim qapımın ağzında deyil, digər qonşunun girişində saxlayırlar. Halbuki narazılıq yaradan qonşunun evinin qabaq tərəfində boş yer də, qaraj da var. Mənə deyir ki, mən məhkəmə qətnaməsini ləğv elətdirmişəm, əlimdə sənəd var. Hansı sənəd olduğunu soruşanda isə deyir ki, “sən kimsən ki, sənə sənəd göstərim?” Özü də qonşunun evi qanunsuz tikilidir və su borusunun üzərində tikilib. Hətta bir dəfə boru partlamışdı və ətrafı su basmışdı”.

A.Nağıyevin sözlərinə görə, dəfələrlə həmin qonşu ilə razılığa gəlməyə çalışsa da, alınmayıb: “Dəfələrlə istəmişəm söhbət edək, problemi qonşu kimi aradan qaldıraq, amma çölə çıxıb bir söz deyəndə məni təhqir edir, söyür. Həyətdə it saxlayır, səhərə qədər hürdüyünə görə yata bilmirik. Bizi göstərib itə deyir ki, “sən bunlardan ağıllısan”. Özbaşınalıq edir, deyir ki, istəyirsən, Avropa Məhkəməsinə ver, heç bir xeyri olmayacaq. Bu qonşu məni cinayətə təhrik edir...”

Problemlə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-dən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ünvanda yaşayan A. Nağıyevin Arif Əfəndi və Qorxmaz Əfəndiyevin qanunsuz hərəkətlərinə son qoyulması, həyətə giriş-çıxışına maneə yaradan darvaza və daş hasarın sökülməsi, ümumi istifadədə olan avtomobil yolundan istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasına köməklik göstərilməsi barədə müraciətinə baxılıb: “İddiaçı Nağıyev Aydın Elşad oğlu tərəfindən cavabdehlər Əfəndi Arif Cavanşir oğluna və Əfəndiyev Qorxmaz Cavanşir oğlunun qarşı maneələrin aradan qaldırılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunub. 

Eyni zamanda bildiririk ki, Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilib, Yasamal rayonu, Rahib Tağıyev küçəsi ev 65 A ünvanında yerləşən yaşayış evinin və onun giriş qapısının iddiaçı A.Nağıyevə maneə yaradacaq şəkildə nəqliyyat vasitəsinin saxlanılması cavabdehlər Əfəndi Arif Cavanşir oğluna Əfəndiyev Qorxmaz Cavanşir oğluna qadağan edilib. Bundan sonra A. Nağıyev tərəfindən Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyib, Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Beləliklə A. Nağıyevin qeyd etdiyi mübahisəli məsələlər üzrə məhkəmə tərəfindən qətnamə qəbul olunaraq müvafiq hüquqi qiymət verilib. 

Sonda əlavə olaraq bildiririk ki, A.Nağıyev Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı  Ədliyyə Nazirliyinin Yasamal Rayon İcra Şöbəsinə müraciət etməsi məqsədəmüvafiqdir”.





Paylaş:


Müəllif : Tarix:
13-04-2024, 14:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər