20 Dekabr 2024
reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Bankların bağlanma təhlükəsi yaranıb - “Kapital tapa bilmirlər”

reklam

Bankların bağlanma təhlükəsi yaranıb - “Kapital tapa bilmirlər”


Azərbaycanda bank sektorunda vəziyyət o qədər də ürəkaçan deyil.

Son iki ildə isə bağlanan və zərərlə işləyən banklar bunu deməyə bir daha əsas verir. 2020-ci ildə fəaliyyətindəki problemlər səbəbində dörd bank bağlandı.

Mərkəzi Bankın sədri Elmar Rüstəmov bununla bağlı keçirilən brifinqdə bildirmişdi ki, digər banklarda da yoxlamalar aparılır və bağlanan dörd bankın aqibəti digərlərini də gözləyə bilər. 2020-ci ilin banklarla bağlı yekun nəticələrində isə bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 16 bankın ötənilki xalis mənfəəti əvvəlki illə müqayisədə azalıb.

Bunlar “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “Premium Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Respublika”, “Bank Avrasiya”, “Rabitəbank” və “Günay Bank”dır. Mənfəəti ən az azalmış bank “AFB Bank” (13,7%), ən çox azalmış bank isə “Günay Bank” (81,2%) olub. Bundan başqa Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-ü 2020-ci ili zərərlə başa vurub.

Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Bank BTB” və “Yelo Bank”dır. Adları çəkilən bankların zərəri müvafiq olaraq 212 min manat, 9,13 milyon manat və 39,749 milyon manat olub. Məlumdur ki, bankların gəlirləri kəskin azaldıqca və problemli kreditlərin həcmi artıqca həmin banklar ya fəaliyyətini dayandırır, ya da bağlanmaq təhlükəsi ilə üz- üzə qalır. Çünki ehtiyyatlarını artırmaq üçün maliyyə qaynağı tapa bilmirlər.

Maraqlıdır, hazırda fəaliyyət göstərən banklardan bağlanmaq təhlükəsi olanlar varmı? Əgər hansısa bankların bağlanma təhlükəsi varsa, əhali banklara necə etibar etməlidir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət”ə açıqlamasında deyib ki, bu gedişlə digər bəzi banklar da bağlana bilər:

“Təəssüf ki, bu gedişlə bəzi banklar da bağlana bilər. Əslində həmin bankların nəyə görə zərərlə işlədiyini anlayırıq. Bir tərəfdən pandemiya, fiziki şəxslər və sahibkarlar kreditlərin ödənilməsində çətinlik çəkirlər. Buna görə də bankların problemli kreditləri artıb, verdiyi kreditlər qayıtmır. Bu da onları məcbur edir ki, ehtiyatlarını artırsınlar. Ehtiyatlarını artırmaq üçün kapital tapa bilmədikləri üçün də onların bağlanma ehtimalı var”.

Ekspert əhalinin banklara necə etibar etməli olduqlarına da diqqət çəkib:

“Əhali üçün bankların fəaliyyətlərini dayandırmasının və ya bağlanmasının elə bir əhəmiyyəti yoxdur. Çünki banklar bağlansa da fiziki şəxslərin pulu Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilir. Əsas zərər sahibkarlara dəyir. Sahibkarların pulları demək olar ki, batır. Bəzən də vətəndaşlar şikayət edirlər ki, onların ya yatırımlarının qaytarılması gecikdirilir, ya da onların banklara etdikləri yatırımların faizləri ödənilmir. Bu tam qanun pozuntusudur. Çünki fiziki şəxslərin əmanətləri sığortalanır. Bank müflis olsa da sığorta şirkəti bu zərəri ödəyir. Əgər fəaliyyətini dayandıran bank vətəndaşın pulunu qaytarmaqda normal proseduru pozursa, bu zaman vətəndaş Mərkəzi Banka şikayət edə bilər. Əgər belə hallar çoxalarsa, həmin bank bağlanmalıdır. Çünki bu birmənalı şəkildə qanun pozuntusudur”.


Paylaş:


Müəllif : Tarix:
2-02-2021, 10:46
Sikayət   


loading...
Загрузка...