reklam
Regionxeberlericom.az » İqtisadiyyat » “Yatan” 150 milyard manatı daxili iqtisadiyyata cəlb edə bilmirik

reklam

“Yatan” 150 milyard manatı daxili iqtisadiyyata cəlb edə bilmirik

Ekspert: “Bunun üçün azad iqtisadiyyat, sağlam rəqabət, ədalətli məhkəmə və peşəkar kadr olmalıdır”
On ildən yuxarı müddətdə neft gəlirlərinin axını yaşanan Azərbaycanda müxtəlif təbəqələrin əldə etdiyi gəlirlər yüksək məbləğlərlə ölçülür. Söhbət dövlət qurumlarında orta və yüksək vəzifələr tutaraq, büdcə vasitəsilə xərclənən vəsaitlərdən korrupsiya yolu ilə bəhrələnən şəxslərin gəlirlərindən gedir. Müxtəlif hesablamalar bu gəlirlərin on milyardlarla manat ətrafında olduğunu göstərir.
Məmurlarla yanaşı, ölkədəki inhisarçılıq mühitindən istifadə edərək biznes fəaliyyətindən böyük gəlirlər əldə edən sahibkarlar da kifayət qədərdir. Bura qanuni biznes fəaliyyətindən qazananları da əlavə etsək, Azərbaycanda on minlərlə potensial investorun olduğunu söyləyə bilərik. Onların əllərində olan pulların ölkə iqtisadiyyatına yatırılması uzun illərdir ki, ciddi problemlərdən biri kimi qalmaqdadır. Maliyyəçi-professor, sabiq maliyyə naziri Saleh Məmmədovun fikrincə, ölkədə “bank-maliyyə sisteminin zəifliyi və maliyyə bazarının qurulmaması səbəbindən o ehtiyatlar iqtisadiyyata cəlb olunmur”.
Onun sözlərinə görə, ölkədə güclü bank-maliyyə sistemi qurulmadıqca ictimai dövriyyəyə cəlb olunan vəsaitlərin həcmi də kiçik olacaq: “Azərbaycanın daxili kredit resursları təqribən 150 milyard manatdır. Ancaq bu vəsaitin cəmi on faizindən istifadə olunmur. Başqa sözlə, il ərzində cəmi 14,5 milyard dollar kredit verilir. Qalan pullar isə hesablarda, sandıqlarda, boğçalarda saxlanılır və ictimai dövriyyəyə cəlb olunaraq investisiyaların aktivləşdirilməsinə təsir göstərmir. Əllərdə olan 150 milyardın heç 15 milyardı da bazara çıxarılmadığı üçün kredit faizləri çox yüksəkdir. Təsəvvür edin, bunun, heç olmasa, 50 milyard manatı bazara çıxarılarsa, faizlər hətta 1-2 faizə qədər düşə bilər. Bunun başqa yolu yoxdur”.
Güləbirddəki SES enerji istehsalımıza əlavə güc qatacaq”
 Pərviz Heydərov
Yerli maliyyə resurslarını ölkə iqtisadiyyatına necə cəlb etmək olar? Dövlət bunun üçün hansı stimullaşdırıcı addımlar ata bilər? İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, Azərbaycanda sərbəst maliyyə resursları kifayət qədər böyük həcmdədir: “Adi ölkədə dövlət büdcəsi hesabına həyata keçirilən tikinti-quraşdırma işlərini, özəl sektorun bu sahədəki fəaliyyətlərini nəzərə alsaq, söhbətin böyük vəsaitlərdən getdiyini deyə bilərik. Bura xarici ölkələrə yatırılan vəsaitləri də əlavə etmək lazımdır. Çünki sirr deyil ki, uzun illər ərzində ölkədən xaricə külli miqdarda vəsait çıxarılıb. Hətta bu qeyd etdiklərim də Azərbaycanda olan sərbəst maliyyə ehtiyatlarını tam ifadə etmir. Bu ehtiyatların ölkədəki bankların ümumi kredit resurslarından dəfələrlə çox olduğunu söyləmək olar. Bəs bu vəsaitlər niyə iqtisadiyyata çatmır? Qeyd edim ki, hər hansı bir sahəyə, layihəyə investisiya qoymaq istəyən investor ilk növbədə yatıracağı vəsaitlərə təhlükəsizlik qarantiyası istəyir. Yəni hər bir investor öz pulunu təhlükəsiz yerə yatırsın, ikincisi isə qoyduğu vəsaitləri nəzərdə tutduğu müddətdən gec olmayaraq geri qaytara bilsin. Bu gün biz nə görürük: Azərbaycanda xarici investorların ən çox pul qoyduğu sahə neft-qaz sektorudur. Niyə? Çünki əvvəla, qoyulan vəsaiti tez geri götürmək olur, ikincisi də bu sektorda investisiyalar xüsusi qanunvericilik əsasında yatırılır. Yəni həmin investisiyaların təhlükəsizliyinə xüsusi qanunla təminat verilir. Amma digər sahələrdə belə təminat yoxdur axı. Və belə vəziyyət təbii resurslarla zəngin olan, xammal bazası hesab edilən ölkələrin hamısında təxminən eyni vəziyyətdir”.


Ekspert qeyd edir ki, yerli investorlar, sərbəst maliyyəsi olan vətəndaşlar da öz yatırımlarına təminat hiss etmirlər: “Çünki azad iqtisadi münasibətlər, azad fəaliyyət üçün şərtlər mövcud deyil. İkincisi isə müstəqil, ədalətli məhkəmə sistemi mövcud deyil: bunsuz isə ölkədə qanunların icrasını təmin etmək olmur. Ölkə qanunvericiliyi də təkmil deyil, həddindən artıq ziddiyyətlər və boşluqlar var. Nəticədə bir çox hallarda o boşluqlara, ziddiyyətlərə istinadən qanuni işləyən sahibkarın haqqı tapdanır, biznesi əlindən alınır. Nəhayət, böyük problemlərdən biri də iqtisadiyyatın az qala bütün sahələrində inhisarçılığın olmasıdır. İnhisarçılığın olduğu yerdə isə kimsə cəsarət edib hansısa layihə icra etmək fikrinə düşmür. Çünki bu, qoyulan vəsaitlərin əldən çıxacağı demək olar. İnhisarçılığın olması ölkədə sağlam rəqabət mühitinin qarşısını alır. Belə mühit olmadan isə hər hansı sahədə inkişaf mümkün deyil. Bütün bu qeyd etdiyim problemlər üzündən Azərbaycanda olan sərbəst vəsaitlərin iqtisadiyyata yatırılması, iqtisadi inkişafa təkan verməsini görmürük. Hazırkı vəziyyət davam edəcəyi müddətdə görməyəcəyik də. Gördüyümüz o olacaq ki, Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlaka filan qədər, Avropada, Amerikada biznes fəaliyyətinə bu qədər vəsait yatırırlar. Çünki indiki şəraitdə ölkə vətəndaşları böyük pulları hətta sandıqda belə saxlamağa ehtiyat edirlər. Yaxud da ölkə iqtisadiyyatına deyil, qanuni-qanunsuz yollara çıxarıb xarici ölkələrə yatırmağa üstünlük verirlər. Az bir qisim ölkə daxilində daşınmaz əmlaka yatırımlar edirlər: villalar, malikanələr, müəyyən qədər hotellər tikilir”.
P.Heydərovun sözlərinə görə, son illərdə Azərbaycanda turizm sahəsinə müəyyən yatırımlar edilib: “Lakin hətta burada da yerli ehtiyaclar nəzərə alınmadan yatırımlar edilib: xarici turistlərin sayı elə də çox olmayan bir ölkədə niyə hotellərin, istirahət məkanlarının böyük əksəriyyəti beşulduzlu olmalıdır axı? Yerli turist potensialının vaxtında və düzgün qiymətləndirilməməsi bir çox bölgələrdə bahalı obyektlərin müştərisiz qalması ilə nəticələnib. Halbuki vaxtında həmin obyektlər yerli turistlərin imkanları nəzərə alınmaqla layihələndirilsəydi, indi xaricə axan on milyonlarla dollar vəsaiti onlar qazanardılar. Uzaqgörənlik olmadığına görə o obyektlərə çəkilən xərclər indi ölü kapitala çevrilib. Hamı ölkədə kredit faizlərinin yüksək olmasından danışır, bankları günahlandırır. Banklar da bir biznes sahəsi, biznes layihədir. Onların kredit kimi verdikləri vəsaitlərin geri qayıtmaması riski çox böyükdür. Ona görə də həmin riskləri faizlər şəklində kreditlərə əlavə edirlər. Əgər azad iqtisadi münasibətlər, sağlam rəqabət mühiti, ədalətli məhkəmə sistemi olsaydı, bankların verdiyi kreditlərə risklər də minimuma düşərdi, bu isə faizlərin kəskin aşağı olmasını şərtləndirərdi”.
Ekspert onu da qeyd edir ki, Azərbaycanda insanları, sahibkarları iqtisadiyyata vəsait yatırmağa stimullaşdırmaq üçün 3 əsas şərt olmalıdır: “Azad iqtisadiyyat, sağlam rəqabət mühiti və ədalətli məhkəmə sistemi. Qalan bütün məsələlər: vergi, gömrük rüsumları və sair ikinci-üçüncü dərəcəli məsələlərdir. Yalnız qeyd etdiyim üç şərti təmin etməklə biz nəinki daxili ehtiyatları, hətta külli miqdarda xarici investisiyaları da ölkə iqtisadiyyatına cəlb edə bilərik. Burada rolu olan daha bir məsələ peşəkar kadrların olmasıdır. Hər hansı iqtisadi-biznes layihəsini uğurla həyata keçirmək üçün vacib amillərdən biri, əlbəttə, kadr potensialıdır. Azərbaycanda bu sahədə də ciddi çatışmazlıqlar var. İllər boyu xaricdə təhsil alıb təcrübə qazanan mütəxəssislərin böyük əksəriyyəti elə xaricdə də qalıb işləyir. Çünki Azərbaycanda öz bilik və bacarıqlarına uyğun iş və maaş tapmaq çox çətin, əksər hallarda isə mümkünsüzdür. Yerli kadrlar yoxdursa, demək, xaricdən mütəxəssis cəlb olunması lazım gələcək. Bu isə çox bahalıdır”.

“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
3-09-2021, 13:42
Sikayət   


loading...
Загрузка...