reklam
Regionxeberlericom.az » İqtisadiyyat » YENƏ ƏMƏK NAZİRLİYİ, YENƏ “AİSTGROUP” – 10 ildir ki, nazirliyin milyonluq tenderləri eyni şirkətə verilir

reklam

YENƏ ƏMƏK NAZİRLİYİ, YENƏ “AİSTGROUP” – 10 ildir ki, nazirliyin milyonluq tenderləri eyni şirkətə verilir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilən elektron xidmətlərə, server avadanlıqlarına, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi xidmətlərinin satınalınmasına dair tenderin qalibi “AİSTGROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Dövlət satınalmalarının vahid internet portalı xəbər verir ki, DSMF-nin ənənəvi olaraq elektron xidmətlə bağlı tenderinin qalibi olan “AİSTGROUP”-a bu dəfə 1.3 milyon manat, daha dəqiq desək, 1.294. 011 manat ödəniləcək. Məlumat üçün bildirək ki, 2011-ci ilin aprelində 100 manatlıq kapitalla yaradılan sözügedən şirkətin təsisçisi Fuad Abdullayevdir.

Maraqlıdır ki, dövlət satınalmaları reyestrinin məlumatlarına əsasən, “AİSTGROUP” demək olar ki, bütün fəaliyyətini DSMF və ƏƏSN üzərində qurub. Təkcə 2011-2018-ci illərdə bu şirkət sözügedən nazirlikdən 5 milyon 586 min manatlıq tender alıb və 2011-ci ildən bu yana 3 nazir dəyişsə də, tenderlərin qalibi dəyişməyib. Doğrudur, sözügedən şirkət ötən il Əmlak Məsələləri Dövlət Xidmətinin də 727,5 min manatlıq tenderini qazanıb. Lakin əsas “vurğu” məhz ƏƏSMN üzərində olub. Belə ki, 2019-2020-ci illərdə də sözügedən nazirliyə aid milyonluq elektron xidmət tenderləri yenə məhz bu şirkətə verilib. DSMF ötən il server avadanlıqlarına, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi adı altında “AİSTGROUP” MMC şirkətinə 1 milyon 302 min manat vəsait ödəyib. Həmin il ƏƏSMN-in “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması ilə bağlı elan etdiyi tender də “AİSTGROUP” MMC-yə verilib – 762. 929 manat. Doğrusu, kiçik məbləğ deyil və bu elektron xidmətə ayrılan vəsait az qala həmin valideyn himayəsindən məhrum olmuş uşaqların özlərinə xərclənən pulları belə üstələyir. Ümumiyyətlə, yalnız bir istiqamət üzrə altsisteminin yaradılmasına 800 min manata yaxın vəsait xərclənməsi, yumşaq desək, qəribə görünür…

Onu da qeyd edək ki, elektron xidmətə milyonlar xərcləməsinə baxmayaraq, vətəndaşların ən çox şikayət etdiyi xidmət istiqaməti məhz ƏƏSMN-ə aiddir. Bunu pandemiya dövründə əhaliyə göstərilən elektron xidmətlərin səviyyəsi də sübut etdi. Xüsusilə işsiz vətəndaşlara verilən 190 manat birdəfəlik yardımı almaq üçün nazirliyin saytında (e-sosial.az) yaranmış çoxsaylı problemləri qeyd etmək kifayətdir. Nədənsə nazirliyin böyük səxavətlə sözügedən şirkətə xərclədiyi milyonlar həmin çətin günlərdə özünü doğrultmadı və sayt demək olar ki, çökdü…

Ümumiyyətlə, nazirliklər və digər dövlət qurumları elektron xidmət adı altında özlərinə uyğun şirkətlərə külli miqdarda dəyəri olan tenderlər qazandırırlar və bu zaman hansısa maxinasiyalara yol verilmədiyini düşünmək sadəlövhlük olardı.

Xatırladaq ki, ölkə başçısı da son çıxışlarında bu mövzuya xüsusi diqqət ayırıb və dövlət qurumlarını tenderləri eyni şirkətlərə qazandıraraq, korrupsiyaya yol verməkdə günahlandırıb.

Ölkə başçısı ötən il optimallaşma ilə bağlı fərman imzalayıb. Bu fərmandan irəli gələrək, “Hökumət buluduna” keçid təmin olunmalı və elektron xidmətlə bağlı xərclər optimallaşdırılmalı idi. Lakin həmin vaxt “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüzün də bildirdiyi kimi, bu fərmanın icrasına cavabdeh olanlar öz işlərinin öhdəsindən gəlməyiblər: “Prezident 18 avqust 2020-ci il tarixdə “Hökumət buludu”na keçidlə bağlı fərman verib. Bir il bundan öncə də bu layihəyə hazırlıqla bağlı müvafiq fərman imzalanmışdı. Yeni sənəddə “Bulud”la bağlı işlərə start vermək üçün cəmi bir ay vaxt verilib. “Hökumət bulud”u layihəsinin mahiyyəti də ondan ibarətdir ki, bütün dövlət qurumlarının informasiya sistemləri və bazaları mərhələli şəkildə Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirlirinin Data Mərkəzinə köçürüləcək. Yəni dövlət qurumlarında artıq Data Mərkəzlərin inkişafı, informasiya resursları üçün serverlərin alınması və onlara dəstəklə bağlı məsələlər adıçəkilən fərmana görə “Hökumət buludu” çərçivəsində nəzərdə tutulur”.

Ekspert bildirib ki, Prezidentin fərmanı dərc ediləndən dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tender keçirərək server avadanlıqlarına, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi üçün “AİSTGroup” MMC şirkətinə 1 milyon 302 min vəsait ödəyib: “Belə olan halda sual yaranır ki, əgər bu tip büdcə xərcləri dövlət orqanlarına ayrılmaqda davam edəcəksə, onda “Hökumət buludu”na nə ehtiyac vardı? Məntiqlə, əgər Prezident fərmanı ilə “Hökumət buludu”na 1 ay vaxt verilibsə, məqəsd də xərclərin optimallaşdırılmasıdırsa, onda paralel olaraq da dövlət qurumlarında bu tip xərclər dayandırılmalıdır. Görünür ki, hələlik belə deyil. Prezidentin fərmanının icrasına nəzarət edənlər ümid edirəm ki, bunun fərqində olacaqlar”.

Ancaq göründüyü kimi, sözügedən fərmanın verilməsindən xeyli vaxt keçsə də, onun reallaşdırılması təmin olunmayıb. Ona görə də elektron xidmət adıyla büdcənin milyonlarla pulu havada uçuşmaqda davam edir…



Paylaş:


Müəllif : Tarix:
19-09-2021, 10:37
Sikayət   


loading...
Загрузка...