reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Dünya iqtisadiyyatının təsiri: Qiymət qalxsa da, kəndlinin gəliri artmır - ARAŞDIRMA

reklam

Dünya iqtisadiyyatının təsiri: Qiymət qalxsa da, kəndlinin gəliri artmır - ARAŞDIRMA








“Son 12 ildə dünya bazarında qida qiymətləri nəzərəçarpacaq dərəcədə artıb və bunu biz də idxal etdiyimiz qida məhsullarında və inflyasiyanın səviyyəsində hiss edirik. Hətta Azərbaycanda istehsal olunan məhsullar belə ixrac imkanları olduğuna görə inflyasiya təzyiqi yaradır. Təəssüf ki, qiymət siyasətində səhvlər başqa bir təhlükəli nəticəyə - məhsulun, malın qıtlığına və yaxud ümumiyyətlə, mövcud olmamasına gətirib çıxarır”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Mövzu ilə bağlı Kaspi qəzeti məqalə dərc edib. 

Bəli, qlobal ərzaq qiymətləri son 10 il üçün rekord həddə çatıb. Dünya ərzaq qiymətlərində 30 faiz ətrafında artım olduğu bildirilir. Elə ölkəmizdə də qiymət artımı var. Rəsmi açıqlamalara görə, ölkəmizdə ərzaq məhsulları üzrə qiymətlər əvvəlki ilin oktyabr ayına nisbətən 13,1 faiz artıb.

Ərzaq məhsulları sırasında aldığımız kənd təsərrüfatı məhsullarının da qiymətləri artıb. Düşünmək olar ki, kənd təsərrüfatı məhsullarının qiymətindəki artım fermerlərə, kənd təsərrüfatı ilə məşğul olanlara daha çox gəlir əldə etmək imkanı verir və bu, ölkədə kənd təsərrüfatı məhsulları istehsalına maraq göstərənlərin sayını artıracaq.


İqtisadçı ekspert Murad Calalov deyir ki, vəziyyət heç də düşündüyümüz kimi deyil. Yerli kənd təsərrüfatı məhsullarının qiyməti daha çox istehsal xərcləri artdığı üçün yüksəlib. Ona görə də, son durum kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artmasına gətirib çıxarmır:

“Rəqəm olaraq baxanda, gəlirləri artmış kimi görünə bilər. Əvvəl 1 manata aldığımız kənd təsərrüfatı məhsulu indi 1 manatdan daha baha alanda düşünə bilərik ki, çox qazanırlar və s. Ancaq reallıq başqadır. Çünki qiymətlər kənd təsərrüfatı məhsullarına olan tələbə görə deyil, dünyada və ölkəmizdə gedən inflyasiyanın təsiri nəticəsində artıb. Nəzərə alaq ki, kənd təsərrüfatı məhsulunun maya dəyərinin 30 faizə yaxını dizel yanacağının payına düşür. Bu baxımdan yanacağın qiymətindəki artımın kənd təsərrüfatı məhsullarının qiymətinə təsiri qaçılmazdır. Gübrənin qiyməti artır, bu da təsir edir. İndi qışdır, istixanalarda istilik sisteminin xərcləri də artıb. İnsanlar çox vaxt bu nüansları nəzərə almırlar. Kənd təsərrüfatı ilə məşğul olan şəxslərin də ailə qayğıları, digər xərcləri var. Buna görə qiymətləri məcburən artırmalı olurlar”.

M.Calalov bildirdi ki, qiymətlərinin bu cür olması kənd təsərrüfatı məhsullarının istehsalına marağı artırmayacaq:

“Çünki inflyasiya dövründə bütün sahələr üzrə bir durğunluq yaranır. Kənd təsərrüfatı da həmçinin. Canlanma olmadığı halda hansısa yeni işlərə başlanması da çətindir. Üstəlik, hazırda ölkədə daha çox maliyyə işğaldan azad olunan ərazilərin yenidən qurulmasına gedir”.


Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı deyir ki, bu təsirin necə olacağı ilə bağlı öncədən fikir söyləmək çətindir:

“Bəzən kənd təsərrüfatı məhsullarının qiyməti baha olanda satış imkanları daralır. Müəyyən qədər tələb olur, amma yüksək səviyyədə yox. Bu səbəbdən, məhsul qiymətləri artanda bəzən fermerlər əllərindəki məhsulu satmaqda çətinlik çəkirlər. Ona görə, tam bazar mexanizmini işə salmaq lazımdır. Qiymətləri bazar özü təbii şəkildə müəyyən etməlidir”.

Q.Bayramlı bildirdi ki, kənd təsərrüfatı məhsullarından fermerlərin yaxşı gəlir götürməsi üçün onların bazara birbaşa çıxışı təmin edilməlidir: "Fermerlər istehsal etdikləri məhsulları bazara çıxarmaq üçün vasitəçilərin köməyindən istifadə edirlər. Çünki Bakının böyük bazarlarında yerlər məhduddur. Fermerlər öz məhsullarını bazarlara birbaşa çıxara bilmirlər. Arada vasitəçi çox olanda nəticədə məhsul fermerdən çox aşağı qiymətə alınır. Bu səbəbdən Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərin bazar şəbəkəsi genişləndirilməlidir. O bazarların ətrafında rayondan öz məhsullarını gətirib satmaq istəyən fermerlər üçün ucuz qiymətə gecələmə imkanı yaradılmalıdır. Yəni fermerlərin bazarlara birbaşa çıxışları təmin olunsa, onlar istehsal etdikləri məhsuldan daha çox gəlir götürərlər”



Millət vəkili Elnur Allahverdiyev deyir ki, fermerlərin xərcləri artanda, qiymətlər yüksəlir:

“Kənd təsərrüfatı məhsullarının qiymətlərinin qalxmasına təsir edən əsas amillər yanacaq, elektrik enerjisi, qaz və s.-dir. Yəni əgər kənd təsərrüfatı məhsulunun qiyməti artıbsa, bu artım əksər hallarda qeyd etdiyim amillərlə bağlıdır. Çox nadir hallarda hansısa ərzağın Azərbaycanda istehsalı üçün xammal xaricdən gətirilir və o xammalın qiymətindəki artım digər faktorlarla bağlı olur. Ancaq ümumən başlıca katalizator rolunu yanacağın qiyməti oynayır. Kənd təsərrüfatı məhsulunun ərsəyə gətirilməsi üçün işləyən texnika yanacaqdan asılıdır. Onun bazarlara daşınması, yəni logistika problemi də yanacaqla bağlıdır. Nəzərə alsaq ki, əsas bazar Bakıdadır, nəqliyyat xərcləri barədə ümumi təsəvvür yaranır. Unutmayaq ki, qış aylarında tərəvəz istixanalarda yetişdirilir. Burada elektrik enerjisi və qaz amili ortaya çıxır. Başqa sözlə, kənd təsərrüfatında çalışan insanların xərcləri artır ki, qiymətlər də yüksəlir. Fikrimcə, bu, fermerlərə əlahiddə əlavə gəlir gətirmir. Ola bilər haradasa kiçik fərq olsun, ancaq köklü şəkildə deyil”.

Kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasının kənd təsərrüfatı məhsullarının istehsalına maraq göstərənlərin sayını artırmasına gəlincə, E.Allahverdiyev bunları söylədi:

“Bilirsiniz, gəlin unutmayaq ki, kənd təsərrüfatı sahəsində işləmək üçün daha ciddi stimullaşdırıcı amillər var. Məsələn, postsovet məkanında aqrar islahatlar ilk dəfə olaraq Azərbaycanda həyata keçirilib. Bunun özü çox böyük faktordur. Bizdə fermerlərə və bu sahədə işləyən şəxslərə hökumət tərəfindən müxtəlif subsidiyalar verilir, bəzi məhsullar, məsələn, gübrələrin alınmasında güzəşt tətbiq edilir. Vergi amilindəki siyasəti unutmamalıyıq. Yəni iqtisadiyyatın hər hansı sektorunda əsaslı işlə məşğul olmaq üçün qiymət artımı ən əsas amil deyil. Tutaq ki, bir ara turizm bumu yaşandı, hamı mehmanxana və restoran biznesinə maraq göstərməyə başladı, bu sahədə təcürbəsi olmayanlar belə. Ancaq pandemiya bütün sektoru iflic etdi. Özü də tək Azərbaycanda deyil. Bu baxımdan, fikrimcə, “qiymət artımı kənd təsərrüfatı sahəsinə marağı artıracaq” deyə düşünməyin yanlış olduğunu deməsəm də, hər halda o qədər də rentabelli deyil”.




Paylaş:


Müəllif : Tarix:
4-12-2021, 20:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər