reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycanda dollar kəskin bahalaşacaq? - Keçmiş nazir AÇIQLADI

reklam

Azərbaycanda dollar kəskin bahalaşacaq? - Keçmiş nazir AÇIQLADI


Son dönəmlər dünyada baş verən hadisələr fonunda Azərbaycan iqtisadiyyatının və milli valyutamızın da zərər görəcəyini düşünənlər az deyil. Ekspertlər hesab edirlər ki, bu hal davam edərsə, milli valyutamız olan manat da ABŞ dollarına nisbətdə dəyər itirə bilər. Üstəlik, Rusiyaya qarşı sanksiyaların da Azərbaycan iqtisadiyyatına, idxal və ixraca təsirsiz ötüşməyəcəyini düşünənlər var.

Bununla bağlı keçmiş maliyyə naziri Fikrət Yusifovla söhbətləşdik. İqtisadçı alim Fikrət Yusifov Publika.az-a müsahibəsində söyləyib ki, bizdə dolların manata nisbətdə məzənnəsini Mərkəzi Bank idarə edir. Elə ona görə də bizim milli valyutamız tam sərbəst şəkildə üzən məzənnəyə keçməyib.

- Fikrət müəllim, dünyada gedən son proseslər fonunda yaxın vaxtlarda Amerika dollarının milli valyutaya, manata nisbətdə möhkəmlənməsini, manatın dəyər itirəcəyini gözləməliyikmi?

- Təbii ki, mümkündür. Çünki bu, dünyada gedən bir prosesdir. Bilirsiniz, bu məsələ ilk növbədə neftin dünya bazar qiymətlərinin artması və dollar axının ölkəyə daxil olması ilə bağlıdır. Hazırda bütün dünyada ABŞ dollarının bahalaşması prosesi gedir. Təbii ki, bu proses ilk növbədə Amerika Birləşmiş Ştatlarında müşahidə olunur. Elə bu səbəbdən də bu proses təbii olaraq gedir. Bizdə dolların manata nisbətdə məzənnəsini Mərkəzi Bank idarə edir. Elə ona görə də bizim milli valyutamız tam sərbəst şəkildə üzən məzənnəyə keçməyib. Bütövlükdə bu məsələlər Azərbaycanda Mərkəzi Bank tərəfindən tənzimlənir. Elə o səbəbdən də bu proseslərin tənzimlənməsi baş verir. Bu, belə də olacaq. Ola bilər ki, dünyada baş verən proseslər fonunda bizdə də müəyyən bir həddə qədər dolların bahalaşması baş versin. Ancaq bunu mən bir o qədər də güman etmirəm. Çünki uzun müddətdir Azərbaycan manatı sabit olaraq qalır. 2016-cı ilin əvvəllərindən üzü bu tərəfə vəziyyət eynidir.

- Bəs qonşu ölkələrin valyutalarında durum necədir? Bizim onlardan fərqimiz nədədir?

- Buna baxmayaraq, bizə nisbətdə qonşu ölkələrdə məzənnələrdə dəyişikliklər baş verir. Türkiyədə lirənin məzənnəsində tez-tez ciddi dəyişikliklər olur. Rusiyada da rublun məzənnəsində ciddi dəyişiklikləri görmək mümkündür. Eyni zamanda, qonşu İranda da son illər ərzində realın məzənnəsində ciddi ucuzlaşmalar qeydə alındı. Bizdə isə elə bir dəyişiklik baş vermədi. Bu da onunla izah olunur ki, biz tam şəkildə üzən məzənnəyə keçməmişik. Elə bu səbəbdən də Mərkəzi Bank bu səbəbləri tənzimləyir. Ona görə də dünyada baş verən proseslərin Azərbaycanda manatın məzənnəsinə nə dərəcədə təsir edəcəyini söyləmək çətindir. Əgər Azərbaycan manatı da üzən məzənnə prosesinin içərisində olsaydı o zaman bu məsələyə konkret rəy vermək mümkün idi.

- Rusiyada baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatına, milli valyutamızın məzənnəsinə hansısa formada öz təsirini göstərəcəkmi?

- Bu, ciddi və böyük bir məsələdir. Rusiya bizim bir saylı ticarət tərəfdaşımızdır. Rusiya Azərbaycanla etdiyi xarici ticarətin həcminə görə birinci yerdədir. Onun ardınca Türkiyə gəlir. Təbii ki, Rusiyada baş verən hadisələr Azərbaycana da təsirsiz ötüşməyəcək. Özü də bunun təsiri az olmayacaq. Baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da yetərincə təsir edəcək. Əvvəla biz bu təsiri ixracda görə biləcəyik. Bu gün Rusiya rublun məzənnəsi ilə bağlı şou düzəldir və bütün dünyaya göstərir ki, rubl öz yerindədir. Amma bu əslində siyasi şoudan başqa bir şey deyil. Çox yaxın bir zamanda rublun harada dayanacağını hamınız gedib görəcəksiniz. Bunun da səbəbləri var. Çünki Rusiyaya valyuta gətirən əsas enerji daşıyıcılarına qadağa qoyulub. Onlar Rusiyadan neft və qaz ixrac edə bilməzlər. Bütün dünyada onlara qadağalar qoyulur. Həmin ölkələr indi alternativ ixrac mənbələri axtarırlar. Söhbət Rusiyadan qaz və neft ixrac edən ölkələrdən gedir. Bu səbəbdən də yaxın gələcəkdə Rusiya rublunun taleyinin çox acınacaqlı olacağı gözləniləndir. Bunun Azərbaycana təsirsiz ötüşəcəyini demək mümkün deyil. Yəni bu hal əsaslı şəkildə bizim iqtisadiyyata təsir göstərəcək. Üstəlik, hər il orada yaşayan soydaşlarımız, Rusiyada çalışan vətəndaşlarımız, iş adamlarımız tərəfindən 3-4 milyard dollar vəsait Azərbaycana göndərilir. Bu vəsaitin böyük bir hissəsi təhlükə altında qalacaq. Digər tərəfdən, Rusiyadan Azərbaycana ixrac edilən məhsulların, ixracın həcmində müəyyən dəyişikliklər ola bilər.

- Niyə? Səbəbi nədir?

- Çünki yerli bazarda ucuzlaşan məhsulların ixracına bir o qədər də rəvac verilməyəcək, imkan yaradılmayacaq. Eyni zamanda, biz Rusiya bazarına tərəvəz məhsullarını, xüsusən də pomidoru ixrac edirik. Onu Rusiya bazarlarına bundan sonra ixrac etmək bizim üçün sərfəli olmayacaq. Çünki biz Rusiya bazarında onu ucuz rus rublu ilə satdıqdan sonra dollara çevirməli və Azərbaycana gətirməliyik. Rubl dəyərdən düşəndən sonra bu artıq sərf edəcək bir variant olmayacaq. Ona görə də baş verən son hadisələr bizim üçün başdan-ayağa problemlərlə yadda qala bilər.

- Bəs Azərbaycan dövləti bunun qarşısını necə almalıdır?

- Bizi çox ciddi problemlər gözləyir. İndidən düşünüb-daşınmalıyıq. Hökumət papağını qarşısına qoyub perspektivdə bu məsələlərin bizi hara aparacağını müəyyən eləməlidir. Daha sonra preventiv, qabaqlayıcı tədbirlər görməlidir. Əgər biz 3 aydan sonra rublun taleyinin necə olacağını oturub gözləsək, ondan sonra hansısa addımların atacağını gözləmək gec ola bilər.




Paylaş:


Müəllif : Tarix:
11-05-2022, 17:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər