reklam
Regionxeberlericom.az » İqtisadiyyat » 1 yanvardan bazarı gözləyən böyük təhlükə: - Toyuq istehsalçıları həyəcan təbili çaldı

reklam

1 yanvardan bazarı gözləyən böyük təhlükə: - Toyuq istehsalçıları həyəcan təbili çaldı


Son vaxtlar ətin qiymətinin bahalaşması toyuq ətinə olan tələbatı daha da artırıb.

Bu gün marketlərdə 1 kiloqram çəkidə iki toyuğun (istehsal müəssisəsinə görə dəyişir) qiymətinə 1 kiloqram mal əti almaq mümkündür. Beləliklə, hazırkı bazar qiymətləri istehlakçıları daha çox toyuq əti almağa sövq edir. Ancaq bu gün toyuq əti bazarında da bir sıra problemlər var. Quş əti istehsalı və mövcud bazar qiymətləri ilə bağlı

Regionxeberlericom.az bildirir ki, Cebhe.info-nun müsahibi Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlidir:

- Cari ildə ölkə daxilində quş əti qiymətlərinin artmasının qarşısının alınması ilə bağlı hansı addımlar atılıb?

- Azərbaycanın quşçuluq və heyvandarlıq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bununla da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün də cari il ərzində bir sıra mühüm addımlar atılıb. Belə ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasən isə 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub. Daha sonra Azərbaycan Prezidenti, cənab İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərman imzaladı. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir.

- Bəzi ərazilərdə, o cümlədən Hövsan qəsəbəsində yararsız kəsimxanaların olması ilə bağlı məlumat vermişdiniz. Hazırda bu istiqamətdə müsbət irəliləyiş varmı?

- Hazırda tələblərə cavab verməyən kəsimxanalar var. Texniki parametrlərə, ekoloji tələblərə uyğun olmayan belə qanunsuz kəsimxanalarda istənilən halda toyuğun kəsimindən sonra yaranan tullantıların hara atılması, yaxud toyuğun qanının hara axıdılması ilə bağlı məlumat yoxdur. Buradakı toyuqların hamısı başqa yerlərdə, yüksək temperaturlarda bişir, toyuq yağı kimi proteinli maddələr alınır. Bu kimi kiçik kəsimxanalar xüsusi firmalarla zibil daşınması ilə bağlı müqavilələr bağlamalıdırlar. Kəsimxanalarda toyuq kəsiləndən sonra tullantıları başqa yerə atmaq üçün xüsusi bağlı paketlər olmalıdır ki, xəstəliklər yayılmasın. Həmin paketlər dezinfeksiya edilməlidir. Buna baxmayaraq, hələ də həmin kəsimxanalar mövcuddur. Bununla bağlı ETSN-ə məktub yazmışıq, AQTA-ya müraciət etmişik. Hazırda AQTA-nın əməkdaşları həmin yerlərdə yoxlamalar aparırlar. Yəqin ki, yaxın müddətdə qərarları olacaq. Ancaq hələ ki, həmin kəsimxanlarla bağlı son qərar verilməyib.

- Bu il Azərbaycanın Gürcüstandan toyuq əti tədarükünü 6 dəfə artırdığı bildirilirdi. Bunun səbəbi yerli istehsalın azlığıdır?

- Gürcüstanın özündə Azərbaycana nisbətən toyuq əti ciddi şəkildə az istehsal olunur. MDB ölkəsi olduğuna və aramızda gömrük rüsumu olmadığına görə başqa ölkələrdən, Türkiyə, Braziliya və digərlərindən toyuq əti Gürcüstana gətirilir ki, burada yenidən paketlənir. Buna “soyuq zəncir halqası” deyilir ki, bu, qırılandan sonra yenidən paketlənib Gürcüstan markası kimi Azərbaycana daxil olur. Ona görə də Gürcüstandan idxal olunan toyuq ətini biz digər ölkələrdən gələn məhsul kimi qəbul edirik. Bu da toyuq ətinə bu il tələbatın artması ilə bağlıdır. Ölkənin toyuq ətinə tələbatı 140 min tondur, ancaq hazırda görürük ki, bundan daha çox tələbat var. Ona görə də xaricdən gələn toyuq ətinin miqdarı arta bilər. Postpandemiya dövründə toyuq əti istehsalında geriləmə var idi. Yemin qiymətləri iki dəfədən artıq qalxmışdı, həmin dövrdə toyuq ətinin qiymətləri qalxmamışdı. Hazırda həmin sahələrdə heç bir problem yoxdur, istehsal öz qaydasında gedir.

- Rusiyanın bəzi vilayətlərindən ölkəmizə toyuq ətinin gətirilməsi məhdudlaşdırılıb. Bunu da əsasən quş qripi ilə əlaqələndirirlər. Hazırda idxalın dayandırılması problem yaradacaqmı?

- İstənilən halda xarici ölkədən quş ətinin idxalının qarşısı alınsa, daha yaxşı olar. Ona görə ki, yerli istehsal quş əti ilə bağlı tələbatı ödəyə bilir. Ancaq “quş qripi” ilə bağlı Rusiyadan idxala qadağa qoyulması heç bir problem yaratmayacaq. Çünki Rusiya və Ukrayna müharibəsi dövründə bu ölkələrdən idxal olunan quş əti xeyli miqdarda azaldı və həmin dövrdə heç bir problem yaranmadı. Bundan sonra Rusiyanın hansısa vilayətində “quş qripi” ilə bağlı qoyulan qadağa da heç bir problem yaratmayacaq. Qiymətlərə təsirinə gəldikdə isə ölkədə toyuq əti və süfrə yumurtası istehsalı kifayət qədər rəqabətlidir. Onlarla firma var ki, bir-biri ilə rəqabət aparır. Rəqabət mühitində də qiymətin fantastik dərəcədə qalxması qeyri-mümkündür. Ona görə ki, yemin qiyməti indiki səviyyəsində qalsa, həmin qiymətdə də satış davam edəcək. Gələcəkdə yemin qiyməti qalxarsa, toyuq ətinin bahalaşması mümkündür. Soyanın, buğdanın, qarğıdalının qiyməti dünyada qalxanda istənilən halda ətin qiyməti hər yerdə qalxır.

- Yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti ilin sonunda başa çatır. Həmin məhsullar yenidən ƏDV və rüsuma cəlb edilərsə, quşçuluq təsərrüfatlarını hansı poblemlər gözləyir?

- Prezidentin Fərmanına əsasən, yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilib. Hazırda qlobal ərzaq bazarlarında, xüsusilə kənd təsərrüfatı məhsulları ilə bağlı gedən proseslər bahalaşma risklərinin yenidən artmasını şərtləndirir. Belə şəraitdə 2023-cü ilin 1 yanvarından yem əlavələri və yem məhsullarının idxalı yenidən ƏDV-yə və rüsuma cəlb olunarsa, bu, Azərbaycanın quşçuluq təsərrüfatlarının xərclərinin artmasına gətirib çıxaracaq. Qlobal bazar şərtlərini, risklərin artmasını nəzərə alaraq yem və yem əlavələrinin idxalı və satışına münasibətdə tətbiq olunan vergi və rüsum güzəştlərinin müddətinin 5 il uzadılmasını məqsədəmüvafiq hesab edirik. Bu, ölkənin əsas ərzaq məhsulları ilə yerli istehsal hesabına təmin olunması prosesini sürətləndirər. Belə ki, əsas yem əlavələri və yem məhsullarının idxalda rüsum və ƏDV-dən azad olunması daxildə rəqabətədavamlı məhsul istehsalında səmərəliliyi artıracaq, sahibkarları istehsalı artırmağa, təsərrüfatları genişləndirməyə stimullaşdıracaq.




Paylaş:


Müəllif : Tarix:
18-11-2022, 16:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər