reklam
Regionxeberlericom.az » İqtisadiyyat » DEPUTATLAR YAŞAYIŞ MİNİMUMUNU 36 MANAT QALDIRIR... – “Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil”

reklam

DEPUTATLAR YAŞAYIŞ MİNİMUMUNU 36 MANAT QALDIRIR... – “Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil”














“246 manatla minimum yaşamaq üçün Çin məhsullarına yönəlmək, daha ucuz ərzaqlardan istifadə etmək nəzərdə tutulur”

Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib. Bu qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat məbləğində müəyyən edilib.

Yaşayış minimumu nədir?

Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə belə formalaşdırılır:

- Ərzaq mallarının minimum toplusu;

- Fərdi və ailəvi istifadə olunan qeyri - ərzaq mallarının minimum toplusu;

- Xidmətlərin minimum toplusu.

Minimum istehlak səbətinin hesablanması üçün əhalinin 3 sosial-demoqrafik qrupu üzrə, yəni əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlara görə müəyyənləşdirilir. Ərzaq mallarının minimum toplusu dedikdə, çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, yumurta, şəkər və qənnadı məmulatları, bitki yağı, marqarin və digər piylər, kərə yağı və digər məhsullar nəzərdə tutulur.

Qeyri-ərzaq mallarına palto tipli üst geyimləri qrupu, kostyum tipli üst geyimləri, alt geyimləri, corab məmulatları, baş geyimləri və xırdavat məmulatları, ayaqqabı, məktəb-yazı ləvazimatları, yataq ləvazimatları, mədəni məişət və təsərrüfat malları, ilkin tələbat və sanitariya əşyaları, dərmanlar aid edilir.

Xidmətlərin minimum toplusuna isə mənzil - kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni - maarif, müalicə - istirahət xidmətləri və digərləri daxildir.








Qeyd edək ki, Azərbaycanda yaşayış minumumu üzrə hər il cuzi miqdarda artımlar qeydə alınır. Məsələn, 2017-ci ildə bu rəqəm 155 manat, 2018-ci ildə 173 manat, 2019-cu ildı 180 manat, 2020-ci ildə 190 manat, 2021-ci ildə 196 manat, 2022-ci ildə isə 210 manat olub. Gələn il üçün yaşayış minimumunun 36 manat (17%) artırılması isə son illər ölkədə yaşanan inflyasiya ilə bağlıdır.

Rəsmi göstəricilər görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi inflyasiya 13,4 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 19,3 faiz olub. Bu səbəbdən də istehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar (inflyasiya) minimum istehlak səbətinin dəyərini artırıb.

Hazırkı qiymətlərlə bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?

Nazirlər Kabinetinin 2014-cü ildə təsdiqlədiyi istehlak səbətindəki normalara əsasən təqribi hesanblama aparsaq, iki uşaqdan ( 15 yaşdan aşağı), ata və anadan ibarət 4 nəfərlik orta statistik ailə ay ərzində:

- 40 kq çörək və un məmulatları (una çevirməklə) istehlak etməlidir- hazırkı qiymətlərlə təxminən 38 manat;

- 16 kq kartof istehlak etməlidir - hazırkı qiymətlərlə təxminən 18 manat;

- 33 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir- hazırkı qiymətlərlə təxminən 40 manat;

- 19 kq meyvə və giləmeyvə istehlak etməlidir- hazırkı qiymətlərlə təxminən 25 manat;

- 8 kq ət və ət məmulatları istehlak etməlidir- hazırkı qiymətlərlə təxminən 108 manat;

- 81 kq süd və süd məmulatları istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 100 manat;

- 3 kq balıq istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 18 manat;

- 60 ədəd yumurta istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 15 manat;

- 6 kq şəkər və qənnadı məmulatları istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 9 manat;

- 3 kq bitki yağları istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 15 manat;

- 2,5 kq kərə yağı istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 18 manat;

- Çay və duz kimi digər ərzaq məhsulları – hazırkı qiymətlərlə ayda təxminən 6-7 manat;

- 20 kub su istehlak etməlidir (həm içməli və məişət, həm də kanalizasiya xidmətləri üçün ) – 18 manat;

- 100 kVt/s elektrik enerjisi istehlak etməlidir (8 qəpikdən) – 8 manat;

- 182 dəfə nəqliyyat gedişindən istifadə etməlidir – təxminən 55 manat;

- 42 kub qaz istehlak etməlidir (10 qəpikdən) – 4 manat 20 qəpik;

- Rabitə və internet xidmətləri ödəməlidir - ən ucuz variantda 16 manat 50 qəpik.

Mənzilin qızdırılması üçün isə aylıq 14-15 manat vəsait lazımdır.

Digər xidmətlər (məişət, səhiyyə, təhsil, istirahət və s.) - qanunvericiliyə görə bütün bu xidmətlər üçün xərclənən aylıq vəsatin 15 %-i bu sahəyə yönəldilməlidir. Bu isə təxminən 11 manat edir.

Beləliklə, 4 nəfərlik ailənin aylıq ərzaq xərcləri ən aşağı qiymətlərlə 410 manat, xidmətlər üzrə xərcləri isə 126 manat təşkil edir. Yəni, təkcə ərzaq və xidmətlər üzrə minimum xərc təxminən 536 manatdır.
















Qeyd edək ki, minimum istehlak səbətinin tərkibində qeyri-ərzaq malları üçün müəyyən edilən normalara görə, əmək qabiliyyətli bir adam ən azı 8 ildə 3 palto tipli üst geyim, 4 il 2 ayda 9 kostyum tipli paltar, 2 il yarıma 9 alt geyimi, il yarıma 7 cüt corab, 5 ilə 4 ədəd baş geyimi (papaq və ya baş örtüyü), 3 il yarıma 6 cüt ayaqqabı, 7 ildə 11 yataq dəsti, 1 ildə 3 yazı ləvazimatı almalıdır. Məktəb yaşlı uşaqlar isə 2 il yarıma 3 palto tipli üst geyim, 2 ilə 12 kostyum tipli paltar, 2 ilə 12 ədəd alt geyimi, 1 il 3 ayda 6 cüt corab, 3 ilə 4 ədəd baş geyimi, 1 il 3 ayda 6 cüt ayaqqabı, 1 ildə 41 yazı ləvazimatı almalıdır.

Yəni, 4 nəfərlik ailə ən azı ay ərzində təxminə 100 manat geyim vasitələrinə sərf etməlidir.

İndi təsəvvür edək ki, bu ailədə hər 2 ailə başçısı da işləyir və minimum əməkhaqqı (300 manat) səviyyəsində maaş alırlar - yəni, ailənin aylıq gəliri 600 manatdır. Deməli, ailə aylıq qazancının 536 manatını və yaxud 89 faizini ərzaq və xidmətlər üçün sərf etməlidir. Yerdə qalan məbləğlə isə qeyri-ərzaq məhsullarına olan tələbatını ödəməlidir. Bunun üçünsə ailə ya özünə əlavə gəlir mənbəyi tapmalı ya da bir sıra ərzaq və qeyri-ərzaq məhsulları arasında seçim etməlidir.

İqtisadçı: “Təbii ki, 246 manatla ölkədə normal yaşamaq mümkün deyil”

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, yaşayış minimumu hesablanan zaman ölkədəki inflyasiyanın səviyyəsi nəzərə alınmalıdır: “Hazırkı artımda da məhz inflyasiyanın səviyyəsi nəzərə alınıb. Yaşayış minimumu hesablanarkən, minimum istehlak səbətindəki məhsullar əsas götürülür və qiymətlərə vurulur. Burada 300-ə yaxın məhsul və xidmət növü var ki, bu, insanın minimum yaşayışını təmin edir və elmi normalar, hesablamalar əsasında müəyyən edilir. Yəni, burada sizin çox yaxşı və ya orta səviyyədə yaşamağınız nəzər alınmır. Minimum surətdə özünüzü bərpa edib, mövcud olmağınızı davam etdirmək və əmək qabiliyyətini saxlamağınız əsas götürülür. Bu normativlər isə beynəlxalq praktika əsasında müəyyənləşir”.















Ekspert qeyd edir ki, minimum istehlak səbəti hər il və ya üç ildən bir nəzərdən keçirilməldir: “Bu məsələyə baxılmalıdır, əgər ehtiyac varsa dəyişiklik aparılmalıdır. Amma 8 il keçdiyinə görə, mütləq nəsə dəyişdirilməlidir deyə bir anlayış yoxdur. Yaşayış minimumu ölkədə kompensasiyaların, ehtiyac meyarının müəyyənləşdirilməsi zamanı lazım olan əsas göstəricidir.

246 manatla minimum yaşamaq üçün Çin məhsullarına yönəlmək, daha ucuz ərzaqlardan istifadə etmək nəzərdə tutulur. Ancaq təbii ki, 246 manatla ölkədə normal yaşamaq mümkün deyil”.

ÜST: “Azərbaycan əhalisi xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak edir”

Onu da qeyd edək ki, Azərbaycanda istehlak səbəti sonuncu dəfə 2014-cü ildə yenilənib, 8 il öncə müəyyən olunan normalarda heç bir dəyişiklik baş verməyib. Nəticədə Azərbaycan hər vətəndaşa düşən qida normasına görə qonşu olkələrdən belə (Rusiya, Qazaxıstan, Ermənistan və s.) geri qalıb.








Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normalarına əsasən, Azərbaycan əhalisi xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak edir, xüsusən, yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan olduqca aşağıdır. Məsələn, ÜST müəyyən edib ki, Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. İstehlak səbətində isə göstərilir ki, ölkə əhalisi adambaşına ildə cəmi 32, 9 kiloqram ət istehlak edir. Həmçinin dünayda Süd və süd məhsullarının istehlak norması adambaşına 360 kiloqram müəyyən olunsa da, ölkədə il ərzində 248 kiloqram, balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarında isə Azərbaycanda gün ərzində ərzaq istehlakının səviyyəsinin aşağı olduğu vurğulanır. Qeyd olunur ki, Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Müqayisə üçün Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda isə 3095 kilokaloridir.

“AzPolitika.info”




Paylaş:


Müəllif : Tarix:
22-11-2022, 11:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər