reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Ərzaq məhsullarının qiyməti niyə artır? - Əhali onları günahlandırdı, iqtisadçı isə...

reklam

Ərzaq məhsullarının qiyməti niyə artır? - Əhali onları günahlandırdı, iqtisadçı isə...


Azərbaycanda əhalinin hər 3 nəfərindən biri inflyasiyanın səbəbi olaraq sahibkarlar tərəfindən qiymətlərin süni surətdə artırılmasını görür. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğuda məlum olub. Belə ki, son dövrlər qiymət artımı ilə bağlı məsələlərin aktual olduğunu nəzərə alan Sosial Tədqiqatlar Mərkəzi vətəndaşlar arasında son bir ildə qiyimət artımları ilə bağlı blitz sorğu keçirib. Sorğu zamanı “Sizcə, qiymət artımının səbəbləri nələrdir?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib.

Regionxeberlericom.az publika.az-a istinadla xəbər verir ki, əldə olunan respondent rəylərinə görə, qiymət artımlarının səbəbləri geniş palitraya malikdir. Belə ki, rəyi öyrənilənlər arasında mövqelərin ən çox üst-üstə düşdüyü əsas səbəb kimi Rusiya-Ukrayna münaqişəsi 36.6%-lik göstərici ilə ilk sırada qərarlaşıb. Qeydə alınan bu səbəbi çox az fərqlə sahibkarlar və satıcıların qiymətləri süni olaraq artırması amili (34.3%) və dünyadakı iqtisadi-siyasi vəziyyət (32.2%) ilə bağlı rəylər məcmusu təqib edir.

Sorğu nəticələrinin ilkin təhlili ölkəmizdə müşahidə olunan qiymət artımlarının (inflyasiyanın) ilk üç səbəbindən ikisinin əsasən xarici faktorlardan qaynaqlandığını və cari inflyasiyanın idxal inflyasiyası olduğu təsbitinin ictimai rəy ilə üst-üstə düşdüyünü deməyə əsas verir.

Qiymət artımlarının əsas səbəblərindən bir kimi süni qiymət artımını ön plana çıxaran 34.3%-lik respondent seqmentinin 25.6%-ni dövlət sektorunda çalışanlar təşkil etdiyi halda 20.3%-ni təqaüdçülər təşkil edib.

Maraqlı təsbitlərdən biri də ondan ibarətdir ki, sorğuda iştirak edənlərin 11.6%-i rəqabətin zəif olmasını qiymət artımlarının əsas səbəbləri sırasında gördüyü halda, respondentlərin 23.7%-i aidiyyəti qurumların tənzimləyici təsirinin yetərli olmamasını irəli sürüblər.

Sorğu çərçivəsində respondentlərin 4.4%-i digər səbəbləri əsas gətirdiyi halda, 5.4%-i isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.

Publika.az xəbər verir ki, sorğu ilə bağlı fikirlərini bölüşən iqtisadçı Eldəniz Əmirov hesab edir ki, bu nəticələr ilə ölkədəki qiymət artımlarının gerçək səbəbləri üst-üstə düşmür:

“Əslində, inflyasiyanı elmi əsaslarla təsbit edilən səbəbləri və vətəndaşların düşüncələri arasında fərqliliyin olması tam təbiidir. Çünki sadə vətəndaş iqtisadi konyukturanı təhlil edəcək iqtisadi biliklərə malik olmaya bilər və o buna borclu da deyil. O sadəcə düşüncəsini ifadə edir.

Amma sorğu nəticəsində maraqlı bir məqam ortaya çıxır. Vətəndaşların inhisarçılığa qarşı kəskin mövqeyi var, onların az qala yarısı bunu açıq ifadə edir. Çünki, onların 34,3%-i sahibkarların və satıcıların süni qiymət artırmasından, 11,6%-i isə rəqabətdən şikayət edir. Əslində, həm süni qiymət artımı, həm də rəqabət problemləri ikisi də bir-birindən ayırmaz faktorlardır. Rəqabət olan yerdə süni qiymət artımını kimsə edə bilməz. Süni qiymət artımı varsa, deməli ciddi rəqabət problemi var. Odur ki, bu sorğu onu göstərir ki, insanların 45,9 %-i inhisarçı davranışlardan narazıdır. Yeri gəlmişkən, hətta qiymət artımlarında adi satıcıların da ən çox günahlandırılanlar içində olması verilən cavabların inflyasiyanın əsl səbəblərindən çox uzaq olduğunu göstərir”.

Bəs, əslində inflyasiyanın əsl səbəbləri nədir?

İqtisadçının sözlərinə görə, inflyasiyanın əsl səbəbləri arasında birinci yerdə COVID-19-la başlamış və müharibə ilə güclənmiş iqtisadi böhran dayanır:

“Pandemiya bütün dünyanı ağuşuna aldı. Hər bir ölkəyə onun iqtisadi immunitetinə uyğun təsir göstərdi.

İkinci səbəb Azərbaycanın idxaldan asılılığının çox olmasıdır. Bunu cənab Prezident də 4 gün əvvəl müsahibəsində söylədi. İdxal məhsullarının istehsal olunduğu ölkələrdə maya dəyərinin artması onun ölkəmizə idxalı zamanı da qiymətlərin artmasını qaçılmaz edir.

Üçüncü səbəb isə, bəli, sorğuda insanların birinci göstərdiyi səbəbdir (amma satıcı faktorunu çıxmaq şərtilə). Belə ki, insanların süni qiymət artımı dediyi, əslində isə rəqabətin lazımı səviyyədə olmaması üzündən mal və xidmətlərin qiymətinin bu malı və xidməti təklif edənlər tərəfindən şişirdilməsidir”.

Qeyd edək ki, Dünya Bankının 2020-2024-cü illər aralığında ortalama iqtisadi artımın 1960-cı illərdən sonrakı dövr üçün ən aşağı beş illik period kimi proqnozlaşdırdığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının isə son 61 ildə Qlobal Ərzaq Qiymətləri İndeksində neqativ yönlü tarixi bir rekordu qeydə aldığı bir dövrdə milli iqtisadiyyatlar istisnasız olaraq ciddi bir qiymət artımı və yaxud həyat bahalılığı problemi ilə üz-üzə qalmaqdadır.

Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı sözügedən məsələyə mövqe bildirərək hökumətin bu problemi diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb. Dövlət başçısı qeyd edib ki, dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Prezident bildirib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq: “Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək”.




Paylaş:


Müəllif : Tarix:
14-01-2023, 12:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər