reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Buğda ucuzlaşdı, çörək də ucuzlaşacaq? - MÜHÜM AÇIQLAMA

reklam

Buğda ucuzlaşdı, çörək də ucuzlaşacaq? - MÜHÜM AÇIQLAMA
















“Həm buğda idxalı, həm dəyirmanlarda buğdanın üyüdülməsi və unun çəkilməsi, həm də çörəyin bişirilməsi hamısı zəncirvari şəkildədir. Yəni bu sahədə adları müxtəlif olan bir neçə şirkət fəaliyyət göstərir və onların, ən azı, sindikat razılaşması ehtimalı böyükdür. Ona görə də bu şirkətlər arasında rəqabət yoxdur”.

Bu sözləri açıqlamasında “Liberal İqtisadçılar Mərkəzi”nin sədri Akif Nəsirli deyib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yaydığı son hesabata əsasən, bu ilin 10 ayı ərzində Azərbaycana 247 milyon 343 min dollar dəyərində 949.278 ton buğda idxal olunub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% azalma deməkdir. 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 330 milyon 10 min dollar dəyərində 956 274 ton buğda idxal olunmuşdu.

Qeyd edək ki, dünya bazarında 1 ton buğdanın orta idxal dəyəri 345 dollardan 261 dollara düşüb.

Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 84 dollar daha ucuz idxal olunub.

Öz növbəsində, A. Nəsirli vurğulayıb:

“Unun qiyməti düşəndə bu, bütün mağaza və firmalarda özünü büruzə verir. Çörəyin qiyməti düşəndə də bunu görə bilirik.

Hadisələri kənardan müşahidə edən sıravi vətəndaşa isə elə gəlir ki, bunların hamısı bir mərkəzdən idarə olunur. Əslində, doğrudan da belədir. Məsələn, buğdanın qiyməti Rusiya-Ukrayna müharibəsindən sonra fantastik qiymətdə qalxdı. Həmin dövrlə indiki dövrü müqayisədə az qala 200 dollara qədər ucuzlaşma olub. Doğrudur, Rusiya buğdası bir qədər ucuz idi, amma dünya bazarında buğdanın 1 tonunun qiyməti 450 dollara qədər qalxmışdı”.

Ekspertin sözlərinə görə, bu qədər enmədən sonra bu gün 220 dollara da Rusiyadan buğda almaq olur:

“Rusiyada buğdanın ixracı çoxalıb. 2 il bundan əvvəl cəmi 30 milyon ton buğda ixrac edirdisə, indi 50 milyon ton. Ukraynanın qida zəncirindən çıxması ilə buğda daşınması dayandı və digər ölkələr bunu kompensasiya etdi. Hətta Hindistanda, eləcə də ABŞ-ın özündə buğda istehsalı genişləndi. Bu gün dünyanın buğda problemi yoxdur. Təxminən 780 milyon ton buğdaya dünyada ehtiyaca varsa, hazırda 800 milyondan ton buğda istehsal olunub”.

Mütəxəssis bildirib ki, rəqabət mühiti olan ölkələrdə unun, buğdanın və çörəyin qiyməti kifayət qədər aşağı düşüb:

“Ancaq Azərbaycanda rəqabət mühiti olmadığına görə təkcə çörək deyil, digər məhsulların da maya dəyəri aşağı düşəndə bu, qiymətə təsir etmir. Çünki bazar inhisarçı bazardır və inhisarçı bazarın sahibkarı ilə rəqabətli bazarın sahibkarının düşüncəsində böyük fərq var. İnhisarçı bazarda sahibkar yalnız dövriyyəni diqqətdə saxlayır ki, dövriyyə azalanda qiymətlər sabitləşir, dövriyyə çoxalanda isə qiymətləri bahalaşdırır. Çünki onlar mənfəətlərinin daha çox olmasını istəyirlər. Amma rəqabətli bazarda sahibkar özündən daha çox qarşı tərəfə diqqət edir və onunla mübarizəyə köklənir. Bu sahibkarlar xərcləri artırmadan keyfiyyəti yüksəltməyin yollarını axtarır. Eyni zamanda müxtəlif yollarla qiymətin aşağı düşməsinə imkan axtarır. Belə olan halda dünya bazarında buğdanın qiyməti düşəndə rəqabət mühitində də qiymətlər aşağı salınır”.

“Lakin bizdə çox təəssüf ki, inhisarçı bazardır. Ona görə də dünya bazarında gedən bahalaşma prosesi bizim bazarda informasiya əsasında özünü göstərir. Yəni bahalaşan mal ölkəyə gəlməmiş informasiya əsasında inhisarçılar qiyməti qaldırırlar. Amma qiymət düşəndə onlar buna əhəmiyyət vermirlər. Çünki dünya bazarında ucuzlaşma ilə məhsulun maya dəyərinin azalmasından yalnız inhisarçı mənfəət götürür. Bu mənfəətin cəmiyyətə gəlib çıxması üçün isə mütləq şəkildə rəqabətli bazar olmalıdır”, – deyə A. Nəsirli fikirlərini tamamlayıb.




Paylaş:


Müəllif : Tarix:
17-11-2023, 19:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər