reklam
Regionxeberlericom.az » Mədəniyyət » Cavanşir Məmmədovdan Tolikə ağır sözlər: “Evim, maşınım gözünə girir“

reklam

Cavanşir Məmmədovdan Tolikə ağır sözlər: “Evim, maşınım gözünə girir“














Aparıcı və prodüser Tarix Əliyevlə (Tolik) müğənni Cavanşir Məmmədov arasında qalmaqal yaşanıb. "Tarixin bir günü" proqramında qonaq olan sənətçiyə Tolik onun kifayət qədər maddi imkanı olduğunu deyib və vergi ödəmədiyini iddia edib.

Yenisabah.az-a mövzu ilə bağlı danışan Əməkdar artist Cavanşir Məmmədov Tolikin efirdə bu tip fikirlər səsləndirməsinə sərt reaksiya verib:

“Bu gün müğənnilərə maddi imkanları ilə bağlı çox təzyiqlər olur, bu edilməməlidir. Əvvəla, söhbət Firuzə İbadovadan, Kəmalə Rəhimlidən, Ruhəngiz xanımdan, Təranə Vəlizadədən, məndən gedir, biz 50 ildir dövlətə, xalqa xidmət etmiş sənətkarlarıq. Onlardan biri də Tacir Şahmalıoğludur. Rəhmətlik Səyyad Əlizadə, Sabir Əliyev, Baloğlan Əşrəfov idi. Bu cür sənətkarlar indi barmaqla sayılası qədər qalıb. Bizim haqqımızda film də, sənədli film də çəkilə bilər. Flora Kərimova, Rəşid Behbudov, İlhamə Quliyeva, Akif İslamzadə, Emin Sabitoğlu və bu kimi sənətkarlar haqqında filmlər çəkilib və çəkilir, bəs hansısa şou aparıcısı haqqında bu günə kimi hər hansı film çəkilibmi? Tolik, sənə sual verirəm, sənin xidmətlərin haqqında hansısa film çəkilə bilərmi? Özəl kanallarda şou-proqramların aparıcılığını edən şəxslər kanaldan gedəndən sonra onlar haqqında heç bir fikir söylənilmir, müzakirə edilmir, sanki heç belə adam yoxmuş kimi unudulub gedirlər. Belə bir aparıcı özünü sənətkar hesab edə bilərmi? Təbii ki, yox, çünki onun nə aparıcılıq vəsiqəsi, nə də jurnalist vəsiqəsi var, nə də hansısa universitet, texnikum, peşə litseyi bitirib. Kiminsə sayəsində gəlib aparıcı olub. Bu adamın nə ixtiyarı var ki, Firuzə İbadovanın, Cavanşir Məmmədovun sənətini araşdırsın, onun maddi imkanlarını müzakirəyə çıxarsın?! Ona görə də efirdə sual qoyanda elə suallar qoyulmalıdır ki, müqayisə xarakteri daşımasın, sənətkarın qəlbini qırmasın, onun 50 ildə qazandığı hörməti puç edib, xalqın gözündən salmasın. Onsuz da xalqın gözü tərəzidir, biz xalqın gözündən düşmürük, əksinə, təcrübəsiz aparıcılığınla sən düşürsən. Sən kimsən ki, çıxıb efirdə müqayisə edirsən? Mənə efirdə deyir ki, “Sən niyə “Rolls-royce” sürürsən?” Bəs onda sən aparıcı ola-ola niyə “Galendvagen” sürürsən?! Başqa aparıcılarla səni müqayisə edəndə də görürük ki, sənin imkanların daha genişdir. Aygün Kazımova, Röya, Eltonla işlədin, böyük məbləğdə qonorarlar aldın, axırda da heç biri sənlə işləmədi. Amma mən 50 ildir prodüsersiz işləyirəm, hər işim də düz gedir. Türkiyədən Gəncədəki tədbirə müğənni dəvət edəndə böyük qonorarlar əldə etdiyini bilirik, biz dinmirik deyə elə bilirsən biz heç nə bilmirik? Heç bizimlə düşmənlərimiz bu tərzdə danışmır. Sən hansı haqla müğənnilərə hücum çəkirsən? Mən 16 nəfərlə toya gedib 3000-3500 pul almışam, onu bölmüşəm, mənim payıma düşən qonorar 500-600 arası olub, amma sənin payın 2000-dən çox olub. İndi gəl gedək vergiyə, araşdıraq görək kim daha çox vergi verib. Bizə şər atma ki, vergi verməmişik, yalan danışma! İkincisi, mənim sənət təcrübəm sizlərin yaşından çoxdur. Biz sənətə başlayanda sizlər bağçaya gedirdiniz. Efirdə danışığınıza nəzarət edin. Verilişinə bizi hörmətlə çağırıb, veriliş zamanı bir dəqiqənin içində düşmən olursan. Bizi həmin efirə Firuzə xanımın mənzil şəraiti ilə bağlı dəvət elədin. Mənə zəng vurdun dedin ki, “Firuzə xanım efirə gəlmək istəmir, bəlkə siz xahiş edəsiniz?” Mən də Firuzə xanıma dedim, sözümü yerə salmadı və birlikdə verilişə qatıldıq. Özü də veriliş zamanı Firuzə xanıma deyir ki, “Məni tərifləməyin, mənim yaradıcılıq gecəm deyil”. Orada Firuzə xanım sənin haqqında heç bir tərif deməmişdi, sən özün o sözü ortaya ata-ata Firuzəyə sözünü deməyə şərait yaratmırdın. Efirdə bu cür qalmaqalları, söz-söhbətləri yığışdırın. Erməninin “Rolls-Royce” sürməyi yaxşıdır ya azərbaycanlı sənətkarın? Sənəti dərindən bilmirsiniz deyə efirdə başqa-başqa mövzulara toxunursunuz. Necə olur ki, sizin Türkiyədə, Azərbaycanın müxtəlif regionlarında villalarınız olur, amma biz sənətçilərin heç nəyi olmur. Mən 50 ilin sənətkarıyam, maşınla evdən başqa heç nəyim yoxdur, nə obyektlərim var, nə də başqa bir şey. Niyə olmamalıdır? Necə ola bilər ki, İbrahim Tatlısəsin 9 təyyarəsi, 20 böyük avtobusu olsun, amma mənim bir evimlə maşınım sənin gözünə girir. Gəl, səninlə xarici ölkələrə gedək, Avropanı gəzək görək xaricdə bir nəfər sənə yaxınlaşıb tanıyacaqmı? Amma bizi qarşılayıb, aparıb evlərində qonaq edirlər, yeri gələndə hədiyyələr verirlər. Bəs necə olur ki, sənin aparıcılıqla dəm-dəstgahlı bağın, 3-4 evin, Türkiyədə mənzilin olur, “Galendvagen” sürürsən, amma sənətkarın nəyininsə olmağını istəmirsən. Bunları nə ilə əldə etmisən, sənətləmi?! Cavanşirin maşınını müzakirə edir. Sənin sürdüyün “Galendvagen” mənim sürdüyüm “Rolls-Royce”dan bahadır. “Galendvagen” 450 mindir, amma “Rolls-Royce” 150-200 min. Sənin heç maşının olmamalıdır, avtobusla gedib-gəlməlisən. Avtobusla getməkdə pis heç nə yoxdur, sadəcə bir dəfə ictimai nəqliyyatda camaatın arasında get, mən də səninlə bərabər gedim, görək sənə münasibət necədir. Tolik, bizim aramızdakı münasibəti sən özün korladın”.

İfaçı bu tip aparıcıların tarixdə iz qoymayacağını bildirib:

“Böyük Bülbülü, Xan əmini, Rəşid Behbudovu səhnəyə çıxmamışdan əvvəl aparıcılar təqdim edib, həmin aparıcılardan birinin adı kiminsə yadında qalıbmı? Amma sənətkarlar hər zaman yaddaşlardadır. Sən aparıcılıq etməklə, prodüser olmaqla özünü sənətkarla bir tərəziyə qoya bilməzsən. Prodüser müğənniyə pul xərcləməli, onu tanıtmalı sonra da ondan gələn gəliri bölməlidir. Hansı biriniz müğənniyə pul xərcləmisiniz? Sponsorların hesabına gəlib efirə çıxırlar, onların heç aparıcılıq statusları da yoxdur. Kanallarda onlara yer verilib, deyəsən, çaşıblar. Mən istəmirdim bu məsələyə toxunum, danışım, amma məcbur edirlər. Sən kimsən ki, mənim nəyim var, nəyim yoxdur onu müzakirə edirsən? Sən bir musiqinin bir açarını yaza bilməyən, müğənnilərin hesabına dolanan bir adamsan. Mənə deyir ki, “Sən vergi verməmisən”. Mənim verdiyim vergilərin hamısının qəbzləri evdədir, təqaüdə çıxana qədər sosial müdafiə fonduna da pul keçirmişəm. Mən Sovet dövründən vergi ödəyicisiyəm, necə belə ittiham edə bilərlər?! Bunlar bilmirlər aş harada bişir, amma özlərini qazanın içərisinə soxurlar. Amma sən o qazanın içində yanarsan, ora girmə! Sən indiki cavanları aldada bilərsən, lakin Cavanşir Məmmədovu, Firuzə İbadovanı yox! Sən hansı ciddi proqramın aparıcısı olmusan? Şou proqramlarını aparmısan və hansısa şou mövzusunda danışa bilərsən, amma sənətkar haqqında fikir söyləyə bilməzsən. Həmin aparıcıları yoxlayın görün onların hərbi biletləri varmı, xidmətdə olublarmı? Həmin aparıcıları efirə hərbi biletləri ilə birgə dəvət eləsinlər, görək hansı xidmətləri var, qırmızı bilet alıblarmı? Elə eləməyin ki, sarı simə toxunaq. Mən oxumağımla bərabər, Brinci Qarabağ Müharibəsində Flora Kərimova, Firuzə İbadova ilə rayonlarda günlərlə əsgərlərin yanında qalmışıq. Efirə çıxanda yekə-yekə danışırlar. 12 minə toylara gediblər,  amma mən xalqı incitməmişəm. Toya getmək elə xalqa xidmət eləməkdir, amma bu da iki cürdür: biri var 15-20 minə toylara gedirsən, biri də var xalqın cibinə uyğun. Mənə zəng olunanda demişəm ki, “nəyə imkanın varsa, Allah xeyir versin”. Kim toya neçəyə gedir özü bilər, mən buna qarışmıram, amma toya baha getmək yaxşı oxumaq demək deyil. Ola bilər ki, sənin obyektlərin, gəlir yerlərin  var, istəmirsən əziyyət çəkəsən və o qiymətə toya gedirsən. Bizimsə olanımız boğazımız, səsimizdir. Ürəyin istəyən vaxt bizi verilişə dəvət edə bilərsən, biz toya baha gedənlərlə efirə çıxıb musiqinin hansı janrında istəsən oxuya bilərik. Bunu sənə 4-5 il qabaq da demişdim, amma səndən səs-səmir çıxmadı. Ona görə sən gərək bundan nəticə çıxaraydın və bu mövzuda danışmayaydın. Hər bir yaxşı sənətçi bizim xalqımızın fəxridir.

O, həmkarı Firuzə İbadovanın efirdə çətinliyindən danışmasına aydınlıq gətirib. Sənətçi qeyd edib ki, həmkarı heç kəsdən pul istəmir:

“Sənətkarı heçə vura bilməzsən. Firuzə xanımın var-dövləti əldən çıxıb. Bizim gözəl dövlətimiz var, belə vəziyyətdə dövlət ona yardım göstərməlidir. Firuzə xanımı niyə qınayırlar? O efirə çıxıb camaatdan pul istəyib demir ki, mənə kömək edin. O, müraciət edib, deyib ki, lazımi orqanlara məktub yazmışam, xahiş edirəm, məktubumu nəzərə alsınlar. Necə olur ki, 25-30 yaşında uşaq təqaüd alır, amma 65 yaşlı, illərini sənətə həsr edən Firuzə İbadova almamalıdır?  Firuzə xanım deyir ki, ya mənə təqaüd verin, gedim ikiotaqlı ev götürüm, ya da kiçik bir ev verin yaşayım, Cavanşir Məmmədovla da gedim toylara pulumu qazanım. Bu məsələ həll olunsa da, olunmasa da dövlətimiz sağ olsun, təki canımız salamat olsun. Əsas odur ki, torpaqlarımız azaddır.

Onu da qeyd edim ki, Azərbaycana şou proqramlarını ilk dəfə 90-cı illərdən sonra “SOY” prodakşn gətirib. Oqtay, Siyavuş, Elçin Əlibəyli qardaşları bunu ölkəyə gətirdi. Sizlər də onların çörəyini yeyirsiniz. Amma onlar şounu bu cür yox. əyləncəli şəkildə gətirmişdilər, heç bir sənət adamının xətrinə dəymirdilər. Gəlin indi müqayisə edək, bu gün Elçin Əlibəyli kimi dissertasiya  müdafiə edən alim, aparıcı  Yeni Yasamalda kirayədə yaşayır, heç maşını da yoxdur. O, 26 yaşında alim adı alıb. Amma bəzi şou-biznes prodüserləri “Galendvagen”də gəzir, Türkiyəyə gedir. Belələri sanətkarları müzakirə edib, üstlərinə hücum çəkməməlidirlər. Elçin Əlibəyli tarixdə qalan aparıcı olacaq”.

Sonda Cavanşir Məmmədov Toliklə münasibətlərinin normal olduğunu bildirib: "Bizim həmin aparıcı ilə münasibətlərimiz qaydasındadır, hər şey də normal davam edir. Amma belə bir misal var, döymə taxta qapımı, döyməyim dəmir qapını". 




Paylaş:


Müəllif : Tarix:
6-11-2021, 13:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər