reklam
Regionxeberlericom.az » Mədəniyyət » "İlk dəfə Hüseyin Dərya repdən külli miqdarda pul qazandı, amma onun başını yedilər"

reklam

"İlk dəfə Hüseyin Dərya repdən külli miqdarda pul qazandı, amma onun başını yedilər"


Lent.az-ın müsahibi tanınmış reper Ramil Nabrandır. Həmin müsahibəni təqdim edirik:

- Ramil, gəncliyin repə göstərdikləri böyük marağın səbəbi nədir?

- Məncə, gənclər repdən çox ritmə maraq göstərirlər. Bizim valideynlərimiz də həvəslə “Abba”ya qulaq asırdılar. Onlar əsasən, oynaq ritmlər ifa etdikləri üçün, bu qrup daha populyar idi. Bədbin mahnılara qulaq asıb depressiyaya düşməkdənsə, pozitivlik, enerji saçan melodiyalara qulaq asıb, həyatı daha çox sevmək lazımdır. Düzdür, lirika da lazımdır, amma bayağı şəkildə deyil, klassik formada. Bir də görürsən avtobuslarda, filan oxudurlar, adamın qulağını qanadır.

- Sizin haqqınızda deyirlər, repin qocasıdır. “Ağbaş oğlan” da deyən var, ağsaqqal da. Hətta bəzən deyirlər nə zaman repi buraxacaq, yaş çatıb 45-ə.

- Hə, mənə repin ağsaqqalı deyirlər. Heç nə əbədi deyil, bir gün bitə bilər. Amma repçinin niyə yaşını qabardırlar, anlamıram. Muğam oxuyanların 80 yaşlısı oxuyanda heç demirlər niyə oxuyur?! Yaxud istənilən incəsənət sahəsində çalışanların yaşına görə onlara “gecdir” deyən yoxdur. Cavan Zeynallıya deyək oxumasın? Bizim insanlarımız yaşamağı bacarmırlar. Bu yaxınlarda Avropadan gəldim, ordan nə anladım? İnsan gərək öz həyatını özü düzəltsin. Əvvəllər stresslə yanaşırdım haqqımda deyilənlərə. İndi vecimə deyil. Əsas odur bilirəm ki, kiminsə həyatına pislik etmirəm.

- Repdə öz yolunuzu açdığınızı düşünürsünüz?

- Mən alternativ replə məşğulam. Bir çoxları bunu qəbul etmir. Məndən sonra gələn, lakin artıq müəyyən status qazanmış, yaşa dolmuş repçilər mənə “əmi” deyirlər. Mənə deyirlər, sən repə gəlirin qapılarını açdın. İlk dəfə Hüseyin Dərya repdən külli miqdarda pul qazandı, amma onun qabağını almağa çalışdılar, başını yedilər, yoldan çıxartdılar, pis vərdişlərə saldılar və onun gəlir mənbəyi dayandı, repdə quraqlıq yarandı, vaxt olub ki, biz dolanmaq xatirinə 50 manata gedib rep oxumuşuq. Mən qazancımı çölə tökmədim, evimə gətirdim. Sonra bir gün özümə dedim ki, Ramil sən axı bu qiymətin adamı deyilsən. Bəzi gecə klublarının sahibkarları öz gecə xanımlarının, öz “ceyranının” ayaqları altına 2000 manat tökür, nədi ki qabağında göbək rəqsi oynayır, sənə də 50-100 manat verir. Özümə “dur” dedim, daha gecə klublarına getmədim. Əslində oradakı həyatdan iyrənmişdim, içib sərxoş olub, harınlıq edənlərlə qarşılaşmaq... Hardan zəng vurdular, dedim gəlmirəm, qiymət daha 1500-2000 manatdır. Bəzi klub rəhbərlərinin acığına o birilərinə də getmədim. Öz səviyyəmi tapdamaq istəmədim. İçki məclislərində oxumaq asan deyil. Çəkildim kənara. Bir gün şou proqramlara dəvət aldım. Rep gecə klubları çərçivəsini aşdı, normal ailələrin qulaq asdığı şou proqramlara, restoranlara keçdi. İnsanlar məni ən dəyərlilərinin, ailələrinin içərisində görmək istədilər, bu ən böyük xoşbəxtlikdir.

- Daha ümumiyyətlə gecə klubuna getmirsiniz?

- Getmirəm.

- İstədiyiniz məbləği versələr də, getməzsiniz?

- Axı vermirlər.

- 1500 manat bütün gecəni oxumaq üçün tələb edirsiniz?

- Yox. 25 dəqiqəlik. 4-5 mahnı oxuyuram. Artıq dövran budu. Təəssüf ki, bəzi reperlər pis vərdişlərinə görə, hələ də ən az qiymətlərlə gedib oxumağa razılaşırlar.

- Deyirlər su çanağı suda sınar. Repin adı həmişə bilirsinzi nələri yada salıb.

- Mən də ordaydım, yeri gələndə içirdim. Amma mən içkinin içərsində üzmürdüm. İndi onu da dayandırdım. İnsanların etimadı var və bunu itirmək olmaz.

- Deyəsən bu mühitin adamı deyilsiniz, sadəcə ilişib qalmısınız.

- Dolanmaq üçün hə.

- Əslində sizin repçilərdən fərqli bir obrazınız var.

- Mən də onlar kimi rahat geyinmək istəyərdim, amma yaş ona imkan vermir.

- Bakılısınız, amma Nabran təxəllüsü ilə tanınırsınız. Öz torpağının adını deyil, başqa bir bölgənin adını daşıyırsınız.

- 2005-ci ildə Nabrana aid bir mahnım tutdu. Hansı Ramil? Nabran Ramil deyə-deyə xalq mənə ad qoydu, özüm qoymadım. Bütün bölgələrimizi sevirəm. Amma 7 arxa dönənim bakılıdır.

- Rayonlardan toylara repçi çağırılar?

- Bəzən olur.

- Bir gün rep olmasa, ailəni nə ilə dolandıracaqsınız?

- Əsl sənətim dizaynerlikdir. Bir müddət vizitka, baner hazırlayırdım. Sonra dərman şirkətində işlədim, sonra bir yolluq repdən yapışdım. Gələcəyi düşünməmişəm. Lazım gəlsə gedib lap qapıçı işləyəcəm. Amma yaxşı idarəçilik bacarıram.

- Əksər müğənnilər kimi, “qara gün” biznesiniz yoxdur?

- Yoxdur. Mən olan olmazımı uşaqlarımın təhsilinə yatırdım. Oğlumun 16, qızımın 12 yaşı var.

- Paxıllıq, rəqabət duyğunuz var?

- Bu da yoxdur. Tək rəqibim öz tənbəlliyimdir. Kiməsə paxıllıq edim, bundan ona nə olur? Nə edirəm özümə edirəm. Hərdən özümə stimul verirəm ki, dur ayağa yaz-yarat.

- Kənardan bir az davakar adam təsiri buraxırsınız. Davalara girdiyiniz olub?

- Gəncliyimdə olub. Döymüşəm də, döyülmüşəm də. Elə olub davaya aparan adamın haqsız olduğunu görmüşəm, demişəm “vurun!” Cəhənnəmə gedən özünə yoldaş axtarırmış (gülür).

- Yaşla bağlı kompleksiniz olur?

- 45 yaşa qədər elə bilirdim 40-lı yaşlar qocalıqdır. İndi görürəm ki, hər şey hələ indi başlayır. Qabıq yaşlanıb, ruh cavandı. Elə bil məktəbdən çıxıb universitetə girmişəm. Özünü basdırmaq olmaz. Kim bu adı verib? Gənclik, uşaqlıq, qocalıq. Bir adı var həyat. Sərbəst yaşamaq özümüzdən asılıdır. Bu gün qohum-qonşuya görə nələrisə edə bilmirik, səhər mənim problemim olanda onlar gəlib yardım eləməyəcəklər. Deməli onlara görə ömrü çürütməyə dəyməz.

- Başqa incəsənət sahəsində olanlara fəxri adlar verilir. Repçilərin belə şansı azdır.

- Bizə ad verilmir. Biz yaradıcılıq, şöhrət, pul naminə oxuyuruq. Versələr etiraz eləmərəm. Mənim stimulum nədir? Körpə uşaq, yaşlı adam mənim melodiyama qulaq asıb, gülümsünür bir neçə dəqiqəlik hər şeyi unudursa bu mənə bəsdir.

- Dini baxışlarınız var?

- Yeni başlamışam araşdırmağa. Yaradan var.

- Baxır kimdən öyrənirsən də. Hindli inəyə ibadət edir, buddaçılar buddaya. Biz inəyi yeyirik, vicdanımız da ağrımır. Fərqli dinlərdə müqəddəs sayılan üqnumlara ibadət etmiriksə, bunu yanlış saymırıq, kiminsə İslama inanmaması da, eyni şəkildə baş verir.

- Haqlısınız. Hələlik ancaq yaradan var deyə bilərəm. Ana bətnində doğulacağımızı bilmirik. İndi də, o biri dünya üçün karıq, koruq. Bəlkə yenə ana bətnidir bu dünya bizə. Bu çox dərin mövzudur, girsək çıxa bilməyəcəyik.

- Bir ara fanatlarınızdan, onların ailənizə söz-söhbət salmasından şikayətçiydiniz. Xanımınız çox qısqancdır?

- Bəzən çox kobud olurlar. Tanımadığım biri mənə kimsə yanaşıb “sən” deyəndə acığım tutur. Mən Allaha da “siz” deyə müraciət edirəm. Kimsə mənimlə tanış olduğunu göstərmək, yanındakılara hava atmaq üçün “ Ramil, qaqaş, necəsən?“ deyəndə deyirəm "yoxsa sənlə birlikdə ortaq dost cənazəsi aparmışıq, illərlə oturub durmuşuq?". Buna yol vermirəm. Yoldaşım barədə soruşduz, bəli çox qısqancdır. Bu yaxınlarda özüm kobud səhvə yol verdim. Özüm-özümə utandım, çox böyük səhv elədim. Onun güvənini qırdım. Ona görə indi yoldaşım mənə nə edir, əcəb edir. Qudurğanlıq elədim, ona görə qısqanmağa haqqı var. Hər şey qurbandı ona. Bu hadisə mənə dərs oldu. Necə ki, telefonu format etdirərsən, mən də özümü format elədim. İndi həyatımda yalnız və yalnız ailəm və mahnılarım var.




Paylaş:


Müəllif : Tarix:
13-06-2022, 17:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər