reklam
Regionxeberlericom.az » Sosial » “Sənin oğlun könüllü döyüşüb, ona müavinət düşmür” - Nazirlikdən şəhid ailəsinə utancverici cavab...

reklam

“Sənin oğlun könüllü döyüşüb, ona müavinət düşmür” - Nazirlikdən şəhid ailəsinə utancverici cavab...


Qarabağ müharibəsində həlak olan oğluna görə birdəfəlik müavinət ala bilməyən daha bir ana şikayətlə müraciət edib.

Zərniyar Kərimova deyir ki, oğlu 1992-ci ildə Qarabağ müharibəsində həlak olub. Amma oğlunun əsgərliyə könüllü getməsini səbəb göstərərək, ona birdəfəlik müavinət vermirlər.

Zərniyar Kərimova Kürdəmirin Şahsevən kəndindəndir. Daha öncə isə Meydan TV-yə eyni şikayətlə Kürdəmirin Qaraqocalı kəndindən olan Gülnar Zamanova müraciət etmişdi. O da oğlu Sehran Qəniyevin 15 yaşında könüllü Qarabağ müharibəsinə qatıldığını, 1992-ci ildə Ağdərənin Çaylı kəndində həlak olduğunu söyləmişdi. Ana prezidentin sərəncamı ilə şəhid ailələrinə birdəfəlik ödənən 11 min manatlıq smüavinəti ala bilməyib. Müraciət edib, “sənin oğlun könüllü döyüşüb, ona müavinət düşmür” – cavabını alıb.

Zərniyar Kərimovaya da fərqli cavab verilməyib. Oğlu Qarabağda könüllü döyüşdüyü üçün onlara birdəfəlik müavinətin düşmədiyini söyləyiblər. Ana deyir ki, əslində söhbət təkcə maddiyyatda deyil, ona təsir edən, hörmətsizlik, saymazlıq, ayrı-seçkilikdir:

“Mənim övladım övlad deyil? Mənim şəhidim şəhid deyil? İnanın, içim yanır, illər keçib, mənim yaram ilk günkü kimi təzədir. Sevimli övladım olub. Arada şəkil albomlarına baxıram. Elə imkanlı ailə olmamışıq. Başımız gündəlik məişət işlərinə qarışıb. Uşaqların çox şəkli yoxdur. Ancaq Teymurumun şəkilləri var. Elə bil ürəyimə dammışdı tez ayrılacağımız. Onunla çox şəkil çəkdirmişik”.

Zərniyar Kərimova indi o şəkillərə baxıb, təsəlli tapır. Deyir, oğlu çox vətənpərvər olub, Qarabağa könüllü gedəndə 18 yaşı yenicə tamam olubmuş:

“Çağırışı gözləmədi, könüllü getdi. Gedəndən bir müddət sonra da meyitini gətirdilər. İndi hamıya, məcburi əsgərliyə aparılanların ailələrinə 11 minlik müavinət verdilər. Bizə isə dedilər ki, sizin oğlunuz könüllü getdiyi üçün ona düşmür. Keçən dəfə gördüm, sizdə belə bir material getmişdi. Hamı onlara güldü, etdiklərini lağa qoydu, millət ağzına gələni yazmışdı. Ürəyimdən tikan çıxdı. İstədim bilsinlər ki, belə hal bir deyil, çoxdu”.

Zərniyar Kərimova ədalətsizlikdən gileylənir. Deyir, bu adam Qarabağda döyüşüb, orda həlak olub, evində ölməyib. Nə dəxli var, könüllü gedib, yoxsa çağırıblar. Prezidentin sərəncamında “könüllü gedənə müavinət düşmür” yazılmayıb:

“Yəqin istəyirlər ki, əvvəlcə onları tərifləyək, sonra müavinəti alaq. Ancaq mən haqqım olanı almaq üçün yaltaqlanmaq niyyətində deyiləm. Haqqımdır, istəyirlər versinlər, istəyirlər verməsinlər. Buna görə heç kimi tərifləmək fikrində deyiləm”.

Ana deyir ki, bir müddət öndə sosial şəbəkə vasitəsilə başına gələnləri danışıb. Hökuməti tənqid edib. Düşünür ki, bəlkə də oğluna, ailəsinə qarşı bu yad münasibət ona görədir:

“Ancaq mən olanı dedim, yenə olanı deyirəm. Şəhidlər arasında ayrı-seçkilik etməzlər. Elə onda da çıxışımda dedim ki, bu ölkədə şəhidi ayırırlar, bir sərəncam verilibsə, axıracan üstündə durulsun, hamıya bir gözlə baxılsın. Bütün şəhidlərə hörmət edilsin. Bu, görünür, onlara xoş gəlmədi”.

Ana deyir ki, bundan sonra evlərinə ARB telekanalının əməkdaşları gəlib:

“Gözləyirdilər ki, bu dəfə tərifləyəcəyik, onlar da pulumuzu verəcəklər. Mən yenə tərif demədim. Dedim, övladımın haqqı olan vəsaitin verilməsinə görə heç kimə təşəkkür etməyəcəyəm. Görünür, bu da onların xoşuna gəlmədi. Verməsinlər, eybi yox, ancaq hamı da bu haqsızlığı bilsin. Bilsinlər ki, bu ölkə, vətən uğrunda canından keçənə, könüllü döyüşənə qiymət verilmir”.




Paylaş:


Müəllif : Tarix:
24-09-2019, 17:43
Sikayət   


loading...
Загрузка...