reklam
Regionxeberlericom.az » Sosial » "Araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb və hansı formada istifadə edir" - QALMAQAL

reklam

"Araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb və hansı formada istifadə edir" - QALMAQAL

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamalda inşa edərək satışa çıxardığı sosial evlərlə bağlı şikayətlər səngimir. Yaşayış kompleksinin satışı mərhələli şəkildə həyata keçirilsə də, xeyli vətəndaş sosial evlərdən mənzil əldə edə bilməyib. Əsas narazılıq evlərin təklif edilməsində irəli sürülən şərtlərin əlverişli olmaması, sosial evlərin kirayə təklif edilməsi halları və onlayn satış sistemindəki problemlərdir. Ekspertlər iddia edir ki, sosial evləri güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu baha qiymətə kirayə verirlər. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir.

Bəziləri hesab edir ki, burada birbaşa Mənzil İnşaatı Dövlət Agentliyini günahlandırmaq doğru olmaz. MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Aydındır ki, agentlik mənzilə sahib olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz. Sosial ipoteka kreditlərini əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmır. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzillə təmin etmək olduğundan bu cür evlərin kommersiya məqsədi ilə istifadə olunması nəinki arzuolunan deyil, həmçinin yolverilməzdir.

Məlumat üçün bildirək ki, MİDA-nin bazar qiymətlərindən ucuz olduğunu iddia etdiyi sosial evlərin satışı dövlət portalı vasitəsilə aparılır. Mənzillərə sahib olmaq üçün müəyyən kriteriyalara cavab vermək lazımdır. Agentliyin satışa çıxardığı mənzillərin təxminən qiyməti 1 otaqlı - 30 min, 2 otaqlı - 47 min, 3 otaqlı - 65 min manatdan başlayır. Vətəndaşlar mənzilləri öz vəsaiti, İpoteka və Kredit Zəmanət Fondu və digər kredit təşkilatları vasitəsi ilə əldə edə bilərlər. Mənzil ipoteka krediti ilə alındığı zaman, 10 faiz minimal ödəniş tələb olunur. Kredit isə illik 4 faiz dərəcəsi olmaqla 3-30 il müddətinə verilir. 1 otaqlı mənzil üçün aylıq 129-136, 2 otaqlı mənzil üçün 203-236, 3 otaqlı mənzil üçün isə 282-288 manat ödənilir.

Vətəndaşların şikayətləri ilə bağlı “Şərq”ə danışan “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, əgər güzəştli sosial mənzil əldə edən şəxs içində bir gün yaşamadan evi başqasına kirayə verirsə, deməli, onun mənzilə ehtiyacı yoxdur:

“Hətta bəzi adamlar sırf kirayə verib pul qazanmaq üçün sosial evə sahib olurlar. Başa düşmürəm, MİDA bu layihəni əhalinin evsiz hissəsinin mənzil ala bilməsi üçün həyata keçirir, yoxsa dəllalların güzəştlə mənzil əldə edərək öz biznesini çiçəkləndirməsi üçün?! Sosial evlərin inşası və güzəştlə verilməsi yaxşı haldır. Ancaq indiki vəziyyətdə evsiz vətəndaş mənzil ala bilmir, dəllallar isə güzəştli şərtlərlə sosial mənzilləri alıb biznes qururlar. Burada şübhəli məqamlar var, 1dəqiqəyə minlərlə ev satılır, lakin heç kim bilmir ki, kimlər nəyə görə, hansı kriteriyalara əsasən mənzil sahibi oldular. “Düyməni kim tez basdı, evi satın alır” prinsipi biabırçılıqdır. Sosial evlər onsuz da mənzili olana yox, düyməni tez basana yox, məhz evləri olmayana təklif olunmalıdır. Özü də proses şəffaf şəkildə həyata keçirilməlidir”.

İqtisadçının sözlərinə görə, mənzil üçün müraciət edənlər və ev sahibi olanlar ətraflı araşdırılmalıdır:

“Araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb və hansı formada istifadə edir. Məncə, müvafiq icraedici orqan sosial evlər layihəsini həyata keçirməyi bacarmadı. Kampaniya genişmiqyaslı və daha ədalətli aparıla bilərdi. Yenə deyirəm, məqsəd evi olmayan vətəndaşlara ucuz qiymətə, həm də güzəştli şərtlərlə ev almaq imkanı yaratmaqdır. Əks halda nə mənası olacaq ki? Onsuz da sosial evlərin dəyəri az qala bazar qiymətinədir”.


Paylaş:


Müəllif : Tarix:
2-10-2019, 10:00
Sikayət   


loading...
Загрузка...