reklam
Regionxeberlericom.az » Sosial » Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir - NARAZILIQ...

reklam

Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir - NARAZILIQ...


“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrasına başlandığı gündən əhalinin bəzi banklardan narazılığı artmaqda davam edir.

Biz bu istiqamətdə apardığımız araşdırmalar zamanı müəyyən etmişik ki, vətəndaşlara dövlət tərəfindən müəyyən edilən kompensasiyaların ödənişində ciddi süründürməçiliyə yol verilir. Analoji məzmunlu şikayətlə bizə müraciət edən Qasımov Amil Bərxudar oğlu bildirir ki, rəsmi qaydada ona müəyyən məbləğdə kompensasiyanın ödənilməsi nəzərdə tutulub və bu, imzalı, möhürlü sənədlərdə öz əksini tapıb. Şikayətçinin rastlaşdığı haqsızlıqlarla bağlı onunla detallı söhbət etdik.

Amil Qasımov bildirir ki, o hazırda fəaliyyəti dayanan “Zamin Bank”dan götürdüyü kreditə görə bu vəziyyətlə üzləşib: “Mən 2015-ci ildə həmin bankdan 5100 (beş min yüz) dollar kredit götürmüşəm. Həmin vaxt dolların kursu 1 manat 05 qəpik idi. Bunun qarşılığında mən banka borcumu artıqlaması ilə qaytarmışam. Kurs 1.70 olanda mən onlara 12.500 (on iki min beş yüz) manat qaytarmışam. Prezidentin müvafiq fərmanı çıxandan sonra bankdan mənə rəsmi sənəd verildi ki, 4588 ABŞ dolları qalığım var. Yəni həmin pul kompensasiya kimi mənə qaytarılmalıdır. Sizə təqdim etdiyim sənəddə bu öz əksini tapıb. Məhz həmin sənəddə göstərilir ki, mənim əlavə heç bir borcum yoxdur. Bunu da manata çevirəndə 7800 (yeddi min səkkiz yüz manat) edir. Mən pulu çıxarmaq istəyəndə məlum oldu ki, həmin məbləğ doğrudan da “Zamin Bank”ın cari hesabındadır, lakin bloklanıb. Get-gəldən sonra gördülər ki, mənim puldan xəbərim var. Çağırdılar məni və dedilər ki, hesab aç, ora pul köçürək. Mənim hesabıma cəmi 600 manat pul köçürdülər. Sonra isə poçt vasitəsilə ünvanıma 353 manat pul göndərildi. Səhv etmirəmsə, sonuncu məbləği Maliyyə Bazarlarına Nəzarər Palatası göndərib. Sonra Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan mənə rəsmi məktub gəldi. Həmin məktubda rəsmən göstərilir ki, Palata mənə 2619 manat ödəməlidir. Çox maraqlı vəziyyət yaranır. Mənə olan borc 7800 manatdır. Bunlar isə mənə cəmi 953 manat ödəyiblər. Müəyyən etdikləri 2619 manatı ödənilən pulun üstünə gələndə də heç mənə olan borclarının yarısı etmir. Bəs qalan pul hara getdi? Mənim ödədiyim bütün çeklərim əlimdədir. Borcum yoxdursa, niyə mənə təyin olunan kompensasiyanı tam ödəmirlər? Mənə deyirlər ki, səhvimiz olub, sənə ödənilməli məbləğ 2619 manatdır. Onu da Palata verməlidir. İş burasındadır ki, heç Palata da həmin pulu vermək istəmir. Dəfələrlə müraciət etmişəm, o pulu vermirlər. Xahiş edirəm, bu məsələnin araşdırılmasında mənə kömək edəsiniz”.

Vətəndaşın üzləşdiyi problemlə bağlı biz Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyevlə əlaqə saxladıq. O bizimlə söhbətində bildirdi ki, belə hallar çox olur və bu, dəqiq araşdırma tələb edir. Biz də qurumun dəqiq araşdırma apara bilməsi üçün şikayətçinin bizə təqdim etdiyi müvafiq sənədləri Elşən müəllimə göndərdik. Elşən müəllim artıq bu işin Orxan adlı hüquqşünasa həvalə olunduğunu dedi, araşdırdıqdan sonra ətraflı məlumat verəcəklərini bildirdi: “Belə hallar olur. Bəzən olur ki, vətəndaş ona ünvanlanan pulu gedib götürmür. Elə hal da olur ki, vətəndaşın başqa borcu olur, vəsait ora yönəlir. Bu səbəbdən də dəqiq araşdırıb, kömək etməyə çalışacağıq”.

İndiki halda isə şikayətçinin harasa borcunun olduğu və ya göndərilən puldan xəbərinin olmaması kimi hallar yoxdur. Ümidvarıq ki, Palatanın işi nəzarətə götürməsindən sonra problem tezliklə həllini tapacaq.
Məhəmmədəli QƏRİBLİ “Bakı-Xəbər”







Paylaş:


Müəllif : Tarix:
25-11-2019, 10:57
Sikayət   


loading...
Загрузка...