reklam
Regionxeberlericom.az » Sosial » Bitərəf deputatlardan növbədənkənar seçkiyə kimlər gedir? - Özləri danışır...

reklam

Bitərəf deputatlardan növbədənkənar seçkiyə kimlər gedir? - Özləri danışır...


Ölkə Prezidentinin sərəncamı ilə 5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxıldı, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edildi.

Maraqlıdır, Milli Məclisin hazırkı bitərəf deputatları növbədənkənar seçkidə namizəd olmaq istəyəcəkmi?

Modern.az saytı Milli Məclisin bitərəf deputatlarından bəzilərinin məsələyə münasibətini öyrənib.

Rasim Musabəyov tam götür-qoy edəndən sonra namizədliyini irəli sürmək haqqında qərar verəcəyini bildirib:

“Milli Məclis də cəmiyyətin bir hissəsidir, onun buraxılmasına yanaşmalar müxtəlif ola bilər. Ola bilsin ki, parlamentdə bir çoxları hazırkı dövrdən geriyə qalıblar, yeniləşməyə ehtiyac var. Mənim də yaşım az deyil, artıq 69-u tamam edəcəm. Tam götür-qoy edəndən sonra namizədliyimi irəli sürmək haqqında qərarımı verəcəm”.

Jalə Əliyeva namizdəliyin irəli sürülməsinin arzudan doğan bir məsələ olmadığını bildirib:

“Ölkədə aparılan bütün islahatların, atılan addımların Azərbaycanın inkişafına xidmət etdiyi düşüncəsindəyəm. Son illərdə bütün sahələrdə həyata keçirilən fəaliyyətin bəhrəsini, uğurlu nəticəsini görürük. Bütün bu islahatlar qaçılmaz idi və ölkənin inkişafına istiqamətlənmişdi. Təbii olaraq Azərbaycan parlamenti də bu islahatlardan, inkişafdan geri qala bilməzdi.Yenilənmiş parlament, yeni düşüncə tərzi əlbəttə ki, ölkəmizin qanunvericliyinin daha da mükəmməlləşməsinə xidmət edəcək. Namizədliyi irəli sürmək arzudan doğan bir məsələ deyil. Xalq, insanlar bizi təkrar istəməlidir. Əgər seçicilərim məni millət vəkili olaraq görərsə, sözsüz ki, namizədliyimi irəli sürəcəm”.

Madər Musayev növbəti seçkilər barədə hələ düşünmədiyini vurğulayıb:

“Hələ ki yenidən namizədliyimi vermək haqqında düşünməmişəm, lakin tezliklə bu barədə fikirləşəcəm”.

Sabir Hacıyev öncədən danışmağın doğru olmadığını bildirib:

“Növbədənkənar seçkilərin vaxtı hələ dünən açıqlanıb. Ona görə də hələ qəti söz deyə bilməyəcəm”.

Əflatun Amaşov namizədlik məsələsinin vəziyyətdəna asılı olacağını deyib:

“Hələ ki, prosesləri izləyirəm. Hesab edirəm ki, deputat olaraq ötən 4 il ərzində müəyyən işlər görə bilmişəm. Hətta seçicilərimə söz vermişəm ki, növbəti dəfə deputat seçilsəm də, seçilməsəm də imkanım daxilində onlara kömək edəcəm. Növbəti seçkilərə qatılmağım vəziyyətdən asılı olacaq”.

Aytən Mustafazadə yenidən deputat olmaq istəyini istisna etməyib:

“Növbəti seçkilərə qatılıb namizədliyimi verməyi düşünürəm”.

Vahid Əhmədov mütləq namizədliyini verəcəyini açıqlayıb:

“Hesab edirəm ki, Milli Məclis siyasət meydanıdır. Burada gənclərdən başqa, siyasəti anlayan, başı çıxan, danışığını bilən, beynəlxalq aləmdə tanınan insanlar da olmalıdır. Həmçinin, gənclər də gəlməlidir. Ona görə də növbəti parlament seçkilərində mütləq namizədliyimi verəcəm”.

Aqil Abbas növbəti seçkilərdə seçicilərinin fikirlərinə önəm verəcəyini qeyd edib:

“Qarabağ bölgəsindən 3 dəfə Milli Məclisə deputat seçilmişəm. Hər dəfə də namizədliyimi irəli sürməzdən əvvəl gedib seçicilərimlə görüşüb məndən razı qalıb-qalmadıqlarını soruşmuşam. “Hə” cavabı aldığıma görə namizədliyimi vermişəm. Bu dəfə də elə edəcəm. Seçicilərim nə cavab versələr, ona da uyğun hərəkət edəcəm”.


Paylaş:


Müəllif : Tarix:
6-12-2019, 09:49
Sikayət   


loading...
Загрузка...