reklam
Regionxeberlericom.az » Sosial » Vətəndaşlara anonim bildirişlər göndərilir, cəmiyyətdə narahatlıq var - Qeyri-müəyyən əmlak sığortası...

reklam

Vətəndaşlara anonim bildirişlər göndərilir, cəmiyyətdə narahatlıq var - Qeyri-müəyyən əmlak sığortası...


2020-ci ilin astanasındayıq. Dövlət də, vətəndaş da təzə ilə yeni planlar hazırlayır. Növbəti ildən başlayaraq yaşayış evlərinin, daşınmaz əmlakın icbari sığortası tətbiq olunacaq. Amma hələ də bu məsələdə açıq qalan suallar var.

Hüquqşünas Sahib Məmmədov AYNA-ya açıqlamasında deyib ki, hazırda evlərə anonim şəxslər tərəfindən bildirişlər paylanılır: “Hər kəs yanvar ayından başlayaraq öz mənzilini sığorta etdirməsə, hər 20 gündən bir 30 manat cərimə olunacaq. Bu maddə İnzibati Xətalar Məcəlləsində var idi. Amma yalnız əmlak üzərində hüquqları həyata keçirərkən insanlar məcbur olub (əks halda notariat əməliyyatları aparılmırdı) daşınmaz əmlaklarını sığorta etdirirdilər. Cərimə də tətbiq edilmirdi”.

“İndi 20 gündən bir cərimə yenilənəcək. Bu, o deməkdir ki, əgər 50 manat verib əmlakını sığorta etməsə, daşınmaz əmlakı olan şəxs bir ildə 547 manat 50 qəpik cərimə olunacaq. Əlbəttə, daşınmaz əmlakı sığorta etmək yaxşıdır. Çünki, indi dövlət məcbur olur ki, sığortaçı qismində çıxış etsin. Əmlakı bu və ya digər səbəblərdən sıradan çıxan istənilən şəxs dövlətdən umur ki, kompensasiya ödənilsin”, - ekspert bildirib.

“Amma dünyada sığortanın qızıl qaydası var. Yalnız 3-cü şəxslər qarşısındakı məsuliyyətin sığortası icbari ola bilər. Əmlakın icbari sığortası mülkiyyət hüququnu pozur. Bu səbəbdən sığorta prinsipləri nəzərə alınmalıdır. Əmlak sığortası könüllü olmalıdır, sadəcə əhalini buna təşviq etmək lazımdır ki, öz istəyi ilə əmlakını sığortalasın. Xüsusi kateqoriyalı insanları (imtiyazlıları) isə, hətta dövlətin özü büdcə vəsaiti ilə sığorta edə bilər”, - S.Məmmədov vurğulayıb.

Hüquqşünasın sözlərinə görə, ucdantutma cərimələrin tətbiqi yüzminlərlə insanı borc asılılığına sala bilər: “Xarici ölkəyə getmək istəyənlərə stop qoyula bilər. Bu addım sosial gərginlik yarada bilər”.

Bu arada nəzərə çatdıraq ki, Mülki Məcəllənin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Bu məqama da aydınlıq gətirən Sahib Məmmədov deyib ki, ölkədə onminlərlə sənədi olmayan ev var: “Onların halı necə olacaq, məlum deyil. Məsələ ondadır ki, sığortanın bu formasının mexanizmləri hələ yoxdur. Üstəlik əhaliyə bildiriş rəsmi formada göndərilməlidir, anonim bildirişin hansı hüquqi dəyəri var ki? Üstəlik, cəriməni tətbiq edən tərəf də dəqiq deyil. Cərimə hara və necə ödəniləcək, müəyyənləşməyib. Buna görə də bu barədə yenidən düşünməyə ehtiyac var”.


Paylaş:


Müəllif : Tarix:
6-12-2019, 11:31
Sikayət   


loading...
Загрузка...