reklam
Regionxeberlericom.az » Sosial » Avtobusların gecə reysləri ilə bağlı şikayətlər çoxalır - Bəs rəsmilər nə deyir?

reklam

Avtobusların gecə reysləri ilə bağlı şikayətlər çoxalır - Bəs rəsmilər nə deyir?


“Dekabrın 6-da Şəkiyə yola düşən gecə reysində təxminən yarım saata qədər gözlədik”.

regionxeberlericom.az bildirir ki, bu sözləri Lent.az -a açıqlamasında sərnişinlərdən biri deyib. O bildirib ki, biletin üzərində minik vaxtı 22:50 kimi göstərilib:

“Buna görə də gecikməmək üçün vaxtında orada idim. Ancaq gecə reysi saat 23:50-də yola düşmədi və uzun müddət gözlədik. Bu isə mənimlə birgə digər sərnişinlərin də narazılığına səbəb oldu. Gecikməyə səbəb isə sərnişinlərdən birinin gözlənilməsi oldu. Düşünürəm ki, gecikən şəxsə görə digərlərinin də gözlədilməsi düzgün deyil”.

Bundan başqa sərnişin bildirib ki, yol boyu sürücü və xidmətlə bağlı heç bir narazılıq olmayıb:

“Sərnişinlər istədiyi vaxt çay, kofe və digər təklif edilən məhsullardan istifadə edə bilirdi. Sadəcə, avtobusların istirahət, yemək və digər ehtiyaclarını qarşılamaq üçün saxladığı kafenin vəziyyəti elə də yaxşı deyildi. Orada olan sanitar qovşaq təmiz deyildi və pis qoxu var idi”.

Şikayətlə bağlı saytımıza danışan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova bildirib ki, gecə reyslərində bəzən gecikmələr baş verə bilir:

“Gecikməyə səbəb bəzən avtobusların yoxlanılması, bəzən isə hansısa sərnişinin vaxtında çatmaması olur. Əslində sürücünün tam haqqıdır ki, gecikən sərnişini gözləməsin. Məsələn, günorta reyslərində 5 dəqiqədən əlavə gecikməyə imkan verilmir.

Bundan başqa, sərnişinlər əslində ən azı reysin yola düşməsinə yarım saat qalmışdan ərazidə olmalıdırlar. Ancaq gecikmələr baş verdiyi üçün biletlər də gec yoxlanılır və nəticədə avtobus nəzərdə tutulan vaxtdan gec yola düşür”.

P.Məmmədova əlavə edib ki, avtobusların istirahət üçün yolüstü kafelərdə saxlaması müqavilə şəklində həyata keçirilir:

“Burada sərnişin sayına uyğun yerlər seçilir. Bununla bağlı bizə hər hansısa şikayət daxil olmayıb. Sözügedən şikayətlərlə bağlı qeydlər aparılacaq və müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, uzun müddətdir qadağa qoyulan gecə reyslərinin bərpasına oktyabr ayının 1-dən başlanılıb.

Belə ki, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.


Paylaş:


Müəllif : Tarix:
10-12-2019, 17:37
Sikayət   


loading...
Загрузка...