reklam
Regionxeberlericom.az » Sosial » “Demokratiya o demək deyil ki, sən başqalarının hüququnu pozmalısan” - QALMAQAL

reklam

“Demokratiya o demək deyil ki, sən başqalarının hüququnu pozmalısan” - QALMAQAL


Bloqer Mehman Hüseynov 31 saylı Qaraçuxur II seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. M.Hüseynov seçki ilə bağlı kampaniya apardığı zaman 275 saylı məktəbin direktoru ona maneçilik törədib ərazidən uzaqlaşdırmağa çalışıb.

Sonra məktəbə daxil olan bloqer direktoru rüşvətxor adlandıraraq onun qanunsuz hərəkət etdiyini bildirib. Hadisə ilə bağlı sosial şəbəkələrdə video görüntülər də yayılıb. Mehman Hüseynovun haqlı olduğunu söyləyənlər olsa da, onu qınayanlar da az olmayıb.

Qeyd edək ki, direktor bloqqerdən səssiz olmasını xahiş edərək məktəbdə imtahan keçirildiyini deyib. Buna baxmayaraq M.Hüseynov məktəbdə böyük səs-küy yaradaraq bələdiyyə üzvülüyünə namizəd kimi haqqının pozulduğunu iddia edib. Lakin hansı haqqın pozulması hələ də sual altındadır. Çünki məktəbə daxil olub qəsdlə ajiotaj yaradan və diqqəti üzərinə cəlb etməyə çalışan şəxs bloqqerin özüdür.

Baş verənlərlə bağlı fikirlərini Sherg.az-la bölüşən AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, bələdiyyə üzvlüyünə namizədliyini verənlər təşviqat kampaniyasını qanun çərçivəsində aparmalıdırlar:

“Demokratiya o demək deyil ki, sən başqalarının hüququnu pozmalısan. Mən də müəllim olaraq çalışıram. Kiminsə dərsi pozmaq haqqı yoxdur. Heç nazir də dərsi poza bilməz. Hansısa nazirlik nümayəndəsinin dərsə mane olmaq haqqı yoxdur, nəninki bələdiyyə üzvlüynə namizədin. Kimsə kampaniya aparmaq istəyirsə bunu ilk növbədə qanunla etməlidir. Əvvəlcə görüş keçirmək istəyi ilə bağlı məktəb rəhbərliyinə müraciət etməlidir. Onlar da icazə verərlərsə, gəlib görüşü keçirə bilər. Yoxsa mən namizədəm deyə hara gəldi girim və görüş keçirim, belə olmaz. Çünki bu, anarxiyadır. Məncə həmin namizəd özü bilərəkdən ajiotaj yaradır ki, sabah beynəlxalq təşkilatlara desin ki, guya onun hüquqları pozulur və təşviqat aparmağa qoymurlar. Qoymasaydılar heç onun namizədliyi qeydə alınmazdı. Bələdiyyə seçkiləri ilə bağlı 42 mindən artıq namizəd qeydiyyatdan keçib. Düşünürəm ki, azərbaycanlı olduğumuzu yaddan çıxartmalı deyilik. Müəllimlərə hörmət etməliyik, etikanı gözləməliyik”.

M.Zülfüqarlı bildirib ki, seçkiyə qoşulan namizədin 3 resursu olmalıdır. İnsan, maddi və vaxt resursu:

“Namizəd işini bölüşdürməlidir və onun qərargahı olmalıdır. Görürəm ki, belə namizədlər bir həsir, bir məmmədhəsir, bir də özləri olaraq kampaniya aparırlar. Mehmandan soruşmaq lazımdır ki, onun seçki qərargahı, hüquqşunasları, məntəqələrdə müşahidəçiləri varmı? Bütün bunları yığanda ən azı 50-60 nəfər adam edir. Dəqiq bilirəm ki, onun bu adamları yoxdur. Ona görə də, bu cür ucuz kampaniya apararaq sadəcə şou yaratmaq istəyib. Fikrimcə, bu heç bir namizədə baş ucalığı gətirmir”.


Paylaş:


Müəllif : Tarix:
17-12-2019, 09:45
Sikayət   


loading...
Загрузка...