reklam
Regionxeberlericom.az » Sosial » Əbülfəs Qarayev ata yurduna da biganədir — Fatmayıda tarixi abidələr məhv olur (VİDEO/FOTOLAR)

reklam

Əbülfəs Qarayev ata yurduna da biganədir — Fatmayıda tarixi abidələr məhv olur (VİDEO/FOTOLAR)


Fatmayı Abşeronun qədim kəndlərindəndir və burada kənddə bir çox tarixi abidələr mövcud olub. Onların bir qismi isə dövrümüzə qədər gəlib çıxıb. Lakin bu gedişlə Fatmayı kəndindəki abidələr tarixə qovuşaraq məhvə sürüklənəcək.
Belə ki, Abşeronun Fatmayı kəndində 19-cu əsrə aid türbə və hamam qorunmalı olduğu halda, əksinə tariximizə qarşı laqeydlik özünü bütün çılpaqlığı ilə büruzə verməkdədir. Başqa cür desək, başda Mədəniyyət Nazirliyi olmaqla bu işə məsul dövlət qurumları Azərbaycan tarixinə, dövlətin sərvəti sayılan mədəniyyətinə əhəmiyyətsiz nəsnə kimi baxmağa davam edir.
Demokrat.az-ın əməkdaşı adıçəkilən kənddə tarixi abidələrin qorunmadığının, açıq-aşkar dağılmaq təhlükəsi ilə üzləşdiyinin canlı şahidi olub.

Fatmayıda abidələr var ki, Çar Rusiyası zamanında tikilib və təqribən 200 yaşı var. Azərbaycanın keçmişi ilə səsləşən bu tip abidələrin mühafizəsi və onların bərpası birbaşa Mədəniyyət Nazirliyinin səlahiyyətində olan məsələdir. Amma nədənsə nazirliyin biganəliyi və tariximizə barmaqarası yanaşdığını ürək ağrısı ilə söyləmək məcburiyyətindəyik.

Ərazidə olduğumuz zaman abidənin ətrafında at dayanmadan dolaşırdı və sanki tarixi nümunələrin qorunmasını öz öhdəsinə məhz bu sədaqətli at götürmüşdü.

Vandalizm - bilərəkdən və kortəbii şəkildə maddi və mədəni dəyərlərin, abidələrin məhv edilməsi deməkdir. Vandalizm, təkcə abidələri feilən dağıntıya məruz qoyaraq məhv etmək deyil ki... Bu həm də göz görə-görə məhv olmasına göz yummaqdır.


Mədəniyyət naziri Əbülfəs Qarayevin ata yurdu Fatmayı kəndinə olan ögey münasibəti məsələnin digər maraqlı tərəfidir. Belə ki, nazirin babası, dövrünün məşhur həkim-pediatrı Əbülfəz Qarayev məhz Fatmayı kəndində dünyaya göz açıb. Atası Mürsəl Qarayev isə Azərbaycan tibb elmində çoxprofilli cərrah kimi böyük nüfuz sahibi olub, Sovetlər Birliyi zamanında Səhiyyə Nazirliyinin baş cərrahı işləyib.

Odur ki, bu yerlərdə Əbülfəz və Mürsəl Qarayevlərin, görkəmli bəstəkar Qara Qarayevin ruhu gəzir. Onların ayaq basdığı torpağın maddi-mədəniyyət nümunələrinin məhv olmasına sakit qalmaq Əbülfəs Qarayevin özü üçün də xoş olmaz. Yox, əgər hörmətli nazirimiz digər yerlərdə olduğu kimi mədəniyyətin məhvinə göz yumursa, o zaman məlum olur ki, onun rəhbərlik etdiyi nazirlik öz işinin öhdəsindən gələ bilmir.

Beləliklə, sonda zərbə Azərbaycana, onun tarixinə və mədəniyyətinə olur. Tarixi abidələr yenə gözdən kənar qalır və onların xarabalığa çevrilməsi getdikcə daha da yaxınlaşır.



Paylaş:


Müəllif : Tarix:
3-03-2020, 13:56
Sikayət   


loading...
Загрузка...