reklam
Regionxeberlericom.az » Sosial » "Başçılar, icra nümayəndələri həbsə alınacaqlar..." - GƏLİŞMƏ

reklam

"Başçılar, icra nümayəndələri həbsə alınacaqlar..." - GƏLİŞMƏ


Azərbaycanda idarəetmə formasının dəyişməsi fonunda köhnə üsul-idarənin əsas və köməkçi fiqurları icra başçılarının, icra nümayəndələrinin həbsləri gerçəkləşdirilir. Heç kimə sirr deyil ki, icra hakimiyyətləri ən korrupsiyalaşmış, rüşvətin kök atdığı strukturlardır və islahatlara təpki göstərilməsində əsas zümrə kimi də elə həmin icra hakimiyyətləri, yerlərdəki nümayəndəliklər önə çıxır. Odur ki, bu sahədə həbs xəbərləri bir-birini əvəzləməkdədir.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran və Yevlax şəhər, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul rayon icra hakimiyyətləri başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxsləri Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımlarının paylanması zamanı neqativ hallara yol verib ərzaq paylarını özünün yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən olunub. Bundan başqa, bəzi vəzifəli şəxslərin saxtakarlığa yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar vermələrinə əsaslı şübhələr müəyyən edilib. Həmin şəxslər müvafiq rayon icra hakimiyyətləri başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər. Toplanmış materiallar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

İcra başçılarını, icra nümayəndələrini bunca biganə, müəyyən mənada qorxmaz edən nədir? Niyə həbslərdən nəticə çıxarmırlar?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyir ki, dünyada rüşvət və korrupsiya ilə bağlı çox sərt qərarlar verilir. Hətta nümayişkaranə ölüm səhnələri belə birbaşa efirdən nümayiş etdirilir ki, digərləri nəticə çıxarsınlar. Amma buna baxmayaraq, cinayətkarlıq davam edir: “Bu, sistemlər, insanın təbiəti ilə bağlı olan məsələdir. İnsan həm bioloji, həm də sosial varlıqdır. Onun gərək sosial-ictimai tərəfi o qədər güclü inkişaf etsin ki, azad, demokratik siyasi sistem səviyyəsinə siyasi düşüncələri gəlib çıxsın. Sosial inkişaf o həddə qədər inkişaf etməlidir ki, sosial siyasi inkişaf azadlıq və demokratiya xalq hakimiyyətinə, xalqın öz hakimiyyəti üzərində nəzarətə, şəffaf, açıq, hesabatlı fəaliyyət göstərən hökumətə qədər gəlib çıxsın. Şimali Avropa ölkələri var ki, orada cinayətkarlıq çox aşağı səviyyədədir. Bəzi ölkələrdə cinayətkarlıq yox səviyyəsinə qədər azalıb. Bunun başlıca səbəbi cəmiyyətin inkişaf səviyyəsidir. Elm və təhsilin, sosial sistemin, mədəni səviyyənin inkişafı elə bir həddə gəlib çatmalı, cəmiyyətdə ləyaqətlə yaşamaq şərtləri təmin olunmalıdır. Ləyaqətli vətəndaş yetişməlidir. Digər tərəfdən, ictimai-siyasi sistem azad olmalı, xalq hakimiyyəti, qanunun aliliyi təmin edilməlidir. Nə qədər ki, xalq hakimiyyəti qurulmayıb, xalq öz hökuməti üzərində nəzarəti qurmayıb, hökumətlər şəffaf, açıq, hesabatlı fəaliyyət göstərmir, korrupsiya davam edəcək”.

Sülhəddin Əkbər deyir ki, mərkəzi icra hakimiyyəti rəhbərliyində dəyişiklikdən sonra ölkədə sistem dəyişikliyi gedir: “Dəyişikliklər mərkəzi sferadan daha dərinə enib. Rayon səviyyəsində həbslər gerçəkləşdirilir, başçılar, icra nümayəndələri həbsə alınacaqlar. Azərbaycan vətəndaşları bu gedişatı müsbət qarşılayırlar. Amma bu metodlarla vəziyyəti istənilən səviyyədə dəyişmək mümkün olmayacaq. O adamların yerinə təmiz insanları qoysalar belə, məşhur deyimdəki - ”Hakimiyyət pozur, mütləq hakimiyyət isə mütləq pozur" durum alınacaq".

Sülhəddin Əkbər hesab etmir ki, icra başçılarına, icra nümayəndələrinə 10-15 min manat maaş verməklə vəziyyət dəyişə bilər: “O insanlara 10 min manat maaş verdilər. İnsan təbiəti belədir ki, tələbatı ödəndikcə, tələbləri sönmür, əksinə, daha yüksək səviyyəli tələblər meydana çıxır. Yeganə çıxış yolu ölkədə azad, demokratik, hüquqi, sosial dövlət modeli olmalıdır. İslahatlar geniş və dərin aparılmalı, hər şey xalqın nəzarətində olmalıdır. Nəzarətdən kənar sfera qalacaqsa, orada mütləq şəkildə korrupsiya və rüşvət qalacaq. Ağcaqanadı öldürməklə kökünü kəsmək mümkün deyil, bunun üçün bataqlıq qurudulmalıdır”.

Sülhəddin Əkbər Azərbaycanda üsul-idarənin dəyişiminin vəziyyəti nisbətən yaxşılaşdıracağını düşünür: “Ölkə vilayətlərə bölünməli, 10-12 vilayətə vali təyin etməklə onların fəaliyyətinə nəzarəti gücləndirmək mümkündür. Ən effektiv üsul-idarə isə demokratik üsul-idarədir. Xalq hakimiyyəti, ictimai nəzarət və parlament nəzarəti olmalıdır. Bələdiyyələrin səlahiyyəti artırılmalı, böyük şəhərlərdə mer seçkiləri keçirilməlidir. İnzibati idarəçilik üsulunun optimallaşdırılması geniş ictimai müzakirələrdən keçirilməlidir”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
6-05-2020, 10:35
Sikayət   


loading...
Загрузка...