reklam
Regionxeberlericom.az » Sosial » “Artıq rayon icra hakimiyyətlərini ləğv etməyin zamanı çatıb” - GƏLİŞMƏ

reklam

“Artıq rayon icra hakimiyyətlərini ləğv etməyin zamanı çatıb” - GƏLİŞMƏ


“Yerli icra hakimiyyəti orqanlarında geniş islahatlar həyata keçirilməlidir. Hazırki, yerli icra hakimiyyəti forması onun fəaliyyətlərini real həyata keçirməyə mane olur. Çünki indiki yerli RİH başçıları özlərini rayonlarda mütləq hakim hesab edirlər. Həmin mütləq hakimiyyətin isə ziyanı da olur və qüsurlara gətirib çıxarır. Çünki əhalinin bu qurumlara inam və etibarı zəifləyir”.

Bunu AYNA-ya açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Milli Məclisin keçmiş üzvü Əliməmməd Nuriyev deyib. O, rayon icra hakimiyyətlərində (RİH) keçirilən son əməliyyatlara diqqət çəkərək bildirib ki, son proseslər icra başçılarının əksəriyyətinin korrupsiyaya qurşandığını və vəzifəyə gəlir mənbəyi kimi baxdığını göstərir: “Faktiki olaraq Prezidentin onlara verdiyi icra tövsiyələri, vəzifə funksiyaları bir kənarda qalıb, yalnız və yalnız özləri üçün mikro mühit yaradıblar və o mikro mühit də ancaq korrupsiya sövdələşməsinə işləyən bir mühitdir. Yəni yerli icra strukturlarında aşkar olunan bu hadisələr onu göstərir ki, icra başçısı korrupsiya piramidasının başındadır və yerli idarələr də bu pramidanın əsasını təşkil edir. Bu, klassik korrupsiya sxemidir”.

“İcra başçıları həddindən artıq uzun müddət vəzifədə qalırlar. Uzun müddət bir yerdə qalmaq da sabit əlaqələrin yaranmasına gətirib çıxarır. Eyni zamanda, bu, həm də korrupsiya sxemlərinin yaranması imkanlarını genişləndirir. Digər tərəfdən, bələdiyyələrlə yerli icra hakimiyyətlərinin funksiyaları üst-üstə düşür. Ona görə də onlardan birinin ləğvi mütləq şərtdir, vacibdir. Belə olan halda da ərazi üzrə icra nümayəndiliyinə ehtiyac yoxdur və bələdiyyənin saxlanılması çox vacibdir. Çünki hesabatlılıq sistemi bələdiyyələrdə olduğu üçün onu real icra məsələsinə də keçirmək mümkün olacaq. Bələdiyyələr də real icra səlahiyyətlərinə malik olanda, şübhəsiz ki, vətəndaşların onlardan nəsə tələb etmək imkanları olacaq. Ona görə, artıq bu məsələlərə diqqət yetirməyin vaxtı gəlib çatıb”, - ekspert vurğulayıb.

Nuriyev nəzarət sisteminə də diqqət artırmağın lazım olduğunu qeyd edib: “Yerli icra hakimiyyətləri nəzarətdən kənarda qalıb. Onlara həm ictimai nəzarət etmək mümkün deyil, həm də sahibkarlıq subyektləri ilə onların davarınşları heç bir düşüncəyə sığmır. İstənilən uğurlu bir sahibkara dərhal problemlər yaradırlar. Bu problemlərin səbəbləri də onlardan pul tələb etmk üçündür. Hətta, iş o yerə çatıb ki, onlar sosial obyektlərin tikilməsinə belə, qarşı çıxırlar. Məsələn, hansısa bir kənddə kimsə məktəb təmir etmək istəsə, məscid tikmək istəsə, xeyir-şər evi açmaq istəsə, dərhal mane olurlar. Ona görə də bu davranışlar sistemini dəyişmək lazımdır”.

Müsahibimizin dediyinə görə, RİH başçılarının bir çoxunun etik davranış standartlarından xəbəri də yoxdur: “Onlar etik davranış çərçivələrindən çox-çox uzaq qalıblar. Onlar üçün həftəlik müəyyən kurslar, təlimlər keçirilməlidir ki, bu etik davranışları öyrənə bilsinlər. Bu kursların aparılması prosesi də bir dövlət orqanına həvalə edilməməlidir. Eyni zamanda, vətəndaş cəmiyyəti strukturları və media orqanları prosesə cəlb olunmalıdır. Çünki bu, davranış sisteminin qurulmasına imkan verəcək. Həm də idarəetmə sistemi əhəmiyyətli dərəcədə dəyişməlidir. Məsələn, dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə bağlı idarəetmə sistemi “ASAN Xidmət”in timsalında tam dəyişdi. Yeni bir idarəetmə sistemi gətirildi və keyfiyyətli xidmət ortaya çıxdı. Amma yerli icra hakimiyyətləri də xalqa xidmət göstərməlidir. Onların birinci vəzifəsi elə xalqın yanında olmaqdır. Amma bu xidməti həyata keçirmək üçün onların prinsipləri yoxdur. Dşünürəm ki, islahatların bir hissəsi də onların etik davranışları və prisnipləri ətrafında olmalıdır”.

“İcra başçıları daha çox korrupsiya fəaliyyəti ilə məşğul olurlar, nəinki vətəndaşa və dövlətə xidmət göstərirlər. Təbii ki, bacarıqlı icra başçıları da var və qoyulan prosesləri icra edirlər. Amma artıq yerlərdə idarəetmənin başqa formasına keçməliyik, yəni inzibati idarəetmə forması dəyişməlidir və vilayət bölgüsü barədə düşünməliyik. Yerlərdə bir proses də ondan ibarətdir ki, bütün mərkəzi icra hakimiyyətlərinin regional qurumları yaradılır. Bu reginal qurumlar da əslində, regional idarəetmə formasını zəzuri edir. Çünki həddindən artıq mərkəzləşmə bu cür mütləq hakimiyyətin yaranması imkanlarını da yerlərdə genişləndirə bilər. İslahatlar tam olaraq bu qurumları da əhatə etməlidir. Onu da qeyd etmək lazımdır ki, son zamanlar yerlərdə çox güclü infrastruktur yaradıldı və bəzi rayonlarda infrastrukturun yaranması ilə bağlı məslələrdə yenə də icra başçıları müsbət rol oynaya bilmədilər. Bir çox rayonların siması əhəmiyyətli dərəcədə dəyişsə də, bəzi rayonlar bundan uzaq qaldı. Əlbəttə ki, burada da yerli icra hakimiyyətləri başçılarının günahları var. Ona görə də yerlərdə daha çevik və daha məsuliyyətli idarəetmə formalaşdırmaq lazımdır”, - Ə.Nuriyev fikrini yekunlaşdırıb.


Paylaş:


Müəllif : Tarix:
6-05-2020, 11:58
Sikayət   


loading...
Загрузка...