reklam
Regionxeberlericom.az » Sosial » İCRA BAŞÇILARININ CİNAYƏT ORTAQLARI... – Onların növbəsi nə zaman çatacaq?

reklam

İCRA BAŞÇILARININ CİNAYƏT ORTAQLARI... – Onların növbəsi nə zaman çatacaq?


İmişli rayonunun icra başçısı Vilyam Hacıyevin həbsilə bağlı yayılan videosüjetdə dindirilən şəxslər arasında icra hakimiyyətinin başçıya pul daşıyan əməkdaşları ilə yanaşı bir sahibkar xanım da var. Səyalı Səfərova adlı həmin xanım ifadəsində deyir ki, başçı ondan öz sürücüsü vasitəsilə 172 min manat alıb. Sahibkar bildirir ki, başçı onlara çatacaq məbləğin 30 faizinin “atkat” olaraq, geri verilməsini istəyib. Onlar da razılaşıblar.

Burada söhbətin hansı puldan və hansı məbləğdən getdiyini müəyyən etmək elə də çətin deyil. Çox böyük ehtimalla həmin bu xanımın adına olan şirkət rayonda hansısa tikinti-abadlıq işləri, yaxud başqa bir işə görə tenderin qalibi elan olunub, satınalmada iştirak edib. Və təbii ki, bu alış-veriş tenderdən əvvəl razılaşdırılıb. Başçıya çatan “atkat”ın 30 faiz təşkil etdiyini nəzərə alsaq, belə çıxır ki, sözügedən tenderin, satınalmanın dəyəri təxminən 573 min manat olub(videonun 4.37-ci dəqiqəsinə bax).

Statistikaya nəzər salsaq görərik ki, təkcə 2018-ci ildə İmişli kimi heç də Azərbaycanın ən iri rayonu olmayan bir yerdə 4 milyon 835 min manatlıq tender keçirilib. Ötən il isə bu rəqəm 1 milyon manata yaxın olub. Artıq bundan o tərəfini hesablamaq, başçıya çatan payları müəyyən etmək çətin deyil. Özü də qeyd edək ki, İmişli heç də “tender lideri” sayıla biləcək rayon deyil...

Məsələ ondadır ki, uzun illərdir müstəqil ekspertlər və “AzPolitika.info” da daxil olmaqla bir çox mətbu orqanlar, eləcə də ayrı-ayrı iş adamları “yağlı tikə” olan tenderlərin və dövlət satınalmalarının azad iqtisadiyyatın və dövlət vəsaitlərinin kökünə balta çalan ən korrupsiyalaşmış, “kölgəli” istiqamətlərdən biri olduğunu bildirir.

Ancaq bu illərdə yalnız özümüz deyib, özümüz eşitmişik. İndi isə həbs olunan 5 icra başçısına qarşı qaldırılan ittihamların hamısında rayonlarda görülən abadlıq işlərinə görə şirkətlərdən “atkat” alınması məsələsi xüsusi yer tutur. Ancaq nədənsə, bu həbslərə qədər həmin məsələ ortaya çıxarılmırdı. Və təbii ki, bu mənzərə təkcə başçıları həbs edilən rayonlara aid deyil. Bəli, təəssüf ki, külli miqdarda dövlət vəsaitləri qarnı başından yuxarıda dayanan bazar adamlarına tapşırılıb və indi isə həmin pullar onların seyflərindən, evlərindəki qutulardan çıxır.

Yeri gəlmişkən, hamı Vilyam Hacıyevi və digər başçıları ölkə başçısının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, ondan öncəki icra başçılarının həbsindən dərs çıxarmamasına, qorxmamasına görə qınayır. Ancaq elə həmin Vilyam Hacıyevin evindən çıxan pulun miqdarına baxanda düşünürsən ki, qınamalı deyil, çünki bu boyda pulu olan adamda Azərbaycan reallıqları daxilində qorxu hissi mütləq yoxa çıxmalıydı...

Artıq neçə illərdir ki, ölkədə tenderlərin keçirilməsi üzrə “oyun qaydaları” bütün iş adamlarına məlumdur. Bu “qaydalar”ın nəticəsi olaraq, tenderləri adətən eyni qurumlardan eyni şirkətlər “qazanır”. Yəni hər bir dövlət qurumu, icra hakimiyyətləri də daxil olmaqla, demək olar eyni şirkətlərlə “işləyir”. Görülən işlərə görə ayrılan vəsaitlərin dəfələrlə şişirdilməsi də ki, adi haldır.

Belə də olmalıdır, çünki işin real dəyərinin üstünə başçının, yaxud nazirlik, komitə rəhbərinin “atkatı” gəlinməli, eləcə də bu şirkətlərin arxasında duran iri çaplı məmurların haqqı da nəzərə alınmalıdır. Bütün bunları çıxandan sonra yerdə qalan qəpik-quruşla da abadlıq işləri görülməli, orada çalışan fəhlələrə 5-10 manat ödənməlidir.

Hazırda elə şirkətlər var ki, nə ünvanı, nə ofisi, nə də real fəaliyyəti var. Heç əsl yiyəsi-sahibi kimdir, o da bilinmir. Amma bir ildə ilin günlərinin sayından çox tender qalibi olub. Elə olub ki, bir gündə 3 tender qazanıb. Hansı ki, bu işləri bir şirkətin görməsi nəinki maliyyə, kadr, avadanlıq sarıdan, heç fiziki cəhətdən də mümkün deyil.

Yaxud, elə şirkət var ki, tender elan olunandan sonra yaradılıb və möcüzəli şəkildə həmin tenderi “udub”. Ya da, 2 manat nizamnamə kapitalı olan şirkətə 3 milyonluq tender verilib və s. Hələ belələri barədə faktları yazanda da, zəng edib bizləri məhkəmə ilə hədələyirlər. Haqları da var, çünki arxayındırlar ki, məhkəmələr də onların tayıdır...

Bəs bu tenderlərdə daha hansı hoqqalar olmalı, hansı aşkar qanunsuzluqlar baş verməlidir ki, bütün bunları görməli olan gözlər açılsın? Bu işlərə nəzarət etməli olan hökumət, Hesablama Palatası, Prokurorluq, yaxud həmin rayonların deputatları və s. var. Qanunla bu tender oyunlarına “dur” deyə biləcək hüquqa malik nə qədər desəniz dövlət qurumu mövcuddur. Onlar indiyə qədər hara baxıblar və indinin özündə hara baxırlar? Görməyiblərmi bu talançılığı? Əlbəttə ki, görüblər. Sadəcə, özləri də aşağı-yuxarı həmin icra orqanının tayı olduqları üçün dinə bilməyiblər...

Dəfələrlə qeyd etmişik və bir daha xtırladırıq ki, tender və dövlət satınalmaları sahəsində mövcud olan bu vəziyyət həm də ölkədəki sahibkarlıq mühitinə ağır zərbələr vurur. İcra hakimiyyətlərinin, nazirliklərin, komitələrin və s. qapıları “tender kralları”nın üzünə taybatay açıldığı halda, sahibsiz sahibkara məxsus şirkətlərə həmişə qapının çölü göstərilib. Belədə sahibkarlıq inkişaf edərmi?

Bütün bunların nəticəsi olaraq, İş görməkdən çox pul bölmək barədə düşünən belə “tender kralları”nın tikdiyi yollar, apardıqları abadlıq işləri də 5 gündən sonra uçub dağılıb gedir. Oğurladıqları pulu “yuyub” qurtarmamış, çəkdikləri yolları yağış suları yuyub aparır...

Hər halda ümid edək ki, istər başçıları həbs olunan, istərsə də DTX-nın “yolunu gözləyən” digər rayonlarda, eləcə də nazirlik və komitələrdə biabırçı hal alan tender hoqqalarına da nə vaxtsa son qoyulacaq və hər bir vətəndaşın haqqı, payı olan büdcə vəsaitlərinin səsi hansısa başçının, nazirin, məmurun evindəki qutulardan gəlməyəcək...
AzPolitika.info


Paylaş:


Müəllif : Tarix:
8-05-2020, 16:34
Sikayət   


loading...
Загрузка...