reklam
Regionxeberlericom.az » Sosial » İcra hakimiyyətlərinin ləğvi zərurəti yenidən gündəmdə - konstitusiyaya dəyişiklik olmalıdır

reklam

İcra hakimiyyətlərinin ləğvi zərurəti yenidən gündəmdə - konstitusiyaya dəyişiklik olmalıdır

Rayon icra hakimiyyətlərində DTX tərəfindən keçirilən əməliyyatlar bu strukturlarda dərin korrupsiyalaşmanın getdiyini göstərir. Baş verən proseslər fonunda əksər mütəxəssislər yerli idarəetmə orqanı kimi rayon icra hakimiyyətlərinin öz funksiyasını itirdiyini qeyd edirlər.

Uzun illərdir bölgələrdə biznesin inkişafı qarışısında əsas maneəyə çevrilən bu idarəetmə modelindən imtina olunmasının, daha təkmil və qənaətcil idarəetməyə keçidin vaxtı gəldiyi bildirilir. Bu zaman əsas vurğu inzibati bölgü modelinin xırda rayonlar əvəzinə regional əsaslarla aparılmasına salınır. Bir çox mütəxəssislər bir neçə rayonun bir regional icra strukturuna daxil olunmasını təklif edirlər. Bu, həm dövlət idarəetmə aparatının saxlanması xərclərinin azaldılması, həm də korrupsiya imkanlarının məhdudlaşdırılması baxımından zəruri hesab olunur.

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, Azərbaycanda Bakı şəhərinin 12 rayonu da daxil, 75 rayon və 75 icra başçısı var: «Şərti olaraq son 20 ildəki vəziyyətə nəzər salaq. Yalnız bir əməliyyatda bir icra başçısından təxminən 5,5 milyon manat nağd pul tutulur. Əgər bura onların xaricdə olan mülklərini, ailə üzvlərinin bahalı avtomobillərini, Bakı və ölkənin səfalı yerlərində olan mülklərini, torpaq sahələrini, bahalı əşyalarını (qızıl, gümüş, brilyant, saat, kəmər, mebel, qab-qacaq, suvenir və s.), yaxın çevrələrinin varidatlarını, himayədarlarına ötürdüklərini, həmin rayondan olan deputatlara verdikləri cib xərcliklərini və hədiyyələri, nəhayət, 20 ildə xərclədiklərini də əlavə etsək, bu rəqəm ən azı 20 dəfə artmış olacaq. Demək, yalnız bir icrabaşı 20 ildə təxminən 110 milyon dövlət, xalq malını mənimsəmiş olur.

Bu rəqəmi 75 rayona vurduqda isə 8 milyard 250 min manat vəsaitin “yeyilməsi” deməkdir. Bura icra strukturlarındakı digər əməkdaşların (müavinlər, şöbə müdirləri, arxitektor, mühasib və s.) xərclikləri daxil deyil. Azərbaycanda fəaliyyət göstərən müstəqil ekspertlər elə 20 ildir ki, icra hakimiyyəti orqanlarının səlahiyyətlərini bələdiyyələrə verməklə ləğv edilməsini təklif edirdik. Vaxtında bizim təkliflər ciddiyə alınsaydı, bu qədər vəsait xalqın rifahına yönəlmiş olardı".

İqtisadçı, həm də REAL Partiyasının icra katibi Natiq Cəfərli bildirir ki, hələ 2013-cü ildə onlar Azərbaycanda regional idarəetmə orqanlarının formalaşdırılması təklifi ilə çıxış ediblər: “Biz Realın proqramında detallı şəkildə bu məsələ ilə bağlı təklif vermişik. Ölkənin iri iqtisadi zonalara bölünməsi, rayon icra hakimiyyətlərinin ləğv olunması, prezident tərəfindən təyin olunmuş nümayəndə. Bu regional vahidlərdə icra funksiyasını əhalinin özü seçdiyi qurumlar yerinə yetirir. Bu, dünyanın keçdiyi yoldur. Bizim təklif etdiyimiz Fransa modelidir. Azərbaycan unitar dövlət olduğuna görə bölgünün iqtisadi yaxınlıq üzrə aparılması daha məqsədəuyğundur. 8-12 arası iqtisadi zona üzrə regional idarəetmə vahidləri yaradılır. Prezident ora öz səlahiyyətli nümayəndəsini - tutalım ki, vali təyin edir. O, qanunların, konstitusiyanın icra olunmasına nəzarəti həyata keçirir, fövqəladə vəziyyətlərdə idarəetməni öz üzərinə götürür. Amma icra hakimiyyətlərinin bütün funksiyaları yerli özünüidarəetmə orqanlarına - seçilmiş orqanlara verilir. Seçilmiş orqanlar seçici qarşısında məsuliyyətli olacaqlar, eyni zamanda dövlətin nəzarətini hiss edəcəklər”.

N.Cəfərlinin sözlərinə görə, təklif etdikləri idarəetmə modelinin tətbiq olunması üçün ölkədə konstitusiya dəyişikliyi olmalıdır: “Real Partiyası olaraq bəyan etmişik ki, bunun üçün referenduma gedilərsə, biz ona dəstək verə bilərik. Regional əsaslı idarəetməyə keçid həm dövlət vəsaitlərinə qənaət etməyə imkan verəcək, həm də biznesin inkişafına təkan verəcək. Kiçik bir rayona investisiya cəlb etmək mümkün deyil. Böyük iqtisadi ərazilərdə isə bunu etmək daha rahatdır”.

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: “Regional idarəetmə sisteminə keçilməsi çox ciddi məsələdir, struktur dəyişikliyidir və birbaşa prezidentin səlahiyyətindədir. Prezidentin iradəsi ilə ölkədə həyata keçirilən islahatların bir istiqamətini də struktur islahatları təşkil edir. Düşünürəm ki, bu islahatlar davam edəcək. Ayrı-ayrı nazirliklərin, komitələrin birləşdirilməsi və sair istiqamətlərdə addımlar atılacaq. Xüsusilə açıq və qapalı tipli səhmdar cəmiyyətləri var ki, dövlətə zərər vurmaqla məşğuldurlar, onlarla bağlı da qərarlar qəbul olunacağına əminəm.

Quberniyaların yaradılması məsələsinə gəlincə, əksər mərkəzi icra hakimiyyəti orqanları artıq regional idarəetməyə keçiblər. Maliyyə, vergilər və sair qurumlar hər rayonda deyil, regional idarələr vasitəsilə idarəetməyə çoxdan başlayıblar. Yəni icra strukturlarının xeyli hissəsi regional fəaliyyət göstərirlər. Bu isə quberniya, yaxud başqa adla adlandırıla bilən tam regional idarəetməyə keçid üçün əlverişli zəmin deməkdir. Əlbəttə, bu, cənab prezidentin iradəsindən asılı olan məsələdir".

F.Ağamalının fikrincə, idarəetmə formasından asılı olmayaraq, dövlət vəzifəsini tutan şəxslərin düşüncə tərzi, yanaşması da dəyişməlidir: “Hər kəs tutduğu vəzifənin məsuliyyətini dərk etməli, korrupsiya və rüşvətxorluq kimi insan şərəf-ləyaqətinə ləkə gətirən hallardan uzaq durmağı bacarmalıdır. Düzdür, heç də bütün icra başçılarının korrupsioner olduğunu söyləmək düzgün olmaz, onların arasında da vəzifəsinə ləyaqətlə yanaşan, işini düzgün quranlar az deyil. Lakin son hadisələr göstərir ki, həm yerli icra strukturlarında, həm də mərkəzi icra orqanlarında insanı alçaldan hallardan uzaq durmağı bacarmayanlar da var. Yəni insan faktorunu unutmaq olmaz”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
14-05-2020, 11:00
Sikayət   


loading...
Загрузка...