reklam
Regionxeberlericom.az » Sosial » Naxçıvanı və naxçıvanlıları ikiqat koronavirus girovuna çevirənlərin niyyəti nədir..? - NARAZILIQ...

reklam

Naxçıvanı və naxçıvanlıları ikiqat koronavirus girovuna çevirənlərin niyyəti nədir..? - NARAZILIQ...


Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-dən etibarən xüsusi karantin rejiminin yumşaldılacağı ilə bağlı xəbəri haqlı olaraq cəmiyyətdə böyük sevinclə və ruh yüksəkliyi ilə qarşılanıb. Baxmayaraq ki, yoluxma sayındakı artan tendensiyaya rəğmən ona adekvat olmayan qərarın verilməsindən təəccüblənənlərin sayı heç də sevinənlərin sayından az deyil. İstənilən halda bu qərarın verilməsi ilə psixoloji olaraq son 2 ayda qara bulud kimi məmləkətin üzərinə çökən neqativ emosiyanın qismən də olsa dağılacağına şübhə yoxdur. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, hökumətin bu qərarı heç də koronavirus adlı bəlanın məmləkətimizdən çəkilib getməyə hazırlaşdığı demək deyil.

Biz məsələnin tamam başqa yönünə nəzər salaraq baş verən anormallıqda məntiq, daha doğrusu, səbəb axtarmağa çalışacağıq. Məsələ burasındadır ki, Azərbaycanın 20 faiz torpağı erməni tapdağında olması azmış kimi bir hissəsi də elə nakor qonşularımızın 1 əsr əvvəlki namərdliyi üzündən ölkənin əsas hissəsisndən ayrı düşüb. Bəli, 1 əsrə yaxındır ki, Naxçıvan blokadadır və rəsmi Bakının, eləcə də 1 əsr öncə Qars müqaviləsi ilə bu yavru Vətənin qarantı rolunu üzərinə götürmüş qardaş Türkiyənin çeşidli çabalarına baxmayaraq o bölgənin sakinləri illərdi xirtdəyədək problemlər məngənəsindədir. İllərdi ki, Bakı ilə əlaqələri yalnız təyyarə ilə olan, İran ərazisindən keçən az qala min kilometrə çatan avtomobil yolu isə məşəqqətli olduğu qədər də bezdirici olduğundan Naxçıvana gedib gələn vətəndaşlarımız xeyli əziyyət çəkməyə məcbur olur. Təyyarə biletinin qiymətinin 50 manat olmasını nəzərə alaraq Naxçıvanla Bakı arasında qalan insanların zəhmətdən əlavə hansı xərclərə də qatlaşdığını nəzərə almaq lazımdır.

Bu azmış kimi koronabəla da bu yandan Naxçıvana ikiqat problem yaşadıb. Moderator.az-ın əldə etdiyi məlumata əsasən ölkədə xüsusi karantin rejimi tətbiq olunandan və təyyarə reysləri qadağan olunandan bu yana yüzlərlə deyil, minlərlə naxçıvanlı əli qoynunda qalıb. Xeyli sayda naxçıvanlı ev-eşiyinə qayıda bilmədiyindən Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin qarşısında dayanaraq çörək almağa pullarının, yatmağa yerlərinin olmadığını deyib üsyan edirlər. Təbii ki, nümayəndəliyin də o sayda insanın xərclərinin qarşılamaq imkanı yoxdur. Üstəlik, həmin ərəfədə Naxçıvana nişan, toy və yas mərasimlərində iştirak üçün Azərbaycanın fərqli bölgələrindən gedən yüzə yaxın vətəndaşımızın da Naxçıvana qonaq getdiyi evdə 2 aydır ki, "koronavirus girovu"na çevrilməsi ilə bağlı əlimizdə təkzibolunmaz məlumatlar var...

Əlbəttə, kimsə iddia edə bilər ki, bunu təbii qarşılamaq və hamı kimi karantin rejiminin tələblərinə qatlaşmaq lazımdır. Amma bir anlıq ayaq saxlayın, xanımlar və cənablar, söhbət iki aydır yüzə yaxın adamın kiminsə evində qonaq qalması və öz ev-eşiyindən, doğmalarından ayrı düşməsidir. Bu hələ harasıdır, 2 aydır ki, onlarla dəfn və yas mərasimlərinə ən yaxın ailə üzvləri və ya qohumlar qatılmaq imkanından məhrum qalıb. Bu günədək Türkiyədən, Rusiya və Ukraynadan, digər ölkələrdən soydaşlarımızı çarter reysi ilə Bakıya gətirən səlahiyyət sahiblərinin görəsən ağlının ucundan bircə dəfə keçibmi heç olmasa gündə də olmasa iki gündən bir və ya lap həftədə bir dəfə Naxçıvan-Bakı reysi təşkil edilsin və misilsiz məhrumiyyətlərlə üz üzə qalan insanlar ikiqat psixoloji gərginikdən xilas ola bilsin..?

Məsələnin daha qəliz tərəfi ondan ibarətdir ki, bəzi iddialara görə Naxçıvanın rəhbərliyi tərəfindən bu müraciət - yəni heç olmasa gündə bir dəfə təyyarə reysinin təşkil edilməsi ən yüksək səviyyədə Bakıya çatdırılsa da AZAL rəhbərliyi daş atıb başını tutaraq ötənlərin intriqasını yürütməkdə davam edir. Nəticədə Naxçıvanda koronavirusdan betər bir gərginlik yaşanmaqda davam edir... //moderator.az//


Paylaş:


Müəllif : Tarix:
18-05-2020, 09:07
Sikayət   


loading...
Загрузка...