reklam
Regionxeberlericom.az » Sosial » "Müharibədə uduzan Azərbaycan xalqı deyildi, ölkənin siyasi-hərbi rəhbərliyi idi" - Keçmiş komandandan AXC iqtidarına İTTİHAM

reklam

"Müharibədə uduzan Azərbaycan xalqı deyildi, ölkənin siyasi-hərbi rəhbərliyi idi" - Keçmiş komandandan AXC iqtidarına İTTİHAM

Mayın 18-i Laçın rayonunun işğalının 28 ili tamam olur. Artıq üçüncü onillikdir ki, Laçının işğalı ilə bağlı açılmamış məqamlar müzakirə olunur. Cebhe.info-nun müsahibi Azərbaycanın ilk nizami hərbi hissəsi olan Laçın alayının komandiri, polkovnik Arif Paşadır.

-Arif bəy, birbaşa mətləbə keçək. Laçının işğalı necə baş verdi?

- Mən əvvəlcə onu qeyd etmək istəyirəm ki, o vaxt müharibədə uduzan Azərbaycan xalqı deyildi, ölkənin siyasi-hərbi rəhbərliyi idi. Bizim könüllülərdən ibarət hərbi hissələrimiz böyük əzmlə vuruşurdu. Ancaq Rusiyanın Azərbaycandakı iradəsini həyata keçirənlər və onların daxildəki havadarlarının fəaliyyəti ucbatından torpaqlarımızı itirdik. Ancaq zaman keçdikcə, hadisələri daha diqqətli təhlil edə, səhvlərimizdən nəticə çıxararaq fəaliyyətimizi daha yaxşı qura bilərik. Onu da qeyd edim ki, Azərbaycanın hərbi potensialı da heç bir güzəşt etmədən hərb yolu ilə torpaqlarımızı azad etmək imkanı verir.

O ki qaldı həmin gün baş verənlərə, bu, Qarabağda baş verənlərin məntiqi sonluğu idi. Qarabağın yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağda yerləşən qanunsuz silahlı birləşmələr tərəfindən işğal edilmişdı. Mayın 8-də isə Şuşa işğal edildi. Laçının işğalı Şuşanın tam mühasirə, Şuşanın işğalı isə Laçının yarımmühasirə vəziyyətinə düşməsi demək idi. Şuşanın işğalından sonra Laçının saxlanılması mümkün deyildi.

“Ermənistanla sərhədlərə 5500 ədəd tank əleyhinə mina düzülmüşdü”

Laçın həm Ermənistan, həm də Yuxarı Qarabağdan hücum edilməsi ehtimalına görə hər iki tərəfdən müdafiə məqsədli tədbirlərin görülməsi ilə möhkəmləndirilmiş hərbi ərazi idi. Ermənistanla sərhədlərə 5500 ədəd tank əleyhinə mina düzülmüş, həmin ərazi piyada əleyhinə minalar və müdafiə məqsədli hərbi qurğularla işlənilmişdi. Eləcə də Laçın və Şuşa arasında 5 km ərazi hər 50 metrdən bir partlayış quyuları ilə işlənilərək hazırlanmışdı. Bu quyular yerin səthindən 50-60 sm səviyyədə, dərinliyi 5-6 metr , diametri 15-20 sm olan, içi trotillə doldurulmuş və mərkəzi idarəetmə punktunda generatorlara naqil vasitəsilə birləşdirilmişdi. Məqsəd Yuxarı Qarabağ tərəfdən hücum ehtimalı olan hərbi birləşmələrin həmin partlayış zonalarının üzərinə çəkilməsi və onlara son zərbənin- həm atıcı silahlar, həm də partlayiş quyuları vasitəsilə - endirilməsi nəticəsində düşmənin darmadağın edilməsi idi. Lakin 30 aprel 1992-ci ildə MN-nin 0151 saylı əmri ilə, yəni Laçın alayının ləğvindən sonra həmin hərbi məqsədli qurğuların sıradan çıxarılması ermənilərin əraziyə daxil olmasına şərait yaratdı. Laçının dairəvi müdafiəsi Yuxarı Qarabağ istiqamətindən darmadağın edildi. Dəfələrlə demişəm ki, Laçın açıq-aşkar xəyanətin qurbanı oldu.

“Bakıda olarkən Laçın alayının ləğv edildiyini bildim”

-30 aprel 1992-ci ildə alayın ləğvi barədə əmr verildi. Sizə bu məlumat necə çatdırıldı?

-30 apreldə mən Bakıya gəlmişdim. Səfərimdə məqsəd o idi ki, Bakıdan göndərilən bəzi hərbi qüvvələrin Laçın və Şuşada törətdikəri təxribat xarakterli hərəkətlərin, o cümlədən Xankəndinə tələsik və hazırlanmamış hücumu nəzərdə tutan, əslində Azərbaycan əsgərini qırğına verəcək təxribatçı əməllərin qarşısını alım. Bakıda olarkən Laçın alayının ləğv edildiyini bildim. Artıq mən komandir deyildim. Mayın 8-də ermənilərin Şuşaya hücum etdiyi barədə məlumat aldım və təcili Laçına qayıtdım. Aprelin 30-dan həmin müddətə qədər isə Bakıdan xeyli silah-sursat tədarük edib Laçına göndərmişdim. Baxmayaraq ki, artıq mənə alayın ləğv edildiyini demişdilər, amma torpaqları müdafiəsiz qoymaq olmazdı.

“Rəhim Qazıyevi də, məni də ustalıqla aldatmışdılar”

-Heç maraqlanmadınız ki, belə həssas məqamda alay niyə ləğv olunub?

-Həmin vaxt bunu dəqiqləşdirməyim mümkün olmadı.Bu məsələdə də qarışıqlıq vardı, əslində bu, məqsədli edilmişdi. Mənimlə nazir Rəhim Qazıyevin görüşünə də mane olmuşdular. Nazir Rəhim Qazıyevin imzaladığı əmrdə alayın 4-cü briqadaya tabe etdirilməsi barədə başlıq vardı. Halbuki əmrin icra hissəsi Laçın alayının ləğvi barədə idi. Rəhim Qazıyevlə üz-üz oturaraq bu sirri açmaq istəyirdim. Amma o zaman nazir Rəhim Qazıyev əmrin başlığına görə mənim tabe olmadığımı düşünərək mənə qarşı, mən isə Laçın alayının ləğv edilməsinə görə Rəhim Qazıyevə qarşı kəskin münasibətdə idim. Rəhim Qazıyevi də, məni də ustalıqla aldatmışdılar. Əslində xəyanət etmişdilər. Rəhim Qazıyevlə mənim aramda olan anlaşılmazlığın kökündə məzh bu məqam dururdu. Qazıyev düşünürdü ki, mən əmrə tabe olmuram. Çünki onun verdiyi əmrin başlığı Laçın alayının 4-cü briqadaya tabe etdirilməsi barədə idi, icra hissədə isə alayın ləğvi göstərilmişdi. Bu xəyanətin üstü Laçın-Şuşa məhkəməsində açıldı.

“Şahin Musayev sənədlərin arasında alayın ləğvi barədə əmri Rəhim Qazıyevə imzalatmışdı”

-Belə çıxır ki, əmr özü də təxribat idi. Bu təxribatı kim hazırlamışdı, sizin ikinizi də ustalıqla aldadan şəxs və ya qüvvələr kim idi?

-Əmri o zaman Baş Qərargah rəisi olan Şahin Musayev hazırlamış və sənədlərin arasında nazirə imzalatmışdı. Həmin günlərdə ərazidə bilavasitə rəhbərlik edən şəxs var idi- Elbrus Orucov və onunla gələn 22 nəfər akademik hərbi təhsilli hərbçilər. Müdafiə nazirinin vəzifəsi təmsilçilikdir, hərbi əməliyyatlar Baş Qərargah vasitəsilə hazırlanırdı. Nəcməddin Sadıqov isə həmin vaxt Şuşada olmamışdı. Həmin şəraitdə ərazinin təchizatına nazirlik cavabdeh idi və o zamanın tələblərinə uyğun təchizat olmuşdu. Ərazinin məsul komendantı Elbrus Orucov və Laçın alayının ləvğində bilavəsitə məsuliyyəti olan Şahin Musayev idi. Təsəvvür edin ki, üstümüzə düşmən gəlir, amma həmin vaxt ən böyük zərbə qüvvəsinə malik olan Laçın alayı və eləcə də yerli batalyonlar ləğv olunur. Səbəb nə idi? O zaman rus mətbuatı Şuşadan “Azərbaycanın son qalası” deyə yazırdı. Hər kəs bilirdi ki, əgər Şuşa alınacaqsa, Laçının da getməsi mümkündür. Çünki əvvəl dediyim kimi, Laçın və Şuşanın hərbi baxımdan vəziyyət elə idi ki, Laçının işğalı Şuşanı mühasirə, Şuşanın işğalı isə Laçını yarımqapanmamış mühasirə vəziyyətinə salırdı.

“Postlarda “Arif Paşayev hardadır?” sualı verərək çəkilişlər edirdilər”

- Uzun illər işğal ərəfəsində Laçında çəkilən kadrlar müzakirə mövzusu olub.

-Həmin kadrlar həqiqəti əks etdirmirdi və siyasi mülahizələr üstün götürülərək hazırlanmışdı. Mən “Mərkiz dağı” deyilən ərazidən Mixail Vasilyeviç Qridasovun reaktiv artilleriya divizionu ilə Yuxarı Qarabağda yerləşən erməni qüvvələrinə zərbə endirirdik. Adını bildiyim və məhkəmədə bəyan etdiyim yüksək rütbəli zabit isə Yuxarı Qarabağ istiqamətində olan postların birinə gələrək “Arif Paşayev hardadır?” deyə soruşurdu. Bir yox, bir neçə döyüşçüyə həmin sualı verdirərək məlum çəkilişi təşkil etdirirdi. Məqsəd mənim əvvəldən planlaşdırılmış həbsimə zəmin yaratmaq idi. Laçın hələ işğal edilməmişdən işğala görə mənim həbsim ssenarilədirilmişdi. Məqsəd işğalın əsas səbəbkarlarını məsuliyyətdən kənar qoyulması, mən və tabeçiliyimdə olan bir neçə şəxs məhz işğalda günahlandırılaraq həbs edilməsi idi. Komandirlikdən çıxmağıma baxmayaraq, alayın sənədlərinin düşmən əlinə keçməməsi üçün zor tətbiq etmək lazım gəlsə belə, həmin sənədlərin ərazidən çıxarılmasına nail olacaqdım. Bu gün də həmin hadisələr baş versəydi, yenə eyni addımı atardım. Çünki bu, həm Nizamnamə baxımından, həm də sənədlərin düşmən əlinə keçməməsi üçün edilməsi vacib hərəkət idi. Həmin vaxt qərargah rəisi olmuş mayor Rafiq Nağıyevə qəti şəkildə göstəriş verdim ki, düşmən qüvvələri atıcı silah məsafəsinə çatdığı üçün qərargahın sənədlərini “Tikanlı zəmi” deyilən əraziyə çıxartsın. Rafiq Nağıev də mənim bu göstərişimi yerinə yetirdi. Baxmayaraq ki, mən komandir deyildim, amma bu, edilməsi vacib hərəkət idi. Qəribə burasındadır ki, həmin kadrlarda mənim və Rafiq Nağıyevin tanımadığı, çox sayda hərbi qüvvə ərazini tərk edir və çəkilişdə belə təəssürat yaradılır ki, həmin şəxslərə qaçmaq əmrini mən vermişəm. Halbuki Rafiq Nağıyev “Əmri Arif Paşayev verib” deyərkən qeyd edirdi ki, əmr ancaq qərargahın sənədlərinə aiddir, yəni sənədlər ərazidən çıxarılmalıdır. Kadrda göstərilən həmin çoxsaylı qüvvələrin hansı hərbi hissəyə aid olduqları, kim olduqlarını mən indi də bilmirəm. Rafiq Nağıyevin “Ancaq qərargahın sənədləri” sözü yox, ərazini tərk edən əsgərlər tamaşaçıda təəssürat yaradırdı və yanlış olaraq əmrin məhz onların ərazini tərk etməsiylə bağlı olduğu düşünülürdü. Bu kadrlar çəkilərkən məhz bu yanlış anlaşılmaya hesablanmışdı. Maraqlı bir detal da var. Laçının girişində düşmən tərəfə həm avtomat silahdan, həm də BM-21 markalı “Qrad” qurğusundan atəş açılır. Belə çıxır ki, qarşıdakı düşmənə həm atıcı silah, həm də reaktiv artilleriya vasitəsilə zərbə endirilir. Bu, sadəcə olaraq şou idi. Düşmən bilavasitə təmas xəttində idisə, onda “Qrad” niyə atış açırdıə Uzaqda idisə, avtomat silahların tətbiqi hansı məntiqə söykənirdiə Yəni bu çəkilişlərdə siyasi şoular heç də az deyildi. Bununla cəmiyyəti müəyyən müddət aldada bildilər. Ancaq müəyyən müddətdə.

“Harada Elbrus Orucov varsa, orda Şahin Musayev var”

-Ən böyük iddialardan biri odur ki, Laçının işğalına səbəblərdən biri həmin ərazidən hərbi texnikanın AXC-yə dəstək üçün 15 mayda Bakıya göndərilməsi olub.

-Laçını tərk edən qüvvələr ərazini Mütəllibov hakimiyyətdən getdikdən sonra tərk etmişdilər. Əgər həmin qüvvələr Azərbaycan Xalq Cəbhəsinə bağlı olsaydı, onlar ərazini mayın 14-dən tərk etməli idilər. Halbuki belə olmamışdı. Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki, əsas cəbhə bölgəsidir, əsas mübarizə düşmənlə cəbhə bölgəsində aparılır. Şuşadan ezamiyyət vərəqəsi ilə əsgərləri evlərinə buraxan məhz Elbrus Orucov idi. Elbruz Orucov Xalq Cəbhəsinin üzvü deyildi axı. Şuşa alınandan sonra ordunun ikinci çıxışı mayın 15-dən 16-a keçən gecə oldu. Artıq Xalq Cəbhəsi hakimiyyətə gəlmişdi, xalq onu dəstəkləyirdi. Belə olan halda əsgərin Bakıya getməsinə nə ehtiyac vardı? Gedənlər gedişlərinin səbəbini ancaq Ayaz Mütəllimovun artıq hakimiyyətdə olmaması ilə əlaqələndirirdilər. Polis rəisi olmuş Akif Səlimov da bunu təsdiq edə bilər. Onlar deyirdilər ki, bizi bura göndərənlər var, o, artıq hakimiyyətdə deyil və biz geri qayıdırıq. Gedən qüvvələr AXC-yə bağlı deyildi və AXC-yə kömək üçün yox, Mütəllibovun hakimiyyətdən getməsinə etiraz olaraq ərazini tərk etdilər. Sonradan Elbrus Orucovun mənə dediyinə görə, bu əmri qərargahdan almışdı. Ancaq mənə etiraf etdi ki, o, burada bir vintcik idi. Həmişə demişəm, harada Elbrus Orucov varsa, orda Şahin Musayev var, birbaşa günahkarlar onlardır.

-Sizcə müharibə, yoxsa danışıqlar?

-Birmənalı olaraq müharibə. Mən düşünürəm ki, uzatmağa ehtiyac yoxdur. Azərbaycan ərazisində istənilən qanunsuz obyekt yaradılmasının qarşısı silahlı yolla alınmalıdır. Bu obyektlərə zərbələr endirilən kimi beynəlxalq miqyasda müzakirə başlayacaq və bu müzakirələrdə ermənilərin işğal altındakı torpaqlarda obyekt tikdikləri üzə çıxacaq. Münaqişəli olduğun tərəfi müzakirəyə özün çəkməlisən. Mənim fikrimcə, havadan raket və artilleriya zərbələri endirilməldiir ki, o zərbələr təkcə işğalçını yox, həm də beynəlxalq aləmi silkələsin. Məhz o zaman müzakirələrdə kimin haqlı olduğu üzə çıxacaq.


Paylaş:


Müəllif : Tarix:
18-05-2020, 12:09
Sikayət   


loading...
Загрузка...