reklam
Regionxeberlericom.az » Sosial » Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: - “İcra başçıları düşünür ki, kim yoxlayacaq...”

reklam

Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: - “İcra başçıları düşünür ki, kim yoxlayacaq...”


Ölkədə işsizliyin aradan qaldırılması istiqamətində atılan addımlardan biri də ictimai iş yerlərinin yaradılması olsa da, bu layihə qısa müddətdə korrupsiya predmetinə çevrildi.

Prezident İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul zamanı bu problemə toxunub:

“Ödənişli ictimai iş yerlərinin yaradılması artıq bir neçə ildir ki, təmin edilir və biz bu kateqoriyaya aid olan insanların sayını ildən-ilə artırırıq. Biz 30 mindən başlamışıq. Bu il mənim göstərişimlə 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır və bu istiqamətdə artıq nəticələr vardır. Ancaq əfsuslar olsun ki, bəzi icra başçılarının cinayətkar əməllərinə görə, bu sahə də ən korrupsiyalaşmış və ən çirkin sahəyə çevrilib. O işlərə cəlb edilən insanların ödəniş kartları icra başçıları tərəfindən oğurlanırdı. Həbs olunmuş bütün icra başçılarının iş otaqlarından və onların yaxınlarının iş otaqlarından yüzlərlə ödəniş kartı çıxır. Bu pul kasıb, özünə iş tapa bilməyən insanlara çatmalıdır”.

Prezident həmçinin bildirib:

“Xüsusilə pandemiya dövründə bütün ölkələrdə iş yerləri ixtisar edilir, bütün ölkələrdə işsizlik artır, o cümlədən Azərbaycanda. Belə bir vəziyyətdə kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir. Ona görə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, onlar ümumi nəzarət və eyni zamanda, monitorinq aparsınlar. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bu işləri ciddi təhlil edin, görün nə qədər insan cinayətkar icra başçıları tərəfindən bu imkandan məhrum edilib. Biz bu ədaləti bərpa etməliyik”.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman 2018-ci ilin avqust ayında imzalanıb. 2019-cu ilin may ayında ilk “DOST” mərkəzinin açılışı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin 2019-2025-ci illərdə Bakıda və regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.

“DOST”-da göstərilən çoxsaylı xidmətlərdən biri də vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması barədə göndərişlərin verilməsidir. Sosial iş yerləri üzrə əməkhaqlarının qismən maliyyələşdirilməsi də bu qurumun üzərinə düşən funksiyalardan biridir.

Bəs haqqı ödənilən ictimai işlər hansı sahələri əhatə edir? Bu layihə necə həyata keçirilir, onun korrupsiya yeminə çevirilməsi qanunlardakı boşluqlardan irəli gəlir, yoxsa burada başqa amillərin rolu var?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, xüsusi karantin rejimi dövründə işini və qazancını itirmiş şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub:

“Haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır. Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir”.

Millət vəkili Fazil Mustafa “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mərkəzləşdirilmiş formada hansı funksiya həyata keçirilirsə, orda korrupsiya elementləri cücərməlidir:

“Düşünürəm ki, buna görə də özəl sektorun inkişafı ilə bağlı prosesləri sürətləndirmək lazımdır. Heç bir sahibkar bu formada hansısa problemin yaranmasında maraqlı ola bilməz. Burada problemlər daha çox layihənin mərkəzləşdirilmiş formada həyata keçirilməsi ilə bağlıdır. İctimai iş yerlərinin açılmasına dövlət tərəfindən diqqət ayrılır, ölkə prezidenti tərəfindən bu sahədə fədakar işlər görülür. Amma alt qatlarda bu layihənin həyata keçirilməsində problemlər olduğu kimi qalır. Buna görə də özəl sektorun qarşısı maneələrdən təmizlənməlidir. Özəl sektor özü bunu tənzimləyəcək və iş yerlərini açacaq”.

Millət vəkili deyir ki, iş yerlərinin açılması üçün isə müəyyən kredit əlçatanlığı, faizlərin aşağı salınması lazımdır:

“Eləcə də özəl sektorun üzərindən ayrı-ayrı qurumların təzyiqini götürmək lazımdır. Əgər bunlar olarsa, məncə problem həll olunacaq və ictimai iş yerlərinin dövlət büdcəsindən yük olaraq asılmasının da qarşısı alınacaq”.

Fazil Mustafa deyib ki, mövcud durumda isə bunun həyata keçirilməsi icra başçılarına tapşırılır: “İcra başçıları isə düşünür ki, burada kim yoxlayacaq ki. Özünə yaxın adamların vasitəsilə seçim edir. Ona görə də burada istər-istəməz vicdanlılıq meyyarı qabarır. Hamıda da vicdan meyarı əsasında fəaliyyət yoxdur”.


Paylaş:


Müəllif : Tarix:
23-05-2020, 12:23
Sikayət   


loading...
Загрузка...